Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3465/2024 11.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak və maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 6 adda qızıl–zinyət əşyalarının, 20 adda cehiz əşyalarının, 5 adda uşaq əşyalarının, 7 adda geyim əşyalarının özlərinin və ya 10.730 manat məbləğində dəyərlərinin, ödənilmiş 63 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 500 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 qayınanası olmuşdur. Belə ki, o, xx.xx.2016–cı il tarixdə Cavabdeh2lə evlənmiş, birgə nikahdan xx.xx.2016–cı il tarixdə Miray adlı uşaqları doğulmuşdur. Toy günü cavabdehlərin yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da oraya yığılmışdır. Həmçinin, toy günü cavabdehlər və başqa qohumlar ona qızıl–zinyət əşyaları hədiyyə etmişlər. 2022–ci ilin iyul ayına kimi cavabdehlərlə mübahisəsiz olaraq birgə ailə şəraitində yaşamışlar. Lakin 17 iyul 2022–ci il tarixdə Cavabdeh2lə arasında mübahisə yaranmış və sonuncu onu azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Həmin tarixdən etibarən cavabdehlə ayrılmış və Gədəbəy Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan rəsmi nikah qeydi pozulmuşdur. Ayrıldıqdan sonra ona məxsus cehiz və qızıl əşyaları cavabdehlərdə qalmışdır. Belə ki, qızıl–zinyət əşyalarından–dəyəri 900 manat olan ilan qabığı formalı, 10 qramlıq bir ədəd qızıl sep, dəyəri 800 manat olan buta formalı, 4 qramlıq, 585 əyarlı, brilyant qaşlı bir ədəd qızıl klon, dəyəri 2.500 manat olan 12 qramlıq, buta formalı, brilyant qaşlı, 750 əyarlı bir cüt qızıl sırğa–üzük dəsti, dəyəri 800 manat olan 583 əyarlı, 5 qramlıq, qızılgül formalı nişan üzüyü, dəyəri 250 manat olan zəncir formalı 3 qramlıq, 585 əyarlı bir ədəd qızıl qolbaq, dəyəri 400 manat olan uşaq üçün, sadə, qaşsız, 3.38 qramlıq, 583 əyarlı bir cüt qızıl sırğa, cehiz əşyalarından–dəyəri 2.000 manat olan bir dəst yataq mebeli –ağ rəngli, güzgülü, qabağı süyürməli – bir ədəd paltar şkafı, bir ədəd iki nəfərlik çarpayı, iki ədəd tumbuçka, bir ədəd termo, bir ədəd termo stolu, dəyəri 300 manat olan qarışıq rəngli, 3x4 ölçülü bir ədəd böyük xalça, dəyəri 100 manat olan 1x1.5 ölçülü iki ədəd balaca xalça, dəyəri 60 manat olan hündür, bir ədəd ütü stolu, dəyəri 50 manat olan beş şamlı, bir ədəd çilçiraq, dəyəri 40 manat olan saçaqlı, bir ədəd qapı üçün pərdə, dəyəri 300 manat olan dekorativ parçadan, boz rəngli, bəzəkli, dörd ədəd pəncərə pərdəsi, dəyəri 200 manat olan iki ədəd tül parçadan pəncərə pərdəsi, dəyəri 200 manat olan 25 kq–lıq, bir ədəd iki nəfərlik yun döşək, dəyəri 100 manat olan 5 kq–lıq, bir ədəd iki nəfərlik yun yorğan, dəyəri 100 manat olan iki ədəd qaz tükündən balınc, dəyəri 100 manat olan böyük ölçülü, dəmir qapaqlı, gümüşü rəngli iki ədəd qazan naboru, dəyəri 20 manat olan bir ədəd sadə meyvə qabı, dəyəri 80 manat olan orta böyüklükdə, qızılı rəngli bəzəkli, xrustal iki ədəd qənd qabı, dəyəri 50 manat olan xrustal, hündür bir ədəd güldan, dəyəri 30 manat olan bir ədəd paltar sərmək üçün asqı, dəyəri 50 manat olan ağ rəngli, üstü qaşlı, 6 nəfərlik bir dəst çay servizi, dəyəri 50 manat olan xrustal, üstü qaşlı, 6 ədəd bakal, dəyəri 50 manat olan on iki ədəd çay dəsmalı, dəyəri 60 manat olan altı ədəd əl–üz dəsmalı, uşaq üçün əşyalardan– dəyəri 40 manat olan 1 ədəd, uşaq üçün yun yorğan, dəyəri 40 manat olan 1 ədəd uşaq üçün yun döşək, dəyəri 20 manat olan 2 ədəd balınc, dəyəri 50 manat olan uşaq üçün təzə, 1 ədəd manej, dəyəri 500 manat olan bir ədəd çarpayı, bir ədəd tumbuçka, üç qapılı, bjr paltar şkafından ibarət olan bir ədəd uşaq dəsti, geyim əşyalarından– dəyəri 100 manat olan qara rəngli, saya, 36 ölçülü, bir ədəd ziyafət donu, dəyəri 250 manat olan çəhrayı rəngli, sinəsi və ətəyi güllü, bir ədəd ziyafət donu, dəyəri 30 manat olan qara rəngli, sinəsi sepli, Nayk firmadan, bir dəst idman paltarı, dəyəri 20 manat olan mavi rəngli, bir ədəd cins şalvar, dəyəri 20 manat olan iki cüt ev üçün ayaqqabı, dəyəri 20 manat olan qara rəngli, bir ədəd qadın üçün əl çantası və dəyəri 50 manat olan bir ədəd qara rəngli, qırmızı varatnikli kurtka cavabdehlərin evində qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona məxsus əmlakı könüllü olaraq verməkdən imtina etmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün vəkil xidmətindən istifadə etmiş, mediasiya xidmət haqqı və dövlət rüsumu ödəmişdir. Hesab edir ki, həmin xərclərin əvəzi müştərək qaydada cavabdehlərdən alınmalıdır. Odur ki, 6 adda qızıl–zinyət əşyalarının, 20 adda cehiz əşyalarının, 5 adda uşaq əşyalarının, 7 adda geyim əşyalarının özlərinin və ya 10.730 manat məbləğində dəyərlərinin, ödənilmiş 63 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 500 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 qayınanası olmuşdur. Belə ki, o, xx.xx.2016– cı il tarixdə Cavabdeh2lə evlənmiş, birgə nikahdan xx.xx.2016–cı il tarixdə Miray adlı uşaqları doğulmuşdur. Toy günü cavabdehlərin yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da oraya yığılmışdır. Həmçinin, toy günü cavabdehlər və başqa qohumlar ona qızıl–zinyət əşyaları hədiyyə etmişlər. 2022–ci ilin iyul ayına kimi cavabdehlərlə mübahisəsiz olaraq birgə ailə şəraitində yaşamış, lakin 22 iyul 2022–ci il tarixdə Cavabdeh2lə arasında mübahisə yaranmış və sonuncu onu azyaşlı uşağı ilə birlikdə evdən qovmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. Ayrıldıqdan sonra ona məxsus cehiz, geyim və qızıl əşyaları cavabdehlərdə qalmışdır. Qızıl əşyalarına münasibətdə bildirir ki, cavabdehlə birgə ailə şəraitində yaşadıqları vaxt Cavabdeh2 ondan qızıllarını almış və lombarda qoyaraq müqabilində kredit götürmüşdür. Sonradan o, başqa bir lombardda işləməyə başlamışdır. İşlədiyi lombardda ona əlavə faiz verildiyi üçün birinci lombarddakı qızılları 2022–ci il tarixdə işlədiyi lombarda köçürmüşlər. Bunu edərkən qızılları işlədiyi lombarda girov qoyaraq kredit götürmüş və həmin məbləğlə birinci lombardın borcunu bağlamışdır. Götürülmüş krediti Cavabdeh2 öz işi üçün istifadə etmişdir. 2022–ci ilin iyul ayında isə ailə münasibətlərinin pozulması zəmnində cavabdehlə ayrılmışlar. Bundan sonra cavabdeh 1–2 ay krediti ödəmiş, sonradan isə ödənişləri dayandırmışdır. Onun isə krediti ödəməyə maddi imkanı olmamış, bu səbəbdən kreditin faizi kifayət qədər artmışdır. Bundan sonra lombarddan ona qızılların satışa çıxarılacağı bildirilmiş, o isə razı olmuşdur. Çünki krediti ödəyərək qızılları çıxarmaq üçün maddi imkanı olmamışdır. Bu səbəbdən ona məxsus qızıllar lombard tərəfindən satışa çıxarılmış və mövcud borc bağlanmışdır. Qızılların hansı qaydada satılmasından məlumatı olmamışdır. Hesab edir ki, ona məxsus qızıllar cavabdeh tərəfindən girov qoyulduğu və müqabilində əldə edilmiş pul cavabdeh tərəfindən xərcləndiyi üçün həmin qızıllar, mövcud olmasa dəyəri cavabdehlərdən alınmalıdır. Həmçinin, cavabdehlərin evində qalmış cehiz və geyim əşyaları da cavabdehlərdən alınaraq ona verilməlidir. Odur ki, iddianın təmin edilərək, 6 adda qızıl–zinyət əşyalarının, 20 adda cehiz əşyalarının, 5 adda uşaq əşyalarının, 7 adda geyim əşyalarının özlərinin və ya 10.730 manat məbləğində dəyərlərinin, ödənilmiş 63 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 500 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, təmsil etdiyi şəxsə məxsus olan və cavabdehlərin evində qalan cehiz və geyim əşyalarının üzərinə məhkəmənin müvəqqəti təminat tədbiri seçilməsinə dair qərardadı əsasında həbs qoyulmuş və həmin əşyaların cavabdehlər tərəfindən istifadəsi qadağan edilmişdir. Qızıl əşyaları isə Cavabdeh2 tərəfindən kredit müqabilində lombarda qoyulmuşdur. Lakin həmin kredit ödənilməmiş və qızıllar satışa çıxarılaraq mövcud borc bağlanmışdır. Belə olan halda hesab edir ki, həmin qızıllar, eləcə də cehiz və geyim əşyalarının özləri və ya dəyərləri cavabdehlərdən müştərək qaydada alınmalıdır. Odur ki, iddianın təmin edilərək, 6 adda qızıl–zinyət əşyalarının, 20 adda cehiz əşyalarının, 5 adda uşaq əşyalarının, 7 adda geyim əşyalarının özlərinin və ya 10.730 manat məbləğində dəyərlərinin, ödənilmiş 63 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 500 manat vəkil xidmət haqqının müştərək qaydada cavabdehlərdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə xx.xx.2016–cı il tarixdə evlənmiş, birgə nikahdan xx.xx.2016–cı il tarixdə Miray adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəmində iddiaçı ilə ayrılmışlar və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. İşin halları ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus cehiz və geyim əşyaları hazırda onların evindədir və iddiaçı istənilən vaxt həmin əşyaları götürə bilər. Qızıl əşyaları ilə bağlı isə qeyd edir ki, həqiqətən toy zamanı iddiaçıya qızıl–zinyət əşyaları hədiyyə edilmişdir. Lakin həmin qızılların qiyməti iddia ərizəsində göstərilən qiymətdə olmamış, daha aşağı məbləğə alınmışdır. Həmçinin, qeyd edir ki, iddaçıya alınmış qızıllar birgə nikah dövründə iddiaçının öz razılığı əsasında lombarda girov qoyularaq kredit götürülmüşdür. Həmin krediti iş qurmaq üçün ticarətə xərcləmiş, lakin ziyanlıq etmişdir. Bundan sonra iddiaçı başqa lombardda işə qəbul olmuş, orada ona faiz verildiyinə görə həmin qızılları xx.xx.2022–ci il tarixdə iddiaçı öz adına işlədiyi lombarda qoymuşdur. Lakin sonradan iddiaçı ilə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Buna baxmayaraq, 4–5 ay həmin ödənişi etmişdir. Sonuncu dəfə isə lombarda getdikdə orada Aytən tərəfindən qızılların götürülməsini ona bildirmişlər. Hazırda iddianı qızıl əşyaları ilə bağlı hissədə qəbul etmir. Birincisi ona görə ki, həmin qızıllar birgə nikah dövründə iddiaçının öz razılığı əsasında girov qoyulmuşdur. İkincisi isə iddiaçı həmin qızılları ikinci dəfə öz adına işlədiyi lombarda girov qoymuşdur. Həmin girov müqaviləsi iddiaçı ilə bağlandığına görə qızılların lombard tərəfindən ona verilməsi qeyri–mümkündür. Bu isə onu deməyə əsas verir ki, qızıllar iddiaçı tərəfindən götürülmüşdür. Belə olan halda iddiaçının ondan qızıl tələb etməsi əsassızdır. Həmçinin, qeyd edir ki, kredit birgə nikah dövründə iş qurmaq məqsədilə götürülmüşdür ki, əgər ziyanlıq etməsəydi və ticarəti alınsaydı əldə etdiyi gəliri ailəsi, o cümlədən iddiaçı üçün xərcləyəcəkdir. Odur ki. izahatında göstərilənlərin nəzərə alınmasını, iddianın cehiz və geyim hissələrində təmin edilməsini, qızıl–zinyət əşyaları hissəsində isə rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı birgə nikahından xx.xx.2016–cı il tarixdə Miray adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023–cü il tarixdə ləğv edilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022–ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh2 18 ay müddətinə ödəmək şərtilə 1.670 manat kredit verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli təhvil–təslim aktından görünür ki, 3 adda qızıl–zinyət əşyası Cavabdeh2 tərəfindən "xxxx" MMC–yə təhvil verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022–ci il tarixdə "xxxx" MMC tərəfindən İddiaçı 18 ay müddətinə ödəmək şərtilə 2.400 manat kredit verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli təhvil–təslim aktından görünür ki, 6 adda qızıl–zinyət əşyası İddiaçı tərəfindən "xxxx" MMC–yə təhvil verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, ilan qabığı formalı, 10 qramlıq bir ədəd qızıl sepin dəyəri 900 manat, buta formalı, 4 qramlıq, 585 əyarlı, brilyant qaşlı bir ədəd qızıl klonun dəyəri 800 manat, 12 qramlıq, buta formalı, brilyant qaşlı, 750 əyarlı bir cüt qızıl sırğa–üzük dəstinin dəyəri 2.500 manat, 583 əyarlı, 5 qramlıq, qızılgül formalı nişan üzüyün dəyəri 800 manat, zəncir formalı 3 qramlıq, 585 əyarlı bir ədəd qızıl qolbağın dəyəri 250 manat, uşaq üçün, sadə, qaşsız, 3.38 qramlıq, 583 əyarlı bir cüt qızıl sırğanın dəyəri 400 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan və ona əlavə edilmiş aktdan görünür ki, məhkəmənin müvəqqəti təminat tədbiri seçilməsinə dair qərardadı əsasında iddiaçıya məxsus, cavabdehlərin evində olan cehiz və geyim əşyalarının üzərinə həbs qoyulmuş və həmin əşyaların cavabdehlər tərəfindən istifadəsi qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl–zinət əşyalarının hədiyyə şəklində verilməsini və hazırda da həmin qızılların, habelə iddia ərizəsində göstərilən cehiz və geyim əşyalarının cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Qızılların, cehiz və geyim əşyalarının iddiaçıda olmasını sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlərdən Cavabdeh2lə xx.xx.2016–cı il tarixdə ailə quraraq evlənmişdir. Toy günü iddiaçı cavabdehlərin yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2016–cı il tarixdə Miray adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəminində iddiaçı əri ilə ayrılmışdır. İddiaçıya toy zamanı cavabdehlər tərəfindən qızıl–zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı 2022–ci ilin iyul ayınadək cavabdehlərlə birgə yaşamışdır. Göstərilən tarixdə isə iddiaçı yaranmış ailə daxili mübahisə nəticəsində cavabdehlərin evindən çıxmışdır. Məhkəmə iclası zamanı hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Həmçinin, iddiaçının tələb etdiyi cehiz və geyim əşyalarını cavabdeh tərəf mübahisələndirməmiş, həmin əşyaların hazırda onlarda olmasını, iddiaçının istənilən vaxt həmin əşyalarını götürə biləcəyini qeyd etmişdir. Eləcə də, məhkəmənin müvəqqəti təminat tədbiri seçilməsinə dair qərardadı əsasında icra məmuru tərəfindən iddiaçıya məxsus, cavabdehlərin evində olan cehiz və geyim əşyaları aşkar edilərək üzərinə həbs qoyulmuş və həmin əşyaların cavabdehlər tərəfindən istifadəsi qadağan edilmişdir. Bu səbəbdən məhkəmə iddianın cehiz və geyim əşyaları ilə bağlı hissəsini araşdırmır. Lakin qızıl–zinyət əşyaları ilə bağlı iddiaçının göstərdiklərini cavabdeh tərəf qəbul etməmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə qeyd edir ki, hər iki tərəf, yəni həm iddiaçı, həm də cavabdeh mübahisəli qızıl əşyalarının birgə nikah dövründə, yəni xx.xx.2022–ci il tarixdə Cavabdeh2 adından "xxxx" MMC–yə girov qoyularaq kredit götürülməsini, daha sonra isə, yəni xx.xx.2022–ci il tarixdə həmin qızıl–zinyət əşyalarının girovdan çıxarılaraq İddiaçı tərəfindən "xxxx" MMC– yə girov qoyulmasını bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər 2022–ci ilin iyul ayında faktiki, xx.xx.2023–cü il tarixdə isə rəsmi olaraq ayrılmışlar. İstər xx.xx.2022–ci il tarixdə, istərsə xx.xx.2022–ci il tarixdə mübahisəli qızıl əşyaları girov qoyularkən tərəflər birgə nikah dövründə yaşamışlar. İlkin olaraq qızıl əşyaları iddiaçının razılığı əsasında, eləcə də ikinci dəfə məhz iddiaçının özü tərəfindən girov qoyulmuşdur. Cavabdeh2 isə həmin krediti iş qurmaq üçün götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə əsasən ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə qeyd edir ki, mübahisəli qızıl əşyaları birgə nikah dövründə ilkin olaraq iddiaçının öz razılığı əsasında girov qoyulduğundan hazırda onun həmin qızılları mübahisələndirməsi əsaslı hesab edilə bilməz. Həmçinin, qızıl əşyaları ikinci dəfə iddiaçının öz adına girov qoyulmuş, girov müqaviləsi iddiaçı ilə bağlanmış və iddiaçı özü təhvil–təslim aktı əsasında qızılları lombarda girov qoymuşdur. Belə olan halda məhkəmə, həmin qızılların yalnız iddiaçıya qaytarılmasının mümkün olduğunu diqqətdə saxlayaraq hesab edir ki, iddia tələbinin qızıl əşyalarına münasibətdə təmin edilməsi əsaslı və qanuni sayıla bilməz. Məhkəmə iddianın cehiz və geyim əşyaları ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi cehiz və geyim əşyaları, uşağa məxsus əşyaları cavabdeh tərəf qəbul etmiş, həmin əşyaların hazırda onlarda olmasını, iddiaçının istənilən vaxt həmin əşyalarını götürə biləcəyini bildirmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cehiz əşyalarının dəyəri barəsində mütəxəssis rəyi təqdim etməsə də, məhkəmə cehiz əşyalarının göstərilən qiymətlərini mövcud bazar qiymətlərinə uyğun olmasını, eləcə də həmin qiymətlərin cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən cehiz və geyim əşyaları, eləcə də uşağa aid əşyalar cavabdehlərdə qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zaman tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, mübahisəli cehiz əşyaları iddiaçıya valideynləri tərəfindən hədiyyə verilmiş, hədiyyə verənlər həmin əşyanın mülkiyyətçisi olmuş, həmin əşyalar və iddiaçıya məxsus geyim əşyaları, eləcə də iddiaçının uşağına məxsus əşyalar hazırda cavabdehlərdə qalmışdır. Qeyd olunan hallar məhkəmə iclasında tam sübuta yetirildiyindən, iddiaçı mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında iddiaçıya valideynləri tərəfindən hədiyyə verilmiş, həmçinin geyim əşyaları iddiaçıya məxsus olmuşdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin sahibliyindədir. Cavabdehlərin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cehiz, geyim və uşağa məxsus əşyalara münasibətdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3–ci maddəsinə əsaən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 250 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 60 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehlərdən 33 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutulub iddiaçıya ödənilməli, məhkəmə xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəyəri 2.000 manat olan bir dəst yataq mebeli –ağ rəngli, güzgülü, qabağı süyürməli – bir ədəd paltar şkafı, bir ədəd iki nəfərlik çarpayı, iki ədəd tumbuçka, bir ədəd termo, bir ədəd termo stolu, dəyəri 300 manat olan qarışıq rəngli, 3x4 ölçülü bir ədəd böyük xalça, dəyəri 100 manat olan 1x1.5 ölçülü iki ədəd balaca xalça, dəyəri 60 manat olan hündür, bir ədəd ütü stolu, dəyəri 50 manat olan beş şamlı, bir ədəd çilçiraq, dəyəri 40 manat olan saçaqlı, bir ədəd qapı üçün pərdə, dəyəri 300 manat olan dekorativ parçadan, boz rəngli, bəzəkli, dörd ədəd pəncərə pərdəsi, dəyəri 200 manat olan iki ədəd tül parçadan pəncərə pərdəsi, dəyəri 200 manat olan 25 kq–lıq, bir ədəd iki nəfərlik yun döşək, dəyəri 100 manat olan 5 kq–lıq, bir ədəd iki nəfərlik yun yorğan, dəyəri 100 manat olan iki ədəd qaz tükündən balınc, dəyəri 100 manat olan böyük ölçülü, dəmir qapaqlı, gümüşü rəngli iki ədəd qazan naboru, dəyəri 20 manat olan bir ədəd sadə meyvə qabı, dəyəri 80 manat olan orta böyüklükdə, qızılı rəngli bəzəkli, xrustal iki ədəd qənd qabı, dəyəri 50 manat olan xrustal, hündür bir ədəd güldan, dəyəri 30 manat olan bir ədəd paltar sərmək üçün asqı, dəyəri 50 manat olan ağ rəngli, üstü qaşlı, 6 nəfərlik bir dəst çay servizi, dəyəri 50 manat olan xrustal, üstü qaşlı, 6 ədəd bakal, dəyəri 50 manat olan on iki ədəd çay dəsmalı, dəyəri 60 manat olan altı ədəd əl–üz dəsmalı, dəyəri 40 manat olan 1 ədəd, uşaq üçün yun yorğan, dəyəri 40 manat olan 1 ədəd uşaq üçün yun döşək, dəyəri 20 manat olan 2 ədəd balınc, dəyəri 50 manat olan uşaq üçün təzə, 1 ədəd manej, dəyəri 500 manat olan bir ədəd çarpayı, bir ədəd tumbuçka, üç qapılı, bjr paltar şkafından ibarət olan bir ədəd uşaq dəsti, dəyəri 100 manat olan qara rəngli, saya, 36 ölçülü, bir ədəd ziyafət donu, dəyəri 250 manat olan çəhrayı rəngli, sinəsi və ətəyi güllü, bir ədəd ziyafət donu, dəyəri 30 manat olan qara rəngli, sinəsi sepli, Nayk firmadan, bir dəst idman paltarı, dəyəri 20 manat olan mavi rəngli, bir ədəd cins şalvar, dəyəri 20 manat olan iki cüt ev üçün ayaqqabı, dəyəri 20 manat olan qara rəngli, bir ədəd qadın üçün əl çantası və dəyəri 50 manat olan bir ədəd qara rəngli, qırmızı varatnikli kurtka natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri olan 5.080 (beş min səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada 33 (otuz üç) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat mediasiya xərci və 250 (iki yüz əlli) manat vəkil xidmət haqqı olmaqla, cəmi 343 (üç yüz qırx üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №e-2(076)-3465/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3465/2024
11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver