Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-162/2024 13.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə "xxxx" Kiçik Müəssisəsinin əmlakına dəymiş zərərə görə ödənilmiş 2950 manat sığorta ödənişinin, 50 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Chevrolet Aveo” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədərək "xxxx" Kiçik Müəssisəsinə məxsus olan daşınmaz əmlaka zərər yetirmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq "xxxx" KM-nə 3000 manat sığorta ödənişi həyata keçirmişdir.Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh2 təqsirli olması Sabunçu RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş ƏN-V 764763 nömrəli etibarnaməyə əsasən “Chevrolet Aveo” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 idarə etmək üçün verilmişdir. Lakin, Cavabdeh1 heç bir hüququ əsası olmadan nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 vermişdir. İş materiallarına əlavə olunmuş Azəri Express poçt xəbərnaməsindən göründüyü kimi borcun ödənilməsi ilə bağlı pretenziya məktubu cavabdehlər tərəfindən qəbul edilmişdir. Ödənilmiş 3000 manat məbləğdən Cavabdeh2 tərəfindən 50 manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmiş, lakin qalan məbləğ, yəni 2950 manat məbləğində pul vəsaiti halhazırda ödənilməmiş qalmaqdadır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazimi qaydada bildiriş göndərilmiş, lakin onların iddiaya qarşı əsaslandırılmış etirazları məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, X2 mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **- LG-*** dövlət nömrə nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək İddiaçı ASC-də sığortalanmışdır. İş materiallarında olan ƏN-V 764763 nömrəli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobili idarə etməyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 “Chevrolet Aveo” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 23:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesbatdan görünür ki, "xxxx" Kiçik Müəssisəsinə məxsus olan daşınmaz əmlaka 3000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 6692 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" Kiçik Müəssisəsinə 3000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta ödənişinin əvəzinin 10 iş gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh2 xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, etibarnamə əsasında Cavabdeh1 sahibliyində olan “Chevrolet Aveo” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən, "xxxx" Kiçik Müəssisəsinə məxsus olan daşınmaz əmlaka 3000 manat məbləğində maddi zərər vurması, iddiaçı tərəfindən zərərçəkənə 3000 manat sığorta ödənişinin həyata keçirilməsi, həmin məbləğdən 50 manatın Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməsi, bununla da, zərərin əvəzini ödəmək tələbinin iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 2950 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Kiçik Müəssisəsinin əmlakına dəymiş zərərə görə ödənilmiş 2950 (iki min doqquz yüz əlli) manat sığorta ödənişi, 50 (əlli) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-162/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-162/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver