Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-424/2025 29.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Auto City” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh «Auto City” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş maddi ziyana görə 3050 (üç min əlli) manat məbləğində, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində, ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 5250 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş beş) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 yanvar 2024-cü il tarixində Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin distans alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o öz üzərinə həmin müqavilənin 1.3-cü bəndində göstərilən xidmətlərə görə alıcı 340 manat (vergilər daxil) məbləğində xidmət haqqını cavabdeyə ödəməyi öhdəsinə götürmüş, cavabdeh isə müqavilədə nəzərdə tutulan şərtlərlə avtomobili onun adına almağı və 3 ay müddətində təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin avtomobil çatdırılma zamanı yolda qəza baş vermiş, həmin qəza nəticəsində avtomobildə kifayət qədər ciddi qüsurlar yaranmışdır. Müqavilədən də göründüyü kimi Bakıda yoxlanış nəticəsində maşının vuruğu və ya zədəyə görə rəng və ya hansısa detalının dəyişdirilməsi və ya yenilməsi müəyyən edilərsə, maşının texniki vəziyyətində və ya çalışmasında hansısa nasazlıq müəyyən edilərsə bütün məsuliyyəti Cavabdeh şirkəti öz üzərinə götürür. Ona məxsus avto nəqliyyat qəzasına uğramış **-RQ- *** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Avtomobilə zərbə ön və arxa hissədən dəymişdir. 04 oktyabr 2024-cü il tarixində ekspertiza keçirilmiş, ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, damın duqası (iki ədəd) 500 manat, damın duqasının kanti (iki ədəd) hər biri 200 manat olmaqla cəmi 400 manat məbləğində, damın tenti (1 ədəd) 490 manat, ön alın şüşəsi (1 ədəd) 350 manat, germetika (2 ədəd) 40 manat, damın yarı şüşəsi (1 ədəd) 370 manat olmaqla ehtiyat hissələrinin dəyəri cəmi 2150 manat məbləğində təşkil edir. Eyni zamanda həmin rəyə əsasən işçiliyin cəmi məbləğinin 900 manat məbləğində olması müəyyən edilmişir. Avtomobil nəqliyyat qəzasına uğradıqdan sonra təmir üçün cavabdehdə qalmışdır. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. O, dəfələrlə əlaqə saxlayaraq cavabdehdən avtomobilin təmir olunub ona təhvil verilməsini xahiş etsə də, Cavabdeh MMC-nin əməkdaşları müxtəlif bəhanələr gətirirdilər. Sonradan məlum oldu ki, cavabdeh şirkət öz fəaliyyətini dayandırıb, ondan əlavə baqşa şəxslərə də zərər vurmuş, bir çox insanı aldatmışdır. Cavabdeh tərəfindən avtomobilin ön şüşəsi düzəldilmişdir. Lakin ona məlum olmuşdur ki, həmin şüşə keyfiyyətsizdir. Eyni zamanda cavabdeh damın açılan şüşəsini (luk) və yarımşüşəni kustar üsulla hazırlayıb. Cavabdeh tərəfindən xeyli miqdarda həm maddi, həm də mənəvi ziyan dəymişdir. O özü şəhid ailəsidir, qardaşı şəhid olmuşdur. Himayəsində yaşlı valideynləri var. Tovuz rayonunda yaşayır. Hər həftə məcbur qalaraq, telefonları cavabsız qaldığı üçün, eyni zamanda təmirlərdən yayındıqları üçün Bakı şəhərinə gəlməli olurdu, hər dəfəsində kifayət qədər yollara xərc çəkmişdir. O şirkətin Bakı şəhərində yerləşən ünvanlarına hər dəfə gələndə ona yalançı vədlər verilmiş, lakin öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Onun maddi vəziyyəti ağırdır. Avtomobilin bu vəziyyətdə olması, cavabdehin onu aldatması, təmirdən yayınması onun mütəmadi olaraq mənəvi sarsıntı və iztirab keçirtməyinə səbəb olmuşdur. Nəticədə cavabdeh tərəfindən həm maddi, həm də mənəvi ziyan dəymişdir. Odur ki, nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, «AUTO CİTY” MMC ilə arasında olan alqı-satqı müqaviləsinə əsasən xaricdən avtomobil gətirməsini cavabdeh öz öhdəsinə götürmüş, o, isə müqavilədə təyin olunmuş məbləğdə pulu cavabdehə ödəmişdir. Lakin avtomobil Koreya Respublikasından Azərbaycana gətirilməsi üçün Gəmiyə yükləndikdən sonra yolda aldığı avtomobilin üst hissəsində yerləşdirilmiş digər avtomobil sürünçərək aldığı avtomobilin üzərinə düşmüşdür. Nəticədə ona maddi ziyan dəymişdir. Dəymiş ziyan üzrə avtomobilin təmiri üçün Auto City” MMC-dən pulu tələb etsə də ona heç bir ödəniş edilməmişdir. Buna baxmayaraq avtomobili özü təmir etdirmişdir. Odur ki, ona dıəymiş maddi və mənəvi ziyanın Auto City” MMC-dən alınması üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «AUTO CİTY” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına gəlməsini təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, alıcı İddiaçı KİA Sorento markalı avtomobilin alışı üçün 15400 ABŞ dolları və 340 manat (vergilər daxil) məbləğində xidmət haqqını cavabdeyə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 191215 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, **-RQ-*** qeydiyyat nişanlı Kia Sorento markalı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi 200 manat olmuşdur. xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, damın duqası (iki ədəd) 500 manat, damın duqasının kanti (iki ədəd) hər biri 200 manat olmaqla cəmi 400 manat məbləğində, damın tenti (1 ədəd) 490 manat, ön alın şüşəsi (1 ədəd) 350 manat, germetika (2 ədəd) 40 manat, damın yarı şüşəsi (1 ədəd) 370 manat olmaqla ehtiyat hissələrinin dəyəri cəmi 2150 manat məbləğində təşkil edir. Eyni zamanda həmin rəyə əsasən işçiliyin cəmi məbləğinin 900 manat məbləğində olması müəyyən edilmişir. Yekun məbləğ ümumilikdə 3050 manat təşkil edir. Pretenziya məktubundan görünür ki, İddiaçı AUTO CİTY” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəymiş maddi ziyana görə 3050 (üç min əlli) manat məbləğində, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində, ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 5250 manat məbləğində pulun 3 gün ərzində ödənilməsini tələb etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsaən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, iddiaçının izahatı ilə müəyyən olunur ki, 10 yanvar 2024-cü il tarixində Cavabdeh MMC arasında nəqliyyat vasitəsinin distans alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o, yəni alıcı öz üzərinə həmin müqavilənin 1.3-cü bəndində göstərilən xidmətlərə görə 340 manat (vergilər daxil) məbləğində xidmət haqqını cavabdeyə ödəməyi öhdəsinə götürmüş, cavabdeh isə müqavilədə nəzərdə tutulan şərtlərlə avtomobili onun adına almağı və 3 ay müddətində təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin avtomobil çatdırılma zamanı yolda qəza baş vermiş, həmin qəza nəticəsində avtomobildə kifayət qədər ciddi qüsurlar yaranmışdır. “Kia Sorento” minik markalı avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Avtomobilə zərbə ön və arxa hissədən dəymişdir. 04 oktyabr 2024-cü il tarixində ekspertiza keçirilmiş, ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, damın duqası (iki ədəd) 500 manat, damın duqasının kanti (iki ədəd) hər biri 200 manat olmaqla cəmi 400 manat məbləğində, damın tenti (1 ədəd) 490 manat, ön alın şüşəsi (1 ədəd) 350 manat, germetika (2 ədəd) 40 manat, damın yarı şüşəsi (1 ədəd) 370 manat olmaqla ehtiyat hissələrinin dəyəri cəmi 2150 manat məbləğində təşkil edir. Eyni zamanda həmin rəyə əsasən işçiliyin cəmi məbləğinin 900 manat məbləğində olması müəyyən edilmişir. Avtomobil nəqliyyat qəzasına uğradıqdan sonra təmir üçün cavabdehdə qalmışdır. Avtomobilin bu vəziyyətdə olması, cavabdehin onu aldatması, təmirdən yayınması onun mütəmadi olaraq mənəvi sarsıntı və iztirab keçirtməyinə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş iddiaçının izahatından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsinə əsasən xaricdən avtomobil gətirməsini cavabdeh öz öhdəsinə götürmüş, iddiaçı isə müqavilədə təyin olunmuş məbləğdə pulu cavabdehə ödəmişdir. X1” MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilənin 4.4-cü bəndindən görünür ki alıcı avtomobil üzərində mülkiyyət hüququnu avtomobilin Koreyada onun adına alınmasından sonra əldə edir. Koreyadan alıcıya göndərildikdən sonra avtomobilin nəql olunması zamanı mexaniki zədə alınması riski alıcıya keçir. Avtomobilin təhvil-təslim aktı imzalanmasından sonra vasitəçi bu müqavilə ilə üzərinə düşmüş öhdəliyi icra etmiş olur. İddiaçı izahatında və iddia ərizəsində göstərmişdir ki, nəqliyyat vasitəsinə dəymiş zərər Koreyadan alındıqdan sonra ona göndərilən zaman yolda baş vermişdir. Müqavilənin şərtlərindən də göründüyü kimi Koreyadan alıcıya göndərildikdən sonra avtomobilin nəql olunması zamanı mexaniki zədə alınması riski alıcıya keçir. Bununla da məhkəmə belə qənaətə gəlirki iddiaçı həmin zərərin məbləğini cavabdehdən tələb etməyə haqlı deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona mənəvi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərər dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan mənəvi zərərin nədən ibarət olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Auto Cıty” MMCdən dəymiş maddi ziyana görə 3050 (üç min əlli) manat məbləğində, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində, ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 5250 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh «Auto Cıty” MMC-dən dəymiş maddi ziyana görə 3050 (üç min əlli) manat məbləğində, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində, ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 5250 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-424/2025 xx.xx.2025-ci il Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Auto City” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh «Auto Cıty” MMC-dən dəymiş maddi ziyana görə 3050 (üç min əlli) manat məbləğində, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində, ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 5250 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş beş) manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-424/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-424/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver