Məhkəmə qərarları › İş №e-2(075)-294/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-294/2025

14.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-294/2025 14.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlak olan Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı iaşə obyektinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişi zamanı X8, Şəki rayon İstehlak Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddia onunla əsaslandırlır ki, o, X9 xx.xx.2003-cü il tarixli 127 saylı qərarına əsasən Şəki Rayon İctimai X7 balansında olan Şəki rayonu, Aşağı Küngüt postunda yerləşən 34 saylı yeməkxana 700.000 manat məbləğində ona satılmış, Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan ona çıxarış təqdim olunmuş, eləcə də, bununla bağlı 554985 nömrəli, xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Bununla əmlaka hüquq əldə etmişdir. Bir müddət sonra həmin obyektdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş X8 adlı şəxs məskunlaşmış və ona həmin yeməkxana otaqlarından sinif otağı kimi istifadə edəcəyi və istənilən vaxt heç bir mübahisə yaratmadan təhvil verəcəyini bildirmişdir. İddiaçı da onun mvəqqəti istifadəsi ilə razılaşmışdır. O, ara-sıra obyektə baş çəkmiş, bu yaxınlarda təmirbərpa işlərini aparmağı planlamışdır. Lakin bu ilin noyabr ayında ona məlum olmuşdur ki, naməlum şəxs tərəfindən orada yüngül kosmetik işlər başlanmışdır. Qanunsuz hərəkətin qarşısının alınması üçün iddiaçı 102-yə zəng edərək şikayət etmişdir. Məlum olmuşdur ki, Şəki rayonu, Baş Küngüt kənd sakini Cavabdeh oranı təmir edən şəxsdir. O da həmin obyekti qeyri-rəsmi olaraq başqa şəxsdən almışdır. Əmlak qanunsuz sahiblikdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz ərizəsini təqdim edərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının təqdim etdiyi sənədlər etibarsızdır. Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolundan ona çıxarışdan göründüyü kimi, xx.xx.2003-cü il tarixdə 17 nəfərdən ibarət yığıncaq üzvlərin iştirakı ilə keçirilmişdir. İclasda X9 xx.xx.2003-cü il tarixli 127 saylı qərarına əsaslanaraq yeməkxana binası iddiaçıya satılmışdır. Yəni iclas keçirildiyi vaxt X12 hələ qərar verməmişdir. Belə bir qərar olmadan Şəki rayon Kooperativ Cəmiyyətinin əmlakı satmaq səlahiyyəti olmamışdır. İddiaçı ümumiyyətlə 127 saylı qərarı təqdim edə bilməmişdir. İddiaçının iddia etdiyi yeməkxana binası Şəki rayonu Aşağı Küngüt kənd postunda yerləşir. Cavabdehlər tərəfindən təmir edilməsi nəzərdə tutulan obyekt isə Şəki rayonu Baş Küngüt kənd postunda yerləşir. İşdə olan sənədlər inanılsa, həmin obyektlərin nömrəsi eyni olsa da, faktiki tam fərqli yerlərdə yerləşən obyektlərdir. Odur ki, iddia tələbi əsassızdır. Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2005-ci il tarixli iclas protokolu ilə Şəki rayonu Baş Küngüt kənd postunda yerləşən 34 saylı yeməkxana binası 3 milyon manata X1. Hazırda dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədləşmə işləri yekunlaşmaq üzrədir. Məhkəmə iclasında Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi Vəkil2 əlavə etdi ki, sözügedən əmlak Allahyar Musayev tərəfindən öz aralarındakı razılığa əsasən Cavabdeh satılmış, hazırda onun istifadəsindədir. O, həmin obyekti təmir-tikinti işləri aparmaq istəyərkən iddiaçı belə bir iddia irəli sürmüşlər. Halbuki, 2005-ci ildən Mallahyar Musayevin istifadəsində olmuşdur. Hazırda da son sənədləşmə işləri aparılır. Sonda məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin etiraz ərizəsi ilə bağlı izahat verərək bildirdi ki, Şəki Rayon Kooperativlər Cəmiyyətinin ali idarəetmə orqanı ümumi yığıncaqdır. Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolunda mübahisəli obyekt yarasız vəziyyətə düşdüyündən satışa çıxarılmış iddiaçıya satılmışdır. 34 saylı iaşə müəsisəsi X15 Birliyinin balansında qeyd olunan nömrə altında yeganə obyektdir. Ərazi inzibati baxımdan Şəki rayonunda Baş küngüt və Aşağı Küngüt kəndləri mövcuddur. Aşağı Küngüt postu adlı yaşayış məntəqəsi isə mövcud olmamaqla şərti bir addır. İddiaçıya 2003-cü ildə verilmiş çıxarışda, cavabdehin adına 2005-ci ildə verilmiş qərarda inzibati bölgü əssında mövcud olan kənd adları texniki səhv ucbatından ilk verilmiş çıxarışda Aşağı Küngüt postu kimi, cavabdehə verilmiş çıxarışda Küngüt postu kimi qeyd edilmişdir. Bu adlar qeyri-dəqiq göstərilsə də, mübahisə edilən iaşə müəsisəsinin yeganə 34 saylı müəssisə olduğu işin mübahisəsiz halıdır. Digər tərəfdən cavabdeh əmlakın satılmasını yalnız Azərittifaq İH-nin səlahiyyətində olmasını, iddiaçının bu qərarı təqdim etməməsini bildirsə də, cavabdehin adına xx.xx.2005-ci il tarixli protokoldan çıxarışda əmlakın cavabdehə Azərittifaq İH tərəfindən satıldığı müəyyən olunmur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Şəki rayon İstehlak Cəmiyyəti heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci, 185.6-cı maddəsinə əsaslanaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışdan aydın olur ki, Şəki rayon X11 Birliyinin balansında olan rayonun Aşağı Küngüt postu ərazisində yerləşən 34 saylı yeməkxana Azərittifaq İH-nin xx.xx.2003-cü il tarixli 127 saylı qərarına əsasənİddiaçı Tofik oğluna 700.000 manata satılmışdır. - Şəki rayon İstehlak Cəmiyyəti (VÖEN: 3********) tərəfindən verilmiş 554985 nömrəli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə çayxana 34-ün satışı ilə bağlı 700.000 manat alınmışdır. - xx.xx.2005-ci il tarixli aktdan məlum olur ki, Şəki İİMB-nin direktoru Rəhimə İsmayılova, mühasibi Səfər Məmmədov, Kəlbəcər rayonu məcburi köçkün Allahyar Musayev təsdiq etmişlər ki, birliyin balansında 1986-cı ildə istifadəyə verilmiş balans dəyəri 30894300 manat, hazırda qalıq dəyəri olmayan, 34 saylı yeməkxana 3.000.000 manata Allahyar Musayevə satılmış, vəsait idarənin kassasına tam daxil olduğu üçün 34 saylı yeməkxana Allahyar Musayevə təhvil verilmişdir. - Şəki rayon X11 Birliyi - tərəfindən verilmiş 316 nömrəli kassa mədaxil orderi qəbzinin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə 34 saylı yeməkxananın satışı ilə bağlı 3.000.000 manat alınmışdır. - Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2005-ci il tarixli 01 saylı iclas protokolundan çıxarışdan aydın olur ki, Şəki rayon X11 Birliyinin balansında olan rayonun Küngüt postu ərazisində yerləşən 34 saylı yeməkxana pavlionda məskunlaşmış Kəlbəcər rayonu məcburi köçkün X5 3 milyon manata satılmışdır. - X9 xx.xx.2023-cü il tarixli 17 saylı qərarından aydın olur ki, Şəki Rayon Kooperativlər Cəmiyyətinin idarə heyəti xx.xx.2023-cü il tarixli 03 saylı məktubla müraciət edərək cəmiyyətin xx.xx.2005-ci il tarixli (protokol №1) qərarı ilə Künqüt kəndində yerləşən ümumi sahəsi 300 kv.m, yardımçı sahəsi 150 kv.m olan yeməkxana binasının payçı X2 dair qərar və təhvil-təslim aktı qüvvədə saxlanılmış, əvvəlki ödədiyi məbləğ nəzərə alınaraq əlavə olaraq 1000 manat ödənilməsi, Şəki RKC İH-nin sədri N.Xəlilov tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının təmin edilməsi, satışdan daxil olan vəsaitin Azərittifaqın İH-nin hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdə qeyd olunur ki, Şəki RKC əmlak satışına görə 1000 manat ödəmişdir. Tətbiq edilən hüquq: Belə ki, xx.xx.2003-cü il tarixdə Mülki Məcəlləyə edilmiş dəyişikliklərə qədər qüvvədə olan “Kooperasiya haqqında” Qanunun: 18.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin ali idarəetmə orqanıdır və onun fəaliyyətinə aid bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları bu Qanun və kooperativin nizamnaməsi ilə müəyyən edilir. 18.2-ci maddəsinin 6-cı bəndinə əsasən baxılması və haqqında qərar qəbul olunması kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir: 6) əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdimüəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 160-cı maddəsinə əsasən əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 164.2-ci maddəsinə əsasən Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 596.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 iyun tarixli 02/2022 saylı qərardadında göstərilmişdir ki, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisənin predmeti olan qeyri yaşayış sahəsi Kooperativ Cəmiyyətdən əldə edilmişdir. Üçüncü şəxs X17 Rayon Kooperativlər Cəmiyyətindən fərdi-müəyyən əşya “34 saylı” qeyri-yaşayış sahəsi satın almışdır. İddiaçı da sənəd təqdim edir ki, həmin Cəmiyyətin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli 01 saylı iclas protokoluna əsasən Şəki rayon X11 Birliyinin balansında olan rayonun Aşağı Küngüt postu ərazisində yerləşən 34 saylı yeməkxana Azərittifaq İH-nin xx.xx.2003-cü il tarixli 127 saylı qərarına əsasənİddiaçı Tofik oğluna 700.000 manata satın almışdır. Həmçinin, Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2005-ci il tarixli 01 saylı iclas protokoluna əsasən Üçüncü şəxs Kəlbəcər rayonu məcburi köçkün X14 postu ərazisində yerləşən 34 saylı yeməkxananı 3.000.000 manata almış, qeyri-yaşayış sahəsi Allahyar Musayevə təhvil verilmişdir. Bundan başqa “34 saylı” yeməkxananın yerləşdiyi yer sənədlərin birində Aşağı Küngüt, digərində isə Küngüt ərazisi qeyd olunur. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında bu fərqliliyin texniki səhv əsasında olduğunu bildirsə də, buna dair hər hansısa sübut təqdim edə bilməmişdir. Halbuki, Aşağı Küngüt kənd ərazisi - Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir. Baş Küngüt kəndi ərazisi isə kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənubşərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. (https://az.wikipedia.org) Məhkəmə hesab edir ki, iddiaçının mülki hüququnun əmələ gəlməsinə əsas hesab etdiyi Şəki Rayon Kooperativlər Cəmiyyətinin Müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli 01 saylı iclas protokolu əsasında qəbul edilmiş qərar etibarsızdır. Mövcud halda məlum olan odur ki, iddiaçının istinad etdiyi xx.xx.2003-cü il tarixli 01 saylı iclas protokol həmin tarixdən təxminən 5 aydan çox vaxt sonra – xx.xx.2003-cü il tarixdə qəbul edilmiş qərara əsaslanır. Bu isə mümükün olan hal deyildir. Həm özündən 5 sonra qəbul ediləcək hansısa qərara əsaslnadığından, həm də Şəki Rayon Kooperativ Cəmiyyətin eyni adlı əmlakının fərqli ərazilərdə yerləşməsi mümkün olmadığndan əqdin məzmunu mümkünsüzdür. Həmçinin, X9 xx.xx.2023-cü il tarixli 17 saylı qərarı ilə təsdiq edilmişdir ki, Şəki Rayon Kooperativlər Cəmiyyətinin xx.xx.2005-ci il tarixli (protokol №1) qərarı ilə Künqüt kəndində yerləşən ümumi sahəsi 300 kv.m, yardımçı sahəsi 150 kv.m olan yeməkxana binasının payçı X2 dair qərar və təhvil-təslim aktı qüvvədədir, onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına razılıq vardır. Hazırkı hüquq sahibi X3 barəsində əvvəlki qərarı bəyənmişdir. X8 barəsində verilmiş əmlakın ona satılmasına dair qərar etibarlılıq şərtlərinə cavab verir. Məhkəmə hesab edir ki, X5 verildiyindən, yəni əmlakın verilməsi barədə öhdəlik daha əvvəl yarandığından Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə İddiaçı hazırki tələbi təmin oluna bilməzdi. Faktiki olaraq, əmlak Allahyar Musayevə təhvil verilmiş, sonuncu öz iradəsi ilə Cavabdeh istifadəsinə vermiş, onun sahibliyindədir. Yəni sözügedən əmlak faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməmiş, ona təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçı geri qaytarılmasını tələb etdiyi əmlakın cavabdehin qanunsuz istifadəsində olmasını sübut edə bilməmişdir. Şərh edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı “əmlakın sahiblikdən geri qaytarılması”na dair iddia tələbi sübut olunmadığından təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın sahiblikdən geri qaytarılması”na dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar