Məhkəmə qərarları › İş №e-2(078)-1530/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-1530/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-1530/2023 24.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə, 480.4 (dörd yüz səksən manat qırx qəpik) manat məbləğin iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X1 məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “X5“ minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 190” minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz 190” minik markalı, ** CP *** dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş maddi zərərə görə 450 (dörd yüz əlli) manat məbləğdə sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Xətai rayon DYPŞ-in TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinə sübut qismində təqdim edilmiş icbari sığorta şəhadətnaməsinin təfsilatının surətindən məlum olur ki, “X5“ minik markalı, ** ME *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən məlum olur ki, xx.xx.2021-ci il tarixində, saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ərazisində Cavabdeh “X5“ minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman ara məsafəsi qaydasını pozmuş və “Mercedes Benz 190” minik markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinin tələblərini pozduğundan xx.xx.2021-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib olumuş və 100 manat miqdarında cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə tərtib olunmuş Sığorta Ödəniş Aktının surətindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində zərərçəkənə məxsus “Mercedes Benz 190” minik markalı, ** CP *** dövlət qeydiyyan nişanlı avtomobil üçün 450 (dörd yüz əlli) manat zərər məbləği müəyyən edilmiş və məbləğ sığorta ödənişi həyata iddiaçı təşkilat tərəfindən zərərçəkənə ödənilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdeh tərəfindən həmin məbləğin geri qaytarılması təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 450 (dörd yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 və ya AsanPay ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə işin faktiki mübahisələndirilməyən hallarını iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və yuxarıda sadalanmış hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, iddiaçının ödənilmiş sığorta haqqını cavabdehdən tələb etmək üçün əsası sığorta aktıdır. Həmin sığorta aktında göstərilən məbləğdə zərərçəkənə ödənilmiş məbləğ cavabdehdən tələb edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 və ya AsanPay ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar