Məhkəmə qərarları › İş №e-2(075)-253/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-253/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-253/2025 10.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların əvəzinə ödədiyi 3349,72 manatın və iddia tələbi ilə bağlı ödədiyi 55 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində işləyir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun tanışlarıdır. Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinin təminatı olaraq BOKT "xxxx" MMC ilə həm onun, həm də Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını aralarında imzalanmış kredit ödəniş cədvəlinə əsasən ödəməli idi. Lakin Cavabdeh1 qeyd edilən müqavilə üzrə öhdəliklərə vaxtında və lazımi qaydada əməl etməmişdir. Nəticədə BOKT "xxxx" MMC bizə qarşı borc tələbinə dair məhkəməyə müraciət etmiş və iş üzrə çıxarılmış məhkəmə qərarının icrası nəticəsində onun əmək haqqından 3031,10 manat (1783 ABŞ dolları) borc tutularaq BOKT "xxxx" MMC-yə ödənilmiş, həmçinin, 317,22 manat (317,22 ABŞ dolları) və 1,4 manat məbləğində icra ödənişi tutulmuşdur. Beləliklə onun əmək haqqından ümumilikdə 3349,72 manat tutularaq cavabdehlərin bank kreditləri üçün ödənilmişdir. Halbuki, həmin məbləği cavabdehlər özləri ödəməli idilər. Bu günədək həmin pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh1 və Cavabdeh2 müraciət etsə də, Cavabdeh1 və Cavabdeh2 onun pulunu qaytarmamışlar. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, qanuna müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7225/2018 nömrəli, 12 iyul 2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, xx.xx.1974-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, xx.xx.1953-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan Cavabdeh2 və xx.xx.1962-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan İddiaçı "xxxx" MMCnin xeyrinə 1883,19 ABŞ dolları, əsas kreditə hesablanmış faiz borcu isə 311,78 ABŞ dolları, 470,80 ABŞ dolları cərimə, cəmi 2665,77 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. - Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Şəki rayon Baş Göynük kənd 1 nömrəli orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 3017/15 nömrəli qərarına əsasən İddiaçı əmək haqqından 1783 ABŞ dolları borc və 186,60 ABŞ dolları icra borcu tutularaq müvafiq hesablara göndərilmişdir. - Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 1203 saylı arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7225/2018 nömrəli, 12 iyul 2018-ci il tarixli icra sənədinə əsasən olan Cavabdeh1, Cavabdeh2 və İddiaçı 2665,77 ABŞ dolları borc və 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli 3017/15 nömrəli qərarına əsasən İddiaçı əmək haqqından 1783 ABŞ dolları (3031.10 manat-1.7məzənnə) borc, 186,60 ABŞ dolları (317.22 manat-1.7 məzənnə) və 1,4 manat icra ödənişi borclu İddiaçı əmək haqqına yönəldilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 54 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında müəyyən edilir ki, Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinin təminatı olaraq BOKT "xxxx" MMC ilə həm İddiaçı, həm də Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı məhkəmə əmri ilə müəyyən edilən məbləği və icra xərcini tam olaraq ödəmişdir. Hazırda iddiaçının tələbi həmin məbləğin reqses qaydasında əsas borcludan və digər zamindən, yəni Cavabdeh1 və Cavabdeh2 tutulması barədədir. Göründüyü kimi İddiaçı Cavabdeh1 BOKT "xxxx" MMC qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ona zamin durmuş və cavabdehlərlə birgə məsuliyyət daşımışdır. Cavabdeh1 bank qarşısındakı öhdəliyini lazımınca yerinə yetirməmiş və bununla bağlı onun banka 3031,10 manat (1783 ABŞ dolları) borc, həmçinin, 317,22 manat (317,22 ABŞ dolları) və 1,4 manat məbləğində icra ödənişi qalmışdır. Cavabdeh1 bank qarşısındakı öhdəlikləri və həmin öhdəliklərdən doğan icra xərcləri iddiaçının əmək haqqı hesabına ödənilmişdir. İş materialları ilə sübut olundu ki, iddiaçı-zamin tərəfindən 317,22 manat (317,22 ABŞ dolları) və 1,4 manat məbləğində icra ödənişinin ödənilməsinə səbəb Cavabdeh1 bank qarşısında öhdəliyinin lazımınca yerinə yetirməməsi olmuşdur. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İddiaçı kreditor BOKT "xxxx" MMC-yə olan borcu tam şəkildə ödədiyindən keditorun hüquqları da ona keçir. Belə olan halda məhkəmə iddia tələbini qanuni və əsaslı hesab edir. Buna görə də məhkəmə 3349,72 manat pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasını ədalətli və qanuni hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 55 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3349,72 (üç min üç yüz qırx doqquz manat yetmiş iki qəpik) manat və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar