Məhkəmə qərarları › İş №e-2(075)-2896/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2896/2021

17.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2896/2021 17.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “mülkiyyətdə olan əmlakın boşaldılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin İddiaçı ASC-nin mulkiyyətində olan Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən daşınmaz əmlakdan çıxarılması, həmin əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi, 72000 (yetmiş iki min) manat real zərərin, 7200 (yeddi min iki yıiz) manat əldən çıxmış faydanın, 50000 (əlli min) işguzar nüfuza vurulmuş zərərin, cəmi 129200 (yüz iyirmi doqquz min iki yuz) manat məbləğin Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan göründüyü kimi İddiaçı ASC (VÖEN **********) və Cavabdeh2 MMC (VÖEN **********) hüquqi şəxslərdir. Göründüyü kimi iddiaçı və cavabdehlərdən biri hüquqi şəxs olmaqla, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan İddiaçı ASC müvafiq kommersiya məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də İddiaçı ASC-nin hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Eyni zamanda hazırkı ərizənin icraata qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən 15 dekabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hesabına ödənilmiş 420 manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “mülkiyyətdə olan əmlakın boşaldılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı ASC tərəfindən Şəki Rayon Məhkəməsinin hesabına ödənilmiş 420 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar