Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-822/2023 04.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi əsasında ona qarşı başlayan qərəzli kompaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi zərərə görə 1500 (min beş yüz) manat və mənəvi ziyana görə 30000 (otuz min) manat olmaqla, cəmi 31500 (otuz bir min beş yüz) manat pul vəsaitinin Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı 31 may 2023-cü il tarixdə iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə ünvanlayaraq, cavabdeh Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi əsasında mənə qarşı başlayan qərəzli kompaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş maddi zərərə görə 3650 (üç min altı yüz əlli) manat və mənəvi ziyana görə 30000 (otuz min) manat olmaqla, cəmi 33650 (otuz üç min altı yüz əlli) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonu Orconikidze qəsəbəsində anadan olmuş, Şəki rayonu Sarıca kəndində yaşayır. Orta təhsilli olmaqla mal-qara təsərrüfatı və əkinçiliklə məşğul olur. Ailəlidir, üç övladı var. O, heç bir inzibati və cinayət tərkibi yaradacaq hərəkətə yol verməmişdir. Ancaq Şəki Şəhər-Rayon Polis şöbəsi ona qarşı əsassız ittiham irəli sürərək onun, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərdiyini iddia etmiş və onun 2017-ci ilin noyabr ayında Şəki rayon Turan qəsəbəsi ərazisində yerləşən Turan Bələdiyyəsinin mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlardan 2 ha, 0.89 ha və 3.25 ha olmaqla cəmi 6.14 ha torpaq sahələrini torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına şumlayıb 3.25 ha sahəyə buğda və 2.89 ha sahəyə isə arpa əkərək becərməyi barədə ona ittiham elan edərək barəsində Şəki Rayon Məhkəməsinə cinayət işi vermişdir. Lakin barəsində məhkəməyə verilmiş cinayət işi hakim Ceyhun Əhmədov tərəfindən ətraflı araşdırılaraq, iş üzrə tərəflərin, eləcə də şahidlərin ifadələri ilə sübut edilmişdir ki, hadisə ilə onun heç bir bağlılığı yoxdur. Yəni iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsirın 08 yanvar 2019-cu il tarixli, 1(075)-1/2019 saylı hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Bu da ibtidai istintaq orqanının ona qarşı qərəzli mövqedə çıxış etməsini əyani şəkildə sübut edir. Barəsində əsassız ittihamla məhkəməyə verilməyi onun və ailəsinin iki ildən artıq müddətdə mənəvi sarsıntı keçirməklərinə, həmin müddətdə polisə və məhkəməyə gedib-gələrkən yolda xərclədiyi pul itkisinə və saxladığı mal-qaranın yollarda qalmağı ilə bağlı tələf olmasına səbəb olmuşdur. Müstəntiq tərəfindən işin düzgün aparılmaması onun iki il müddətində etmədiyi bir əmələ görə təqsirli bilinərək suçlu görünməyinə, həmin müddətdə polis akademiyasına sənəd vermiş oğlunun ailəsi, yəni onun barəsində pis fikir formalaşmasına səbəb olmuşdur. Onun heç bir günahı olmadan polis və məhkəmə orqanlarına çağrılmağı artıq pul xərcləməyinə səbəb olmuşdur. Belə ki, barəsində açılmış cinayət işinin ibtidai istintaq və məhkəmə araşdırılması zamanı 14 dəfə məhkəmə orqanlarına (11 dəfə Şəki Rayon Məhkəməsinə və 3 dəfə Şəki Apellyasiya Məhkəməsinə) və 16 dəfə isə ibtidai istintaq orqanına çağrılmağı hər dəfəsində 15 manat olmaqla, onun təkcə yol üçün cəmi 450 manat pul xərcləməyinə səbəb olmuşdur. O, mal-qara ilə məşğul olduğu üçün həmin müddətdə o, ev heyvanlarına baxması üçün çoban tutub həmin çobana da əlavə hər dəfəsində 20 manat olmaqla, cəmi 600 manat pul xərcləmişdir. Bütün bunlar Şəki Şəhər Rayon Polis şöbəsi rəhbərliyinin ona qarşı qərəzli mövqe tutması və işin yekunda onun üstündə qalmasına çalışılması ilə bağlıdır. Buna görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun günahsız olmağını sübut edən məhkəmə hakimiyyəti cavabdehlər tərəfindən ona dəymiş ziyanın da ona ödənilməsinə köməklik edəcəkdir. Şəki Şəhər-Rayon Polis şöbəsinin ona qarşı olan haqsız hərəkətləri Şəki Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1(075)-1/2019 saylı hökmü ilə öz təsdiqini tapır. Cavabdeh Şəki Şəhər Polis Şöbəsinin ona qarşı başladığı qərəzli kompaniya ilə bağlı faktları çoxdur. Lakin, o, bütün faktları indidən qeyd etməyə ehtiyac duymur və iddia tələbi ilə bağlı istinad etdiyi cavabdehin mövqeyini ifşa edən qeyd etdiyi faktlarla kifayətlənir. İddia ərizəsində istinad etdiyi sübutlardan göründüyü kimi, cavabdeh qarşısına qoyduğu məqsədə nail ola bilməmiş və onun Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsinə dair süni şəkildə təşkil etdiyi hadisələrlə bağlı toplanmış materiallar üzrə işlər həqiqi qiymətini almışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, onun hər hansı cinayət hadisəsində əməli olmadığı təqdirdə haqsız olaraq Şəki ŞRPŞ-də barəsində Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmış, lakin məhkəmə prosesi zamanı onun təqsirsizliyi sübuta yetirildiyindən Şəki Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1(075)- 1/2019 saylı hökmü ilə Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Həmin hökmdən apellyasiya protesti verilsə də, Şəki Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1(075)-1/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, o, barəsində CM-nin 188.3-cü maddəsi ilə Şəki ŞRPŞ-də İbtidai İstintaqı aparılan cinayət işi ilə bağlı təxminən 30 dəfə yaşadığı kənddən Şəki şəhərinə polis şöbəsinə gəlib getməli olmuşdur. O, hər dəfə gələndə qardaşının idarə etdiyi avtomobilə yanacaq tökdürmüşdür. Bundan başqa o, özü kənddə olmadığı müddətdə, yəni polis şöbəsinə getdiyi vaxtlarda onun mal-qarasına baxması üçün çoban tutmuşdur. O, hər dəfə çobana bir gün üçün 20 manat pul vermişdir. Ümumilikdə isə 600 manat məbləğdə pul vermişdir. Baxımsızlıq səbəbli onun fermada qalan qoyunları xəstələnmiş, qızdırmaları olmuş və tələf olmuşdular. Bundan başqa onun 6 baş malıda tələf olmuşdur. Həmin mallarının tələf olması nəticəsində ona 2600 manat məbləğdə maddi ziyan dəymişdir. Bildirmişdir ki, barəsində başlanılmış əsassız cinayət işi ilə əlaqədar onun ailəsində də barəsində pis rəy formalaşmış, ailə daxili münaqişələri yaranmışdır. Həmin cinayət işi ilə əlaqədar qorxu, yüksək həyəcan iztirab keçirmişlər. Bu səbəbdən hesab edir ki, ona 30000 manat məbləğdə mənəvi zərər dəymişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 etiraz ərizəsini müdafiə edərək göstərdi ki, İddiaçı hazırki iddia tələbini əsassız hesab edirlər. Belə ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, o həbs edilməmiş, sadəcə barəsində istintaq aparılmışdır. İddiaçı ərizəsində təsərrüfat fəaliyyəti ilə məşğul olmasını qeyd etmiş, lakin vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Bundan başqa iddiaçı məhkəməyə çağırılan zaman çəkdiyi yol xərclərinin, həmçinin bu müddət ərzində təsərrüfatı ilə bağlı tərəfindən çəkilən xərcləri əsas gətirərək hər hansı təsdiqedici sübut təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə kompensasiya ödənilməsini tələb edir. Bildirmişdir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsiərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın növləri konkret göstərilir və iddiaçının bununla bağlı tələb etdiyi xərclərin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi zərərə görə 30,000 manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Bildirmişdir ki, dövlət büdcəsində bu kimi hallar üçün vəsait nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tələbinin əsaslığını təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının rəsmi vergi ödəyib-ödəməməsi məlum deyil. Odur ki, iddaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, İddiaçı qardaşıdır. Onun qardaşı İddiaçı hər dəfə barəsində başlanılmış cinayət işi ilə bağlı polis şöbəsinə və məhkəməyə gəlib-gedən zaman yanacağa, yeməyə təxminən 80 manat məbləğdə xərci çıxmışdır. Onlar təxminən 13 – 14 dəfə qardaşının barəsində başlanılmış cinayət işi ilə bağlı Şəki şəhərinə gəlib getmişlər. Bildirmişdir ki, o, iddiaçıya məxsus mal-qaranın tələf olmasının şahidi olmuşdur. Belə ki, onlar Şəki şəhərinə getdikləri vaxtlarda qardaşına məxsus mal-qara nəzarətsiz, susuz qaldıqları üçün bəziləri xəstəlikdən tələf olmuşlar. Bəzilərini isə canavar parçalamışdır. Göstərmişdir ki, yay aylarında qardaşı İddiaçı məxsus mal-qaradan üç başı ölmüşdür. Bir dəfə fermaya gedən zaman görmüşdür ki, inəklərdən biri ölmüşdür. Bundan başqa bir baş inək də balalayan zaman, balalaya bilmədiyi üçün ölmüşdür. Bildirmişdir ki, qardaşına məxsus təxminən 10 – 12 baş mal-qara tələf olmuşdur. Qeyd etdiyi mal-qaraların içərisində həm inək, həm də qoyun olmuşdur. Həmin heyvanların ölüm səbəbi isə qardaşı barəsində başlanılmış əssız cinayət işi ilə əlaqədar dəfələrlə polis şöbəsinə gəlməsi, heyvanlarında nəzarətsiz qalması olmuşdur. Qardaşına məxsus tələf olan mal-qara əsasən xəstəlik, baxımsızlıq səbəbli ölmüşdür, inəyin birini isə canavar parçalamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, İddiaçı tanıyır. İddiaçının kənddə mal-qara saxladığı ferması vardır. Bildirmişdir ki, İddiaçı şəxsi işi ilə əlaqəli olaraq Şəki şəhərinə getdiyi vaxtlarda onu malqarasına baxması üçün fermasına aparmış, axşam da geri evinə gətirmişdir. İddiaçı ona hər dəfə onun mal-qarasına baxması qarşılığında günə 15 manat məbləğdə pul vermişdir. O, təxminən 10 – 15 dəfə iddiaçının mal-qarasına baxmaq üçün getmişdir. İddiaçının malqarasına baxmaq üçün o, 2017-ci ildə getmişdir. Bildirmişdir ki, o, iddiaçı kənddə fermada olmadığı müddətdə iddiaçıya məxsus mal-qaranı dağa aparmış, axşam da geri qaytarmışdır. O, mal-qaraya nəzarət elədiyi vaxtlarda iddiaçıya məxsus fermanın içərisində olan heyvanlardan bəziləri tələf olmuşdular. Belə ki, onun özü tək başına bütün heyvanlara nəzarət edə bilmirdi. O, bəzi heyvanları naxıra aparan zaman, fermada qalan mal-qaraların bəzisi nəzarətsiz qaldıqları üçün tələf olmuşdular. Göstərmişdir ki, iddiaçı olmadığı müddətdə ona məxsus heyvanlardan həm qoyun, həm də inək tələf olmuşdular. Həmin heyvanlar qızdırma səbəbli ölmüşdülər. Bildirmişdir ki, o, İddiaçı mal-qarasına nəzarət elədiyi vaxtları dəqiq bilmir. Ancaq həmin hadisələrin baş verməsini, yəni onun iddiaçının mal-qarasına nəzarət etməsini 2017-ci ildə olduğunu bilir. Lakin ayları dəqiq xatırlamır. Təxminən baş vermiş hadisələr 2017-ci ildə 3 ay ərzində baş vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndçisidir. İddiaçı yataqda yaşayır. Orada mal-qara saxlamaqla kənd təsərrüfatı ilə məşğul olur. Bildirmişdir ki, İddiaçı onunla təsadüfən rastlaşan zaman ona fermaya gedib mal-qarasına nəzarət etməsini, heyvanlara su verməsini bildirdi. O, da Qurban adlı şəxsin avtomobili ilə iddiaçıya məxsus fermaya getmişdir. Fermaya gedən zaman görmüşdür ki, iddiaçıya məxsus olan beş baş qoyun tələf olmuşdur. Bundan başqa fermada inəklərdən biri balalaya bilmədiyi üçün tələf olmuşdur. Göstərmişdir ki, qeyd etdiyi hadisə təxminən 2018-ci ilin iyun ayının 24-də baş vermişdir. Həmin gün İddiaçı ona Şəki şəhərinə polis şöbəsinə gedəcəyini bildirmiş, ondan mal-qarasına nəzarət etməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, şahidin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 1(075)-1/2019 saylı, 08 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmamasına görə Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. İş materiallarında olan “Kristal” MM qiymətləndirmə şirkəti tərəfindən verilmiş 1101/23 saylı, 15 may 2023-cü il tarixli rəydən görünür ki, qiymətləndirilən bir baş iribuynuzlu yanı balalı ana malın və 5 ədəd quzunun xx.xx.2023-cü il tarixinə olan təqribi dəyəri 2600 manat təşkil edir. İş materiallarında olan X3, X5 və İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş 15 may 2023-cü il tarixli aktdan görünür ki, X3, X5 və İddiaçı 24 may 2018-ci il tarixdə “Bayan Çala” adlanan ərazidə olarkən, İddiaçı məxsus fermada 5 baş xırdabuynuzlu heyvanların baxımsız olmaları ucbatından qızdıraraq öldüklərini və 1 baş inəyin isə doğuş zamanı baxımsız olduğu üçün öldüyünü görmüşlər. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmələrə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutması izah edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 3-cü abzasında mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Şərh olunanlara və işin materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, onun barəsində 2 ilə yaxın müddət ərzində ibtidai və məhkəmə istintaqının aparılması nəticəsində hüquqları pozulmuş, ətrafdakılar tərəfindən ona «cinayətkar» gözü ilə baxılması şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Həmçinin, İddiaçı barəsində cinayət işi açıldıqdan sonra ailəsində də problemlər yaranmış, boşanma həddinə belə çatmışdır. Onun polis akademiyasında ali təhsil almaq üçün sənəd vermiş oğlunun barəsində də pis fikir formalaşmışdır. Bundan başqa İddiaçı barəsində keçən müddət ərzində istintaq hərəkətlərinin aparılması onun tanışları, qohumları qarşısında nüfuzuna xələl gətirmiş, camaat arasındakı mövqeyinə kölgə salmışdır. Bununla yanaşı, iddiaçı tərəf vurulmuş mənəvi ziyanın miqdarını 30000 manat məbləğində müəyyən etsə də, məhkəmə iclasında məhz həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Mülki işin faktiki hallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-1/2019 saylı, 08 yanvar 2019-cu il tarixli hökmü ilə İddiaçı əməlində cinayət tərkibi olmamasına görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilmiş, hökmdə ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı əsassız olaraq CM-nin 188.3-cü maddəsi ilə ittiham olunması iddiaçı və onun ailə üzvləri barəsində cəmiyyətdə, o cümlədən iş və ya yaşayış yerində, qonşuluqda yaşayan şəxslər və ya qohum-əqrəbalar arasında mənfi fikirlərin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin «soyuqlaşmasına» gətirib çıxarmış və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olmuşdur. Lakin məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlaban məbləğdə, yəni 2000 manat məbləğdə müəyyən etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 7.0.5-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlaricraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. 57.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.2-ci maddəsində deyilir ki, fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 63-cü maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. 6-cı maddəsində qeyd olunur ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsində göstərilir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində onun mal-qarasının nəzarətsiz qalaraq tələf olduğunu, hər dəfə istintaq hərəkətləri ilə bağlı Şəki şəhərinə polis şöbəsinə və məhkəməyə gəlib-gedən zaman yol xərclərinin çıxaraq ona maddi ziyan dəyməsini iddia etsə də, İddiaçı göstərdiyi hallarla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı 5 baş xırdabuynuzlu heyvanının nəzarətsiz qalaraq qızdırıb ölməsini, 1 baş iribuynuzlu inəyinin isə balalayan zaman ölməsini qeyd etsə də, həmin mal-qarasının məhz barəsində CM-nin 188.3-cü maddəsi ilə başlanılmış və istintaq hərəkətləri aparılmış cinayət işi səbəbli baş verməsini təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində cinayərt təqibi həyata keçirilərkən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməmiş və onun azadlıq hüququ məhdudlaşdırılmamışdır. Onun mallarının tələf olması halı mövcud olmuşa belə, bu onun səhlənkarlığından baş verə bilərdi. Odur ki, məhkəmə şahid ifadələrini də, inandırıcı hesab etmir və izahatlara şübhə ilə yanaşır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi yol xərclərinin əsaslığını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə iddia ərizəsini maddi ziyan tələbinə dair hissədə əsassız hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdehlər tərəfin üzərinə düşür. İddiaçı ona 3650 manat maddi ziyan vurulduğunu bildirsə də, məhkəmə iclasında ona 3650 manat maddi ziyan vurulduğu sübuta yetməmişdir. Odur ki, iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Maliyyə Nazirliyidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat pul vəsaiti ödənilməli, iddia tələbi əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-822/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-822/2023
04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver