Məhkəmə qərarları › İş №e-2(078)-1479/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1479/2023

22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1479/2023 22.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 215 (iki yüz on beş) AZN məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat qırx qəpik) AZN dövlət rüsumunun, ümumilikdə 245.30 (iki yüz qırx beş manat otuz qəpik) AZN məbləğin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 17 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Daevoo BS090 avtobus” markalı, 99LF641 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunarkən yol nəqliyat hadisəsi törədildiyini və nəticədə “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəydiyini, dəymiş zərərin hesablanmasına dair akta əsasən “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə 215 (iki yüz on beş) AZN zərər dəyməsinin müəyyən edildiyini, şirkət tərəfindən dəymiş zərərin aradan qaldırılaraq “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 215 (iki yüz on beş) AZN sığorta ödənişinin həyata keçirildiyini, AR DİN Sabunçu Rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna və müvafiq inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edildiyini və barəsində AR İXMnin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən 100 (yüz) AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edildiyini, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüquqlarının yarandığını, pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq Cavabdeh tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 215 (iki yüz on beş) AZN məbləğində sığorta ödənişi şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququnun olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 215 (iki yüz on beş) AZN məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.40 (otuz manat qırx qəpik) AZN dövlət rüsumunun, ümumilikdə 245.30 (iki yüz qırx beş manat otuz qəpik) AZN məbləğin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə 215 (iki yüz on beş) AZN zərər dəyməsi müəyyən edilmişdir. 09142 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 215 (iki yüz on beş) AZN sığorta ödənişi həyata keçirilmişdir. AR DİN Sabunçu Rayon DYPŞ-nin İXP ******* nömrəli, 24 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoluna və ******* nömrəli, 24 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.1 və 327.6cı maddələrinə əsasən 100 (yüz) AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11 oktyabr 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 12 oktyabr 2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 215 (iki yüz on beş) manat məbləğində pul vəsaiti və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 245.30 (iki yüz qırx beş manat otuz qəpik) manat məbləğində pul tutulmalıdır. Belə ki, dəymiş zərərin hesablanmasına dair akta əsasən, “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə 215 (iki yüz on beş) AZN zərər dəyməsi müəyyən edilmişdir. 09142 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən dəymiş zərər aradan qaldırılaraq “Nissan Tida minik” markalı, 77BE484 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 215 (iki yüz on beş) AZN sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 215 (iki yüz on beş) manat məbləğində pul vəsaiti və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 245.30 (iki yüz qırx beş manat otuz qəpik) manat məbləğində pul tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar