Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-358/2024 19.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 10563,55 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane xidməti üzrə müqavilə”yə əsasən Cavabdeh **********0944-453874 saylı kart hesabı açılmış və kart verilmişdir. Müştəri xx.xx.2022-ci il tarixində X3 (apus.az) ödənişlər etmişdir, həmin an ödəniş icra olunmamış və “geri qaytarılmış (reversed)” statusunda olduğuna baxmayaraq xx.xx.2022-xx.xx.2022-ci il il tarixlərində həmin xidmətlərə görə vəsaitlərin silinməsi haqqında məlumat daxil olmuşdur. Silinmə gələn məbləğlər müştərinin kart hesabında olan vəsaitdən artıq olduğu üçün nəticədə müştərinin kart hesabında 10.357,97 AZN overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 230,57 AZN) onun overdraft borcundan silinmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixinə 10.127,4 AZN overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 436,15 AZN faiz borcu olmaqla, cəmi 10.563,55 AZN borcu vardır. Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-3681 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin maddələrindən də göründüyü kimi, Cavabdeh hazırki vəziyyətdə banka zərər vurub və əsassız varlanıb. Eləcə də, cavabdehin əsassız varlanma halı onunla sübut olunur ki, o, həmin məbləğin ona məxsus olmamasını biləbilə onu kartdan çıxarmış, və onu bu günə kimi banka geri qaytannaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı ASCnin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 7.3.39-cu bəndinə əsasən müştəri kart hesabı üzrə yaranan overdraft borcunu banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 % faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür. Cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, İddiaçı ASC məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında aparılmış əməliyyatlar çərçivəsində cavabdeh müqavilədən kənar qazanc əldə etmiş, 10357,97 manat məbləğində əsassız varlanmışdır. İddia ərizəsindən də göründüyü kimi, əsassız varlanmaya dair məlumatlar da elə qeyd olunan tarixlərdə iddiaçıya daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçının ərizəsindən də görünür ki, əsassız varlanma barədə məlumat iddiaçıya xx.xx.2022-ci il tarixdən bəlli olmuşdur. xx.xx.2024-cü il tarixdən iddiaçının əsassız varlanma üzrə hər hansı bir məbləğ tələb etmək hüququ itirilmişdir. Qeyd olunanlara əsasən qanunla nəzərdə tutulmuş tələbetmə müddətinin (iddia müddətinin) keçməsi və bu səbəbdən həmin hüququn itirilməsini nəzərə almaqla iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, bu tələblərə iddia müddəti şamil edilmir. İddia ərizəsinin predmeti olan pul İddiaçı ASC-nin mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasınlnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən iddia ərizəsinə iddia müddəti tətbiq edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh cəmi 10.563, manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizəyə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə saat 10:20-yə təyin olunmuşdur. Məhkəmə tərəfindən hazırlıq mərhələsinin yekunlaşmasına və baxış iclasının təyin lunmasına dair qərar qəbul olunmuşdur və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Bildirişin elektron kabinetə daxil olma saatı 11:02 göstərilir. Mülki Prosessul Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandan sonra, saat 11:39-da iddianın əsasını dəyişdiyinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə görünür ki, iddiaçı təkidlə bütün prosessual müddətləri ötürməkdə israrlıdır. İşin mahiyyətinin dəyişməməsinə və iddiaçının formal mülahizələrlə buraxılmış iddia müddətini bərpa etmək üçün əsassız cəhdləri özündə əks etməsinə baxmayaraq, prosessual pozuntu olması səbəbindən həmin ərizəni icraata qəbul etməməyə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC cavabdehin nümayəndəsinin etirazına münasibət olaraq bildirmişdir ki, xx.xx.2024cü il tarixində keçirilmiş məhkəmə prosesində "xxxx" ASC-nin nümayəndəsi iştirak etmiş və iddia ərizəsinin əsasının dəyişdirilməsi barədə ərizəni məhkəmə iclas zalında təqdim etmişdir. Cabadehin özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Ərizə məhkəmə işçiləri tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir. Cabadehin özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün bu barədə məlumatlı deyildir və etiraz əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanladığı “"xxxx" ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair” xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, cavabdeh bu ərizə formasının arxa tərəfində yerləşən "Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə" ilə, həmçinin kartların istifadəsi ilə bağlı bank tərəfindən müəyyən edilən tariflərlə tanış olmuş və onları qeyd-şərtsiz qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilənin surətindən görünür ki, müqavilənin predmetini bank tərəfindən müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın (bundan sonra “Kartmane hesabı” adlandırılacaq) açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesabla bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1.17-ci bəndinə əsasən akseptsiz və ya təkrar silinmə valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən bankın və müştərinin iradəsi xaricində kart hesabında yaranan mənfi qalıq, borc və öhdəliklər texniki (icazə verilməmiş) overdraft adlanır. 8.2-ci bəndinə görə, bank müştərinin kart hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və digər texniki overdraft məbləğini, həmçinin bu müqavilədə nəzərdə tutulmayan hallarda səhvən kart hesabına köçürülmüş müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, müştərinin sərəncamı olmadan bankdakı istənilən hesabından akseptsiz qaydada silir. 8.3-cü bəndinə görə, müştəri bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər texniki overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə bankın həmin məbləği müştərinin bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu müqaviləni imzalamaqla müştəri buna oz razılığını bildirir. 8.4-cü bəndinə görə, müştəri, kart hesabı üzrə yaranan overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində banka ödəməyi oz öhdəsinə goturur. 8.5-ci bəndinə görə isə, kart hesabı üzrə overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri overdraft uzrə yaranan borcu banka overdraftın yarandığı gündən etibarən 30 təqvim gunu ərzində ödəməzsə, bu halda, bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi oz öhdəsinə goturur. Məhkəməyə təqdim edilmiş Cavabdeh məxsus kart əməliyyatları üzrə AZ79RBTA**********0944453874 saylı hesabdan çıxarışdan görünür ki, iddiaçı bank tərəfindən açılmış hesab üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 10.357,97 manat məbləğində texniki overdrafta yol verilmişdir. 10.5.2022-xx.xx.2022-ci il tarixləri arasında 230,57 AZN overdraft borcundan silinmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, RB02/PK-3660 saylı bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində açılan **********0944-453874 saylı kart hesabı üzrə 10357,97 AZN overdraft borcunun yarandığı, daha sonra müxtəlif tarixlərdə hesaba edilmiş mədaxillərin (cəmi 230,57 AZN) overdraft borcundan silindiyi bildirilmiş, xx.xx.2024-cü il tarixinə 10127,40 AZN overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 436,15 AZN faiz borcu olmaqla, cəmi 10 563,55 AZN borcunun olduğu, 3 iş günü müddətində banka yuxarıda göstərilən məbləği ödəməsi, əks təqdirdə, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04. 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinin tələblərinə görə ümumi iddia müddəti on il təşkil edir. 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane xidməti üzrə müqavilə”yə əsasən iddiaçı tərəfindən cavabdehin **********0944-453874 saylı kart hesabına səhvən pul mədaxil edilməsi nəticəsində xx.xx.2022-ci il il tarixdə 10.357,97 manat overdraft borcu yaranmışdır. Daha sonra xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında bank tərəfindən overdraft borcundan 230,57 manat silinmişdir. Belə olan halda iki illik iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsasının dəyişdirilməsindən sonra pulun bankın mülkiyyəti olması və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən hazırki tələbə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı mülahizələrinə münasibət bildirərək qeyd edir ki, maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdimüəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə iddia müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bununla yanaşı, bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04. 2021-ci il tarixli Qərarında göstərilnişdir ki, “əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən hazırki mübahisə üzrə İddiaçı ASC-nin Cavabdeh hesabına yanlışlıqla 10.357,97 manat pul vəsaiti köçürməsi nəticəsində həmin pul vəsaitinin sonuncunun əmlak aktivinə qarışmaqla onun əsassız varlanmasını, bu faktın iddiaçıya xx.xx.2022-ci il tarixində məlum olmasını nəzərə alıb, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, tələb üzrə qanunvericiliklə müəyyən edilmiş iki illik xüsusi iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 122 dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tuturaq məhkəmə, Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən 10563,55 (on min beş yüz altmış üç manat 55 qəpik) manat məbləğində pulun tutulması tələbinə dair iddiasi təmin edilməsin. Ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-358/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-358/2024
19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver