Məhkəmə qərarları › İş №e-2(075)-897/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-897/2024

23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-897/2024 23.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 500 manat pulun Cavabdeh2 və Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11 500 manat pul vəsaitinin alınıb ona verilməsini xahiş etsə də, iddia tələbinin əsaslığını təsdiq edəcək hər hansı mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddiaçı qanunla nəzərdə tutulan məbləğdə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi iddia ərizəsinə əlavə etməmişdir. Dövlət rüsumu haqqında Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir. İddiaçı 11500 manat məbləğdə pul tələbinə dair iddia ərizəsi üçün 124.5 manat məbləğdə dövlət rüsumu ödəməlidir. Lakin iddia ərizəsinə qeyd edilən məbləğdə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar