Məhkəmə qərarları › İş №e-2(080)-152/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-152/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-152/2022 26.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət etmiş, Cavabdeh 8931.95 manat məbləğində pulun, 111 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh, X1 və ondan cəmi 8347.62 manat məbləğində pulun alınması və Expressbank ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Hazırda həmin qətnamə tam icra olunmuşdur. Belə ki, Expressbank ASCnin icra sənədi üzrə icraata xitam verilməsi barədə Naxçıvan MR Ordubad rayon icra və probasiya şöbəsinin rəisinə və Sumqayıt şəhəri üzrə icra idarəsinin rəisinə ünvanladığı ərizə ilə icra sənədinin tam icra olunduğu təsdiqini tapır. Həmçinin Sumqayıt şəhəri üzrə icra idarəsinin icra sənədinə xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə icra ödənişi olan (7%) 584.33 manat tərəfindən icra idarəsinə tam ödənilmişdir . Həmçinin iş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən göründüyü kimi icra sənədi üzrə 8347.62 manat məbləğində borc və icra ödənişi olan 584.33 manat məbləğində pul tərəfindən icra olunmuşdur. Zamin olaraq borclunun bank qarşısında götürdüyü öhdəliyi icra etmiş, reqres hüququndan istifadə edərək borcludan həmin məbləği geri tələb edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasını onun iştirakı olmaran keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 23% dərəcəsi ilə 24 ay müddətinə 8000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən bank borcala 8000 manat məbləğində kredit vermiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3/2 saylı zaminlik müqaviləsinin 1-ci maddəsinə əsasən zamin, borc alanın 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. Sumqayıt şəhər məhkəməsinin 2(060)-615/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Expressbank ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh və X2 qarşı kredit müqavilıəsi üzrə yaranmış borcun tutulması tələbi təmin edilmiş, cəmi 8.347.62 manat məbləğində pulunun cavabdehlərdən alınıb Expressbank ASC-yə ödənilməsi qət edilmişdir. Express Bnak ASC-nin icra sənədi üzrə icraata xitam verilməsinin xahiş edilməsi barədə ərizəsində qeyd edilmişdir ki, “Sumqayıt şəhər məhkəməsinin 2(060)-615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular İddiaçı, Cavabdeh və X1, cəmi 8.347.62 manat məbləğində borc, kreditor Expressbank ASC-nin xeyrinə tutulması qət edilmişdir. Nəzərinizə çatdırırıq ki, borclu sözügedən icra sənədi üzrə borcu 05 mart 2022ci il tarixdə tam olaraq ödəmişdir....” Sumqayıt şəhəri üzrə İcra idarəsinin 09 mart 2011-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-615 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə 09 mart 2022-ci il tarixli məktuba və icra ödənişi ödənildiyinə görə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları, nağd pulun mədaxil qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsi üzrə müəyən edilmiş AZ78AZEN******************** hesab nömrəsinə 8.048.08 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, "xxxx" ASC və Cavabdeh arasında 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 23% dərəcəsi ilə 24 ay müddətinə 8000 manat məbləğində istehlak krediti verilmişdir. İddiaçı Yaşar oğlu və Exspressbank ASC arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3/2 saylı zaminlik müqaviləsinə əsasən zamin, borc alanın 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. Sumqayıt şəhər məhkəməsinin 2(060)-615/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Expressbank ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh və X2 qarşı kredit müqavilıəsi üzrə yaranmış borcun tutulması tələbi təmin edilmiş, cəmi 8.347.62 manat məbləğində pulun cavabdehlərdən alınıb Expressbank ASC-yə ödənilməsi qət edilmişdir. Express Bnak ASC icra sənədi üzrə icraata xitam verilməsinin xahiş edilməsi barədə 09 mart 2022-ci il tarixli, 001/007/1358/2022 nömrəli ərizə ilə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borcu borclu 05 mart 2022-ci il tarixdə tam olaraq ödədiyini bildirmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin 09 mart 2011-ci il tarixli qərarı ilə, Sumqayıt şəhər məhkəməsinin 2(060)-615 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə 09 mart 2022-ci il tarixli məktuba və icra ödənişi ödənildiyinə görə xitam verilmişdir. İddiaçı iddia ərizəsində 8347.62 manat borc və 584.33 manat icra ödənişi ödədiyini, həmin məbləğin cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları və məxaric qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən 17 dekabr 2015-ci il tarixli, 200840-77336/3 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş AZ78AZEN******************** hesab nömrəsinə 8.048.08 manat məbləğində pul ödənilmiş, icra ödənşinin məhs iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdır. . Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən amin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8.048.08 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 111 manat dövlət rüsumunin 99.9 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 11.1 manat isə özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8.048.08 manat və 99.9 manat ödənlmiş dövlət rüsunun əvəzi alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 11.1 manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar