Məhkəmə qərarları › İş №e-2(075)-700/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-700/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-700/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayon Cumakənd kənd sakini Cavabdeh ondan almış olduğu 4600 manat borc pulun və Şəki Rayon Məhkəməsinə ödənilmiş 66 manat dövlət rüsumunun alınaraq ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki rayonu Cumakənd kəndində yaşayan iddiaçı Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək cavabdehin 2021-ci ilin may-iyun aylarında ondan hissə-hissə olmaqla, 5400 manat məbləğində pul aldığını, taxıl biçini vaxtı həmin pulu, 5400 manat dəyərində taxıl məhsulunu ona verəcəyinə dair söz verdiyini, o cümlədən cavabdeh ondan aldığı 5400 manat puldan 400 manatını nağd olaraq ona qaytardığı və 400 manat dəyərində ona buğda verdiyini qeyd edərək, hazırda onun 4600 manat pulun cavabdehdə olduğunu bildirmişdir. İddiaçı polisə bu barədə şikayət etmişdir. Həmin müraciət raportu əsasında şöbənin törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1/1431 nömrə ilə qeydə alınmış və icrası müstəntiq Etibar Cabbarova həvalə edilmişdir. Araşdırma zamanı iddiaçı izahatında göstərmişdir ki, Şəki rayonu Cumakənd kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, yaşadığı kənddə təsərrüfatla məşğul olur. Əslən Ağdam rayonundan olsa da, 1995-ci ildən ailəsi ilə birlikdə Cumakənd kəndində məskunlaşmışdır. Cavabdehi uzun müddətdir ki, tanıyır. Belə ki, onu Cumakənd kəndində kənd sakini tanımışdır. Arazla normal münasibətləri yaranmışdır. Arazla aralarında dəfələrlə alqı-satqı olmuşdur. Araz ondan süd məhsulları almışdır. Araz dəfələrlə ondan müxtəlif məbləğlərdə pul alıb, əvəzində bir neçə ay ərzində taxıl və ya bostan məhsulları vermişdir. 2021-ci ilin may ayında Araz onun yanına gəlib ondan 2200 manat pul istəmiş və bir neçə ay sonra həmin pulun əvəzinə ona ya taxıl, ya da təsərrüfatında olan bostan məhsullarını satıb onun pulunu qaytaracağını bildirmişdir. O, buna inanmış və Araza yaşadığı evdə 2200 manat pul vermişdir. Bir neçə gün sonra Araz yenidən onun yanına gəlib 1800 manat pul istəmiş və hamısını bir yerdə qaytaracağını demişdir. O, Araza inanmış və 1800 manat pul istəmiş, hamısını bir yerdə qaytaracağını demişdir. Araz işlərinin yaxşı olduğunu, onun pulunu qaytaracağını bildirmişdir. Təxminən bir ay sonra Araz onunla görüşüb təsərrüfat işlərini görmək üçün pul lazım olduğunu bildirmiş və 1000 manat pul istəmişdir. O, Araza inanıb 1000 manat pulu ona vermişdir. Təxminən 10 gün sonra Araz yenidən onun evinə gəlib ondan 400 manat pul istəmişdir. O, həmin pulu da ona vermişdir. Beləliklə, Araz onu inandırıb 5400 manat pulunu ələ keçirmişdir. Bir neçə ay keçmiş və taxıl məhsullarının biçini başa çatmışdır. Lakin Arazdan heç bir xəbər olmamışdır. O, kənddə Arazla görüşüb ondan pulunu və ya taxıl istəmiş və ona aldığı pulun müqavilində dəqiq olaraq neçə ton alacağını deməsini bildirmişdir. Araz isə ona taxıl məhsullarının zəif olduğunu, ona görə də özünün təsərrüfatında olan bostan məhsullarını satıb onun pulunu qaytaracağını bildirmiş, o isə Araza inanıb bir neçə ay da gözləmişdir. Lakin Arazdan bir xəbər olmamışdır. O, yenidən Arazla görüşüb pulunu istədikdə, Araz ona 400 manat pul və 400 manat dəyərində 1 (bir) ton buğda məhsulu vermişdir. Qalan 4600 manat pulu isə tezliklə qaytaracağını bildirmişdir. Lakin o, indiyədək dəfələrlə Arazdan pulu istəsə də, Araz müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Bununla yanaşı o, öz izahatında bildirmişdir ki, Araz həmin 5400 manat pulu ondan 2021-ci ilin may-iyun aylarında alan zaman özünün əkin işlərinə görə pul lazım olduğunu deyib almışdır. Lakin taxıl biçini vaxtı həmin pulu və ya həmin 5400 manat pulun dəyərində taxıl məhsulunu ona verəcəyinə söz vermişdir. Onun Arazla münasibəti son illərə qədər normal olmuşdur. Aralarında ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ondan aldığı 5400 manat puldan 400 manatını nağd olaraq ona qaytarmış, həmçinin 400 manat dəyərində ona buğda vermişdir. Hazırda onun 4600 manat pulu Cavabdehdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdehin atasının pensiya kartını alsa da, bir müddət sonra qaytarmışdır. Pulun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh ödəmir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından HK-1/431 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surəti İddiaçı göndərilməklə, müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Qərarda Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatında qeyd edilmişdir ki, o, Şəki rayonu Cumakənd kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, yaşadığı kənddə təsərrüfatla məşğul olur, tütün və bostan məhsulları əkir. İddiaçı ərizəsi ilə tanış olduqdan sonra, qeyd etmişdir ki, 2021-ci ilin mart ayında Kamilin yaşadığı evin həyətində işləyən zaman Kamilə maddi imkanının zəif olduğunu demiş və ona borc pul verməsini xahiş etmişdir. Həmin vaxt Kamil ona faizlə sələmə pul verəcəyini bildirmişdir. O, Kamilə 500 manat pul lazım olduğunu demiş, Kamil isə həmin pulu ona verəcəyini, lakin bir neçə aydan sonra həmin pulun üstündə 50 manat faizlə ondan alacağını demişdir. Həmçinin ondan pensiya və ya maaş kartı tələb etmişdir. O, buna razı olmuşdur. İlkin olaraq 500 manat pulu Kamildən almış və atasının pensiya kartını ona vermişdir. O, Kamilə əlavə pul da alacağını demiş, onun aldığı pulların əvəzində atasının pensiya kartından çıxarılmasına razılıq vermişdir. Beləliklə, təxminən 4-5 ay ərzində hissə-hissə olmaqla, o, Kamildən ümumilikdə 3700 manat pul almışdır. Kamil isə hər ay atasının kartından 270 manat pul çıxarmışdır. O, həmin pulu faizlə birlikdə Kamilə qaytarmalı olmuşdur. 3700 manat pula görə ödəməli olduğu faiz pulunun məbləğini hazırda xatırlamadığını bildirmişdir. O həmin pulları Kamildən alıb qarpız əkmişdir. Həmin ilin iyul ayında o, taxıl məhsulunu biçib Kamilə 2 ton buğda, 2 ton arpa olmaqla, ümumilikdə 1800 manat pulu onun Kamilə olan borcundan çıxmışdır. Bir neçə gün sonra o, Kamilin yaşadığı evdə 800 manat nağd şəkildə pul vermiş, bir neçə aydan sonra Kamil pensiya kartını ona qaytarmışdır. O, ümumilikdə həmin kartdan 750-780 manat pul çıxarmışdır. Bundan başqa o, Kamilin həyat yoldaşı Alidəyə yaşadığı evdə 1700 manat pul vermişdir. Lakin sonradan Kamil və Alidə ondan əlavə pul istəmiş, o isə onlara maddi imkanının olmadığı üçün əlavə pul verə bilmədiyini bildirmişdir. Həmçinin o, öz izahatında bildirmişdir ki, o, Kamildən ümumilikdə 3700 manat pul almış, Kamil isə həmin pulları ona verərkən əlavə faiz alacağını demişdir. O, Kamildən aldığı pulun əvəzində ona 1800 manat dəyərində taxıl vermişdir. Bundan başqa o, 1700 manat, 800 manat olmaqla 2500 manat pulu nağd şəkildə Kamilə qaytarmış, həçinin Kamil atasının pensiya kartından 750-780 manat pul da çıxartmışdır. Daha sonra o, maddi imkanı zəif olduğundan Kamilə əlavə pul verə bilmədiyini bildirmişdir. Həmin pula görə aralarındakı razılığa əsasən, İddiaçı ödəməli olduğu faiz pulun məbləğini xatırlamadığını qeyd etmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 66 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərlə mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçı cavabdehə 2021-ci ilin may-iyun aylarında müəyyən məbləğdə borc pul vermiş, sonuncu isə iddiaçıya borcun qaytarılması məqsədi ilə atasına məxsus pensiya kartından vəsaitlərin alınması imkanını vermişdir. İddiaçı da kartı götürdüyünü etiraf edir. Bununla belə, tərəflər verilən pulun məbləği barədə ziddiyyətli məlumatlar vermişlər. Cavabdeh polisə verdiyi izahatında borc məbləğinin 3700 manat olduğunu, hissə-hissə qaytardığını və tamamilə ödədiyini bildirmişdir. Lakin həmin məbləğin tam ödənilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə etiraf edir ki, borcun 800 manat hissəsini qaytarmış, qalan 4600 manat ödəməyərək cavabdeh əsassız varlanmışdır. İddia edilmiş borcdan 2900 (3700 manat borc-800 manat ödənilmiş hissə = 2900 manat) manat hissəsi cavabdeh tərəfindən təsdiq edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2021-ci ilin may-iyun ayında tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3700 manat borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd dir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, cavabdehin pulu iddiaçının hesabına əldə etdiyi halda, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanmış olur. Bununla belə, izah edilməlidir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər müəyyən olmalıdır: 1). borclu əmlak əldə etməli; 2). həmin əmlak kreditorun hesabına əldə edilməli; 3). bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Hazırkı halda, iddiaçının cavabdehin hesabına əsassız varlanmasının müəyyən edilməsi üçün onun verdiyi və aldığı pul vəsaitlərin məbləğlərinin müəyyən edilməsi zəruridir. Cavabdeh iddiaçının hesabına pul vəsaitlərini azı 2021-ci ilin may-iyun ayından almışdır. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Beləliklə məhkəmə, qeyd edilənləri əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar