Məhkəmə qərarları › İş №e-2(075)-2397/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2397/2023

19.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2397/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı Ərizəçi Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göründüyü kimi iddiaçı Ərizəçi məhkəməyə elektron formada ünvanladığı iddia ərizəsini ümumiyyətlə əsaslandırmamış, tələbini isə qeyri dəqiq irəli sürmüşdür. Belə ki, iddiaçı Ərizəçi iddia tələbində təsdiq edilməsini xahiş etdiyi barışıq sazişinin hansı bəndlərinin təsdiq edilməsini qeyd etməmişdir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizəsinin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi iddiaçı Ərizəçi qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə qaytarılır. Ona görə də iddiaçı Ərizəçi iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Ərizəçi Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar