Məhkəmə qərarları › İş №e-2(075)-33/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-33/2023

11.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-33/2023 11.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evi onun və Cavabdeh paylı mülkiyyətindədir. Həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin rəsmi sənəddə onun payına düşən hissə müəyyən olunmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, özü cavabdehlə paylı mülkiyətlərində olan mübahisə predmeti olan fərdi yaşayış evində yaşayır. Ekspert yerində baxış keçirərkən, evin 2 qapısının olmasını ona göstərmişdir. Həmçinin qeydiyyatda olmayan tikilidə mətbəxt və sanitar qovşağ vardır. Cavabdeh tərəfindən heç bir icazə olmdan qanunsuz olaraq əlavə tikililər tikilməkdədir. Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən cavabdehlə paylı mülkiyyətdə olan fərdi yaşayış evi faktiki olaraq bölünməmişdir. Ekspertin rəyi ilə razı deyil. Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qanuni və ədalətli qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(075)-1341/2022 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 10/4737 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiq olunan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, torpaq sahəsində əlavə tikililərin inşa olunmasına görə ümumi sahəsi 133.20 kv.metr olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyil. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək həmin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının 5/6 hissə payının naturada ayrılması mümkün deyil. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X4 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilən 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar