Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2646/2025 15.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) məbləğində pulun, əldən çıxış fayda olaraq 180 (bir yüz səksən) manat və ödədiyi dövlət rüsumu 30 (otuz) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ondan mütəmadi olaraq pomidor məhsulunu nisyə olaraq alırdı və hər dəfə pulunun bir hissəsini verirdi digər hissəsini isə borclu qalırdı. Cavabdehin ona son olaraq 800 manat borcu qalmışdır. Ondan dəfələrlə pulunu istəsə də hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır.O, cavabdehin qanunsuz hərəkəti ilə əlaqədar Saatlı rayon Polis Şöbəsinə rəsmi olaraq müraciət etdim. Lakin Saatlı Rayon Polis Şöbəsində ona məhkəməyə müraciət etməli olduği izah edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmlərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. İmkan yarandıqda borcunu hissə-hissə ödəyəcəkdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Saatlı RPŞ-nin TSR-si polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ptorokoldan görünür ki, Cavabdeh mobil telefonuna zəngetmiş və ona X1 800 manat borcu olduğunu bildirmişdir. Cavabdeh isə xəstəxanada olduğunu və çıxan kimi həmin 800 manat pulu kart vasitəsilə Elvinə ödəyəcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi; Məhkəmə mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə pomidor məhsulu nisyə qaydada satılmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı məhsulun dəyəri olan 800 manatı ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin məhkəmə iclasında verdiyi izahatı 800 manat dəyərində pomidor məhsulunun iddiaçı tərəfindən cavabdehə verilməsini, əvəzində cavabdehin həmin pulu qaytaracağına dair öhdəliyi üzərinə götürməsini təsdiq edir. Həmçinin iş üzrə sübut kimi təqdim olunmuş Saatlı RPŞ-nin TSR-si polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli ptorokolda da qeyd edilmişdir ki, polis orqanı tərəfindən cavabdehlə əlaqə saxlanılmış, cavabdeh borcunu etiraf edərək onu qaytaracağını bildirmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında 800 manat məbləğində borcunun olması iş üzrə təqdim edilmiş sübutlarla, tərəflərin izahatları və cavabdehin borcu etiraf etməsi ilə təsdiqini tapmışdır. Belə olan halda cavabdeh nisyə olaraq aldığı məhsulun dəyərini iddiaçıya qaytarmalıdır. Bundan başqa İddiaçı əldən çıxış fayda olaraq 180 (bir yüz səksən) manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, tələblə bağlı etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. İddiaçı əldən çıxış fayda olaraq 180 (bir yüz səksən) manat pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin həmin hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, qeyd edilən hallar digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin “əldən çıxış fayda olaraq 180 (bir yüz səksən) manat pulun cavabdehden tutularaq ona verilməsi” hissəsinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2646/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2646/2025
15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver