Məhkəmə qərarları › İş №e-2(075)-2435/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2435/2025

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2435/2025 13.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X16 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 10 oktyabr 1994cü il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Yunusova Hicran Hidayət qızı ilə 14 iyul 1993-cü il tarixdə Şəki şəhər VVAQ şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 06 aprel 1994-cü il tarixdə X10 adlı oğulları anadan olmuşdur. Oğlu 6 aylıq olanda yəni 10 oktyabr 1994-cü il tarixdə xəstəlik nəticəsində vəfat etmiş və Şəki şəhərində yerləşən qəbirsanlıqda dəfn edilmişdir. Oğlu uşaq vaxtı rəhmətə getdiyindən onun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Hazırda ona məxsus fərdi yaşayış evini satmaq istəyir. Lakin alqı-satqı zamanı müəyyən edilmişdir ki, mərhum oğlu X10 həmin evdə pasport qeydiyyatındadır. Mərhum oğlu X3 ölüm faktı qeydə alınmadığından evi sata bilmir. O, oğlu X3 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçi X10 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X7 iş üzrə qanuni qətnamə qətnamə çıxarılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsinin 12 sentyabr 2025-ci il tarixli, 3-16-5/8-15-Y- 3327/2025 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Şəki rayon qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqda akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabı 1994-1997-ci illər üzrə, bərpa akt qeydi kitabları isə xx.xx.1995-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. - 14 iyun 1993-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Mahmudova Hicran Hidayət qızı arasında 14 iyun 1993-cü il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 332 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Yunusova” soyadı verilmişdir. - Şəki Rayon Mərkəzi X6 Şəxsinin 23 sentaybr 2025-ci il tarixli, 18-1-71/2-Y-534-42- 365/2025 saylı məktubundan görünür ki, 1994-cü illərə aid ölüm qeydiyyatı sənədləri elmi tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Bu səbəbli X3 vəfat etməsinə dair hər hansı bir sənəd mövcud olmadığından X5 adına ölüm haqda tibbi şəhadətnamənin tərəfləridən verilməsi mümkün deyildir. - xx.xx.2024-cü il tarixli, **********77-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Şəki şəhəri, X18 küçəsi, ev 19 (yeni qaydalarla: AZ 5505, Şəki şəhəri, X18 küçəsi, ev 15) ünvanında yerləşən 0.053 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X1 adına olan fərdi yaşayış evi X1 tam paylı mülkiyyətindədir. - xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 101 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, Ərizəçi atasının xalası nəvəsidir. Ərizəçinin iki uşağı olub. İlqar adlı uşağı doğulduqdan 6 ay sonra 1994-cü il tarixdə vəfat etmişdir. Dodu qəbiristanlığında dəfn olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Qonşusunun iki uşağı olub və X10 1994-cü il tarixdə vəfat edib. Dodu qəbiristanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X10 Ərizəçi oğlu olmuşdur. O, 06 aprel 1994-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X10 10 oktyabr 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, hazırda ona məxsus olan fərdi yaşayış evini satmaq istəyir, ancaq mərhum oğlu X3 ölüm akt qeydi mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 06 aprel 1994cü il tarixdə anadan olmuş X3 10 oktyabr 1994-cu il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 aprel 1994-cü il tarixdə anadan olmuş X3 10 oktyabr 1994-cu il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar