Məhkəmə qərarları › İş №e-2(075)-959/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-959/2024

24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-959/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “atalıq faktının və ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Şəki rayon Qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, X3 onun atası olması və 1956-cı ildə ölməsi hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixli 1294/1807 saylı “Qeydəalma vəsiqəsi”nə əsasən Şəki şəhəri, Xanlar küçəsi, 4-də yerləşən fərdi yaşayış evi mərhum atası X3 adına qeydiyyata alınmışdır. O, 1965-ci ildə vəfat etmiş və onun vəfatından sonra mirası faktiki olaraq anası ilə birlikdə qəbul edərək idarə etmişlər. Atası və anası rəsmi qaydada nikaha daxil olmadıqları üçün mirası rəsmi qaydada qəbul edə bilməmişdir. xx.xx.1990-cı il tarixdə anası da vəfat etmiş və ondan sonra həmin mirası o idarə etmişdir. İndiyədək heç bir mübahisə olmadığından evin rəsmiləşdirilməsinə zərurət olmamışdır. Atasından qalan mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “Asan xidmət” mərkəzində notariat ofisindən ona bildirilmişdir ki, miras qoyanın soyadının Salmanov, onun soyadının isə Əliyeva, doğum haqqında şəhadətnaməsində ata qrafasında ata adının yazılmaması, miras qoyan şəxsin ölüm haqqında şəhadətnaməsi və qohumluğu təsdiq edən doğum haqqında sənədlər təqdim edilməmiş, elektron informasiya sistemində axtarış nəticəsində mərhumlara aid məlumat aşkar edilmədiyi üçün notarius tərəfindən notariat hərəkətlərinin aparılması mümkün olmamışdır. Bundan sonra bəzi zəruri sənədləri əldə edə bilmək üçün Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, oradan verilən xx.xx.2024-cü il tarixli məktubda atası X3 ölümü barədə akt qeydinin olmadığı bildirilmiş, atasının ölüm faktının müəyyən edilməsi və onun atası olması hüquqi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 24 noyabr 1987-ci il tarixli qeydəalma vəsiqəsindən görünür ki, Şəki şəhəri, 18-ci rayon, Xanlar küçəsindəki 4 nömrəli fərdi yaşayış evi X6 adına qeydiyyatdadır. - 08 avqust 1959-cu il tarixli, İ-ИЕ 767659 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1950-ci il təvəllüdlü Ərizəçi anası Əliyeva Fatma olduğu yazılmışdır. Lakin ata qrafası boş göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin 16 fevral 2024-cü il tarixli 3-16-5/8-Ə-15-382/24 saylı məktubundan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində 1956-ci il tarixdə vəfat etmiş X3 ölümü haqqında akt qeydi aşkar edilməmiş, həmçinin, Şəki rayon Qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin 06 aprel 2024-cü il tarixli 3-16-5/8-13-725/24 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi bacı və qardaşlarının doğum haqqında, həmçinin X3 ölüm və nikahı haqqında akt qeydi aşkar edilməmişdir. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 1940-cı ildə Dağıstanda doğulmuşdur. Sonradan Dağıstandan köçərək Şəkidə məskunlaşmışlar. Camal həm atasının qohumu, həm də qonşuları olub. X10 ilə evlənib və onların Surayə adlı qızları doğulub. Camal 1956-cı ildə dünyasını dəyişmiş və Dodu qəbiristanlığında dəfn edilmişdir. - X4 qəbir və baş daşı rəsmlərindən görünür ki, X8 1923-cü il tarixdə doğulmuş, 1956-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi tələbi X3 onun atası olması və 1956-cı ildə ölməsi hüquqi faktlarının müəyyən edilməsidir. Ərizəçi bildirir ki, bu hüquqi faktların müəyyən edilməsi ona atasından qalmış evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdır. İş materiallarından müəyyən edilir ki, X6 Ərizəçi atası olmuşdur. X6 Ərizəçi atası olması iş materiallarında olan sənədlər, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsi əsasında öz təsdiqini tapmışdır. Ərizəçinin digər bir tələbi isə atasının 1956-cı il tarixdə vəfat etməsidir ki, ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona atasının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında müəyyən edildiyindən ərizəçinin atasının 1956-cı il tarixdə vəfat etməsi hüquqi faktı da müəyyən edilməlidir. Məhkəmə, iş materiallarında olan və bir-biri ilə ziddiyyət təşkil etməyən sübutları, şahid ifadəsini, həmçinin daxili inamını rəhbər tularaq hesab edir ki, ərizə təmin edilməli, X3 Ərizəçi atası olması və X3 1956-cı ildə ölməsi hüquqi faktları müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 Ərizəçi atası olması və X3 1956-cı ildə ölməsi hüquqi faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar