Məhkəmə qərarları › İş №e-2(075)-2809/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2809/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2809/2025 03.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş mərhum oğlu X2 1994-cü il may ayında dünyasını dəyişməsi barədə hüquqi faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, oğlu X6 xx.xx.1993-cü il il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş 1994-cü ilin may ayında dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən ölüm kağızının alınması barədə müvafiq orqanlara müracət etməmişlər. Artıq müəyyən müddət keçdikdən sonra mərhum oğlu X2 ölüm kağızına zərurət yaranmışdır. Onlar isə bu günədək mərhumun adına ölüm kağızı almamışlar. Bununla bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə rəsmi müraciət etsələr də, mərhum oğlu X2 adına ölüm şəhadətnaməsinin (forma 106) verilməsinin mümkünsüzlüyünün səbəbi kimi xəstəxanaya hər-hansı müraciət olunmamış və qeyd aparılmaması barədə rəsmi cavab verilmişdir. X2 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki Rayon Qeydiyyat Şöbəsinə də müraciət etmişlər. Lakin, X2 ölümü barədə axtarış aparılsa da, hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də mərhum oğlu X2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və əvvəlki məhkəmə iclaslarında verdikləri izahatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsinin 18 noyabr 2025-ci il tarixli, 3-16-5/8-15-B- 2666/2025 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Şəki rayon qeydiyyat şöbəsinin arxivində X2 ölümü haqda akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Şəki Rayon Mərkəzi X5 Şəxsinin 20 noyabr 2025-ci il tarixli, 18-1-71/2-B-642-42- 462/2025 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş (halhazırda rəhmətə gedən şəxs) X6 1994-cü ilin may ayında rəhmətə getməsi barədə “Şəki RMX” publik hüquqi şəxsdə hər-hansı məlumat mövcud deyildir. Odur ki, Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş (hal-hazırda rəhmətə gedən şəxs) X2 adına tibbi şəhadətnamə (forma 106) verilməsi mümkün deyildir. - xx.xx.1993-cü il tarixli, XVİİ-ЖГ432779 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 atası X3, anası isə Ərizəçidır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, Ərizəçi qohumudur. Ərizəçinin Xanlar, Anar, Natiq, Aqil adlı 4 uşağı olub. Xanlar vəfat edib və onu Köndələn kəndində qəbristanlıqda dəfn ediblər. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, Ərizəçi Xanlar, Aqil, Anar, Natiq adlı 4 uşağı vardır. Xanlar adlı övladı 1993-cü il tarixdə anadan olmuş, 1994-cü il tarixdə isə vəfat etmişdir. Onu Köndələn qəbristanlığında dəfn etmişdirlər. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X6 Ərizəçi oğlu olmuşdur. O, 05 oktyabr 1993-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X6 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, hazırda əmlakla bağlı sənələşmə işlərinin aparılması üçün oğlu X2 ölüm faktını müəyyən etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 05 oktyabr 1993-cü il tarixdə anadan olmuş X2 1994-cü ilin may ayında ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 oktyabr 1993-cü il tarixdə anadan olmuş X2 1994-cu il ilin may ayında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar