Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-152/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh avtomobilə vurduğu maddi zərərə görə 12.755 manat məbləğində, xidmət haqqı və icarə müqaviləsi üzrə 5.600 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məbləğində olmaqla, cəmi 28.355 manat məbləğində pulun, ödənilmiş 177 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Ford Transit” markalı 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətindədir. xx.xx.2023–cü il tarixdə Cavabdeh təqsirli hərəkəti ilə törədilən yol–nəqliyyat hadisəsi zamanı ona məxsus avtomaşına ciddi zərər dəymişdir. Belə ki, cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21214” markalı 57–CF–444 dövlət qeydiyyat nişanlı avtomaşınla “X4” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq onun idarə etdiyi “Ford Transit” markalı 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə onun avtomaşınına ziyan vurmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərarı ilə cavabehin yol–nəqliyyat hadisəsində təqsirli olması sübut olunmuşdur. Əldə edilmiş qüsur aktına əsasən onun avtomaşınına 12.755 manat məbləğində zərər dəymişdir. Maddi imkanı olmadığından avtomaşını təmir etdirə bilməmişdir. Həmçinin, avtomaşın yararsız vəziyyətdə olduğundan məcbur olub müəyyən xidmətlərdən (taksi və fəhlələrə ödənilən haqq) istifadə etmiş, həmin xidmətlərə hər gün 30–50 manat pul xərcləmişdir (təxminən hər ay 800 manat). Nəhayət aprel ayının sonunda icarəyə avtomaşın götürmüşdür. Belə ki, xx.xx.2024–cü il tarixdə “QAZ 3302 yük” markalı 32– BC–168 dövlət qeydiyyat nişanlı avtomaşını aylıq 800 manat olmaqla icarə müqaviləsi əsasında istifadəyə götürmüşdür. 2023–cü ilin dekabr ayından xx.xx.2024–cü il tarixədək xidmət haqqı olaraq aylıq 800 manatdan 4.000 manat, icarə müqavilsəi üzrə aylıq 800 manatdan 2 ay üçün 1.600 manat pul ödəmişdir. Avtomaşının icarə müqaviləsi hazırda da qüvvədədir. Bugünə kimi avtomaşının icarəsi və xidmət haqqı üçün 5.600 manat məbləğində pul xərcləmişdir. Bundan başqa ötən müddət ərzində cavabdeh ona mənəvi ziyan vurmuşdur. Belə ki, 8 ay ərzində cavabdehin heç bir hərəkət etməməsi səbəbindən psixoloji sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmışdır. Həmin mənəvi zərəri 10.000 manat məbləğinədə dəyərləndirmişdir. Tələb etməsinə baxmayaraq, cavabdeh ona vurduğu maddi və mənəvi zərəri ödəməmişdir. Bununla bağlı xx.xx.2024–cü il tarixdə cavabdehə pretenziya məktubu da göndərmişdir. Cavabdeh pretenziya məktubunu xx.xx.2024–cü il tarixdə şəxsən almış, lakin ona cavab verməmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilərək, Cavabdeh avtomobilə vurduğu maddi zərərə görə 12.755 manat məbləğində, xidmət haqqı və icarə müqaviləsi üzrə 5.600 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məbləğində olmaqla, cəmi 28.355 manat məbləğində pulun, ödənilmiş 177 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2023–cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21214” markalı 57–CF–444 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi “Ford Transit” markalı 57–CG–151 nömrəli avtomaşınla toqquşmuşdur. Yol–nəqliyyat hadisəsindən sonra cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hazırda isə cavabdeh maddi məsuliyyətdən yayınmaq istəyir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmışdır. Çünki o, cavabdehi bir müddət gözləmiş, lakin cavabdeh ona vurduğu ziyanı ödəmək istəməmiş. Cavabdeh təqsirli olduğunu səmimi etiraf etməli olduğu halda, avtomaşına vurduğu zərərin az olmasını və yaxud da heç olmamasını iddia etmişdir. Halbuki onun avtomaşınına 12.755 manat məbləğində maddi ziyan dəymişdir. Eləcə də, avtomaşın yararsız halda olduğundan başqa xidmətlərdən istifadə etmiş, icarəyə başqa avtomaşın götürmüşdür. Həmin xidmətlərə 5.600 manat məbləğində pul xərcləmişdir. Eləcə də, cavabdehin təqsirli hərəkəti və vurmuş olduğu maddi zərəri ödəməməsi nəticəsində psixoloji sarsıntı keçirmiş, mənəvi zərərə məruz qalmışdır. Həmin mənəvi zərəri 10.000 manat məbləğinədə dəyərləndirmişdir. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün vəkil xidmətindən istifadə etmiş və dövlət rüsumu ödəmişdir. Hesab edir ki, bütün çəkdiyi xərclər cavabdehin təqsiri üzündən baş verdiyinə görə həmin məbləğlər cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, iddianın təmin edilərək, Cavabdeh avtomobilə vurduğu maddi zərərə görə 12.755 manat məbləğində, xidmət haqqı və icarə müqaviləsi üzrə 5.600 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məbləğində olmaqla, cəmi 28.355 manat məbləğində pulun, ödənilmiş 177 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə əsasən nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2023–cü il tarixdə baş vermiş yol–nəqliyyat hadisəsi zamanı tək onun təqsiri olmamışdır. Belə ki, həmin iş üzrə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra həmin qərardan şikayət vermiş və qərar ləğv edilmişdir. Hesab edir ki, baş vermiş hadisədə hər ikisi günahkardır. Həmçinin, qeyd edir ki, iddiaçıya məxsus avtomaşına 12.755 manat məbləğində zərər dəyməmişdir. Çünki hadisə zamanı iddiaçının avtomaşınına cüzi zərər dəymişdir ki, həmin zərərin də 12.755 manat məbləğində olması mümkün deyildir. Hesab edir ki, iddiaçı əsassız şəkildə şişirdilmiş məbləğlər göstərmişdir. Hazırda iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan AD 441104 saylı X1 Şəhadətnaməsindən görünür ki, “Ford Transit yük” markalı 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan xx.xx.2023–cü il tarixli qüsur aktından görünür ki, “Ford Transit yük” markalı 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomaşına 12.755 manat məbləğində ziyan dəymişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(076)–565/2024 saylı qərarından görünür ki, Cavabdeh 25 noyabr 2023–cü il tarixdə saat 21:04 radələrində Bakı–Qazax yolunun 399–cu km–də sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21214” markalı 57–CF–444 nömrəli avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq “Ford Transit” markalı 57–CG–151 nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibi İddiaçı maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İXM–nin 333.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, X2 “QAZ 3302 yük” markalı 32–BC–168 dövlət qeydiyyat nişanlı avtomaşını aylıq 800 manat olmaqla, İddiaçı icarəyə vermişdir. İşdə olan xx.xx.2025–ci il tarixli ekspert məlumatından görünür ki, xx.xx.2023–cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023–cü il tarixə məlumat olmadığından məhkəmə–əmtəəşünaslıq ekspertizasının aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh 25 noyabr 2023–cü il tarixdə saat 21:04 radələrində Bakı–Qazax yolunun 399–cu km–də sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21214” markalı 57–CF–444 nömrəli avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq İddiaçı idarə etdiyi “Ford Transit” markalı 57–CG–151 nömrəli avtomaşınla toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(076)–565/2024 saylı qərarı ilə Cavabdeh təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol–nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Həmçinin, məhkəmə qeyd edir ki, “Ford Transit” markalı, 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə xx.xx.2024–cü il tarixli qərardadla iş üzrə məhkəmə–əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Lakin xx.xx.2023–cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023–cü il tarixə məlumat olmadığından məhkəmə– əmtəəşünaslıq ekspertizasının aparılması mümkün olmamışdır. Bununla belə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəymiş və cavabdehin həmin təqsiri qanuni qüvvədə olan məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçıya vurduğu maddi ziyanı ödəməlidir. İş üzrə müvafiq ekspert rəyinin verilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın məbləği qüsur aktında göstərilən 12.755 manat dəyərində qiymətləndirilməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclası zamanı izahatında “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan şikayət verməsini bildirsə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(076)–565/2024 saylı qərarı ilə Cavabdeh təqsirli olması sübuta yetirilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar mübahisələndirilməmiş və hazırda qüvvədədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia maddi ziyanla bağlı hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddianın maddi ziyanla bağlı hissəsi əsaslı olduğundan həmin hissədə təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 12.755 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddianın xidmət haqqı və icarə müqaviləsi üzrə 5.600 manat məbləğində pul tələbi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2024–cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ni əlavə etsə də, həmin müqavilə lazımi qaydada təsdiqlənməmiş, möhürlənməmişdir. “İcarə Haqqında” Azərbaycan Respublikası Qanununun 7–ci maddəsinin 1–ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1–ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2–ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024–cü il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin lazımi qaydada təsdiqlənməməsi səbəbindən sübut növü kimi qəbul edilməsini əsaslı hesab etmir. Eləcə də, iddiaçı əlavə xidmət haqqına vəsait xərcləməsini iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən xidmət haqqı və icarə müqaviləsi üzrə 5.600 manat məbləğində pulun alınması əsaslı deyildir. İddianın mənəvi zərərə görə 10.000 manat məbləğində pul tələbi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququnun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2–ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablada dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göründüyü kimi qanunvericiliyin mənasından aydın olur ki, şəxsə mənəvi zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztiraba məruz qalmasını sübut etməsi vacib şərt kimi önə çəkilmişdir. Qanunvericiliyin mənasına görə zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Buna baxmayaraq, işə məhkəmədə baxılarkən iddiaçının mənəvi sarsıntı keçirməsi, fiziki əzab çəkməsi sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə 10.000 manat kompensasiya tələbi əsaslı deyildir. Məhkəmə, həmçinin iddianın “320 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil Nümayəndə hesabına 320 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının vəkilinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 320 manat pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomobilə vurduğu maddi zərərə görə 12.755 manat məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat və vəkilə ödənilmiş 320 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qızından “Ford Transit” markalı 57–CG–151 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 12.755 (on iki min yeddi yüz əlli beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 177 (bir yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqı olmaqla, cəmi 497 (dörd yüz doxsan yeddi) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-152/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-152/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver