Məhkəmə qərarları › İş №e-2(075)-221/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-221/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-221/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 10 oktyabr 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 22 aprel 1996-cı il tarixdə Sahil adlı oğlu anadan olmuşdur. Oğlu altı aylığında, yəni 10 oktyabr 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etmişdir. Qeyd edilən hadisədən sonra çətin günlər yaşadığından oğlunun ölümü haqqında şəhadətnamə almamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədləri hazırlayarkən oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Oğlunun ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oğlu X2 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmayacağı müəyyən edilmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, oğlu Sahil anadan gəlmə bağırsaq xəstəliyi ilə doğulmuşdu. Həkimə müraciət etmiş, həkim isə uşağın əməliyyat olunmasını təklif etmişdir. Lakin əməliyyatın nəticəsinə zəmanət verilmədiyi üçün bu fikirdən daşınmışlar. 6 ay sonra oğlu Sahil vəfat etmişdir. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun eltisi olmaqla eyni məhlədə yaşayırlar. İradənın uşağı Sahil doğularkən o da xəstəxanada, İradənin yanında olmuşdur. Uşaq bağırsaq xəstəliyi ilə doğulmuşdu. Lakin 6 ay sonra, yəni 10 oktyabr 1996-cı il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həmkəndli olmaqla qonşudurlar. 1996-cı ilin payız aylarında qonşunun oğlunun vəfat etdiyini eşitmiş, yas mərasimində iştirak etmişdir. X6 evlərinin yanındakı qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin əri Sahibin dayısının qızıdır. Sahil anadan olandan xəstə idi. Anadan olandan 6 ay sonra elə həmin xəstəlikdən vəfat etmişdir. O da yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X6 22 aprel 1996-cı il tarixdə anadan olmuşdur. Onun atası X7, anası isə Ərizəçidır. İş materiallarına əlavə edilmiş 27 mart 2022-ci il tarixli arayışın surətindən görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 1433/2 nömrəli məktubun surətindən görünür ki, 1996-cı ilə aid sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Ona görə də, X2 ölümü haqqında sənədin verilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Baş Göynük kənd Tibb Məntəqəsi tərəfindən tərtib edilmiş ambulator xəstənin tibbi vərəqəsinin surətindən görünür ki, X6 10 oktyabr 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli 1677 nömrəli arayışın surətindən görünür ki, ailəsinin və qonşularının məlumatlarına əsasən Baş Göynük kənd sakini olmuş X6 1996-cı ildə anadan olmuş və 10 oktyabr 1996cı il tarixdə vəfat etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 22 aprel 1996-cı il tarixdə Sahil adlı oğlu anadan olmuşdur. Oğlu altı aylığında olarkən, yəni 10 oktyabr 1996cı il tarixdə xəstəlik səbəbindən vəfat etmişdir. Həmin vaxt X2 ölümü barədə şəhadətnamə alınmamışdır. Hazırda Ərizəçi, oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığına görə əmlakla bağlı müəyyən hərəkətləri edə bilmir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oğlu X2 ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı bildirilmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu, X2 10 oktyabr 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu X2 10 oktyabr 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar