Məhkəmə qərarları › İş №e-2(089)-336/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(089)-336/2025

23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № e-2(089)-336/2025 23.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X7 iclas katibliyi, iddiaçı X5, iddiaçının nümayəndəsi-vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh ona məxsus qızıl-zinət əşyalarının və yaxud onların dəyəri olan 5420 manatın və iş üzrə ödənilmiş 64.20 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X5 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 27 fevral 2023-cü il tarixdə ailə qurmuşlar. Aralarında olan nikah Culfa Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olduqları müddətdə həm öz ailəsinin, həm də cavabdehin ailəsinin hədiyyə etdiyi qızılzinət əşyaları olmuşdur. Cavabdeh öz ailəsinin hədiyyə etdiyi komplekt qızıl dəstini və nişan üzüyünü lombarda qoymuş, digər qızıl-zinət əşyalarını isə “Cahan Ticarət Mərkəzində” 2-ci mərtəbədə satmışdır. Həmin vaxt özü riskli keçən hamiləliyi ilə əlaqədar xəstəxanada olmuşdur. Evlərində kassa olmuş, qızıl-zinət əşyaları həmin kassanın içərisində olmuşdur. Valideynlərinin verdiyi qızıllar 15 qram, cavabdehin ailəsinin aldığı qızıllar isə 27 qram olmuşdur. Cavabdeh komplekt dəsti kassadan götürdüyü vaxt başqa qadınla münasibəti olmuş, onunla yaşamışdır. Hazırda da həmin qadınla yaşayır, övladı da var. Özü isə həmin vaxtlar anasıgildə qalmışdır. 2024-cü ilin fevral ayından cavabdehlə ayrı yaşamışlar. Çünki, evdə ona baxan heç kim olmamış, cavabdeh gec saatlarda evə gəlmiş, bəzən isə heç gəlməmişdir, bu səbəbdən cavabdehlə birgə qaldıqları evə çox getməmişdir. Evdən gedən zaman qızılları kassaya qoyub getmişdir. Cavabdeh hər dəfə onu qızılları verməsi üçün təhdid etmiş, verməyəcəyi halda onu boşayacağını bildirmişdir. O da cavabdehə qızılları satmaq istəmədiyini bildirmişdir. Cavabdeh komplekt qızıl dəstini lombarda qoymuş, pulunu da ödəməmişdir. Qızılların lombarda qoyulmasından xəbəri olmamışdır. Kassanın açarı onda olmuş, lakin kassa şifrə ilə də açıla bilirmiş, həmin şifrəni də cavabdeh bilmişdir. Cavabdeh qalan qızılları da satdıqdan sonra anasıgilə gəlmiş, ondan qızılları satıb-satmadığını soruşmuş, cavabdeh satmadığını bildirmişdir. Daha sonra evdən cehizləri götürməyə gedən zaman şkafdan lombard kağızını tapmış, bundan sonra qızılların lombarda qoyulduğundan xəbəri olmuşdur. Komplekt qızıl dəsti cavabdehin ailəsi tərəfindən alınmış, 3080 manat dəyəri olmuşdur. Üzərində etiketi olmuş, etiketi ilə birlikdə lombarda verilmişdir. 1 ədəd sadə tək qaşlı qızıl üzük nişan mərasimi zamanı cavabdehin ailəsi tərəfindən hədiyyə edilmiş, üzərində etiketi olmuş, 300 manat dəyərində olmuşdur. 1 cüt sırğa 2022-ci ilin mart ayında cavabdehin anası tərəfindən hədiyyə edilmiş, üzərində etiketi olmuş, 430 manat dəyərində olmuşdur. 1 ədəd sadə ürək şəkilli pandora qızıl boyunbağı ad günündə cavabdeh tərəfindən hədiyyə edilmişdir, alınan zaman cavabdeh ona görüntülü zəng etmiş, özü seçmişdir, qiymətini də görmüşdür. 1 ədəd sadə üzərində qaş klonlu qızıl boyunbağı cavabdeh tərəfindən 14 fevral sevgililər günündə alınmış, onu bəyənmədiyi üçün heç taxmamış, üzərində etiketi ilə kassada qalmış, 275 manat dəyəri olmuşdur. 1 ədəd pandora qızıl qolbağını nənəsi hədiyyə etmiş, 440 manat qiyməti olmuş, alınan zaman özünü də aparmışlar. 1 ədəd ürək formalı klonla qızıl boyunbağını anası 02 avqust 2023-cü ildə, ad günündə almış, şəklini atmışdır, üzərində etiketi olmuş, 500 manat dəyərində olmuşdur. Komplekt qızıl dəsti cavabdeh tərəfindən lombarda qoyulmuş, qeyd etdiyi digər qızıllar isə satılmışdır. Cavabdehə güvənmədiyi üçün qızılların hamısının qiymətini yadında saxlamışdır. Nişanlı olduqları dövrdə də cavabdeh və bacısı dəfələrlə qızıllarını lombarda qoymuşlar. Cavabdehi nişanlı olan vaxt tanımış, nişanı atmaq istəmiş, lakin atmamış, evlənən zaman düzələcəyini düşünmüşdür, lakin düzəlməmişdir. Cavabdeh qızılları bir adama satmışdır. Cavabdeh yatan vaxtı gizlicə telefonuna baxan zaman zərgərlik səhifəsini görmüş, ayrılandan sonra isə həmin mağazaya getmiş, heç nə deməmiş, öz qızıllarını vitrində görmüşdür. Bundan sonra qızılları satdığına əmin olmuşdur. Daha sonra mağazanın sahibi Xanıma zəng etmiş, o da Ramazanın qızılları gətirib ona kimliklə satdığını bildirmişdir. Cavabdehə qızılların pulunun qaytarılması barədə bir neçə dəfə bildirmiş, ilk əvvəl o verəcəyini bildirmiş, lakin sonra verməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçının bildirdiyi bəzi məqamlar yalandır. Qızılları oğlu Ramazan və keçmiş gəlini Zeynəb birlikdə lombarda qoymuşlar. İddaçıya 3080 manat dəyərində komplekt qızıl dəst, bir ədəd nişan üzüyü hədiyyə etmişlər. Əlavə olaraq nişan mərasimi zamanı qızının qayınanası tərəfindən bir ədəd qızıl üzük hədiyyə edilmişdir. İddiaçının qeyd etdiyi digər qızıllar- 1 cüt qızıl sırğa, 1 ədəd sadə ürək şəkilli pandora qızıl boyunbağı, 1 ədəd sadə üzərində qaş klonlu qızıl boyunbağı, 1 ədəd pandora qızıl qolbaq, 1 ədəd ürək formalı klonla qızıl boyunbağı barədə məlumatı yoxdur. Oğlu işlə bağlı iddiaçının razılığı ilə qızılları lombarda qoymuşdur. Qızıllar Zeynəbin özündə olmuşdur, heç biri bu barədə ona qarışmamışdır. Komplekt qızıl dəsti lombardda qalmışdır, çünki pulu ödənilməmişdir. Həmin pulu kim xərcləyib xəbəri yoxdur. Onlar tərəfindən yalnız, komplekt qızıl dəsti, nişan üzüyü və bir ədəd üzük hədiyyə edilmişdir. Həmin hissədə iddianı qəbul edir və ödəməyə də razıdır. Çünki, həmin qızıllar iddiaçıya hədiyyə edilmişdir, ona məxsusdur. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 02 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak etmiş, iddiaçı X5 tərəfindən təqdim edilmiş X11 izahatında bildirmişdir ki, “Cahan Ticarət Mərkəzində” zərgər işləyir. Zeynəb xanım onunla əlaqə saxlamış, qızılların satılıbsatılmaması barədə məlumat almış, o da satıldığını bildirmişdir. Hadisə 2 il öncə olmuşdur, ona görə də tam xatırlamır, Ramazan bəydən təxminən 2-3 boyunbağı, 1 cüt sırğa, 1 qolbaq, 1 üzük almış, qızıllar üçün toplam 1200 manat ödəmişdir. Qızıllar alınan zaman şəkillər çəkilmiş, həmin şəkillər polisdə saxlanılır. 2 il bundan öncə qızılın qramının qiyməti 75 manat olmuş, hazırda lom qiyməti 130 manat, satış qiyməti 185 manatdır. Qızılları alan zaman Ramazan bəydən kimin qızıl-zinət əşyaları olduğunu soruşmuş, o da yoldaşının qızıl-zinət əşyaları olduğunu bildirmişdir. Şəxs evli olduğundan, həmçinin qızılların yoldaşına məxsus olduğunu bildirdiyi üçün qızılları qəbul edib almışdır. İş materiallarına əlavə edilmiş- 000130 nömrəli girov biletindən görünür ki, 24 may 2023-cü il tarixdə girov verən Cavabdeh tərəfindən 2 ədəd üzük, 1 ədəd sep klon, 1 ədəd qolbaq, 1 cüt sırğa- 25.14 qram qızıl (qiyməti 1500 manat) girov verilmiş, girovun çıxarılma tarixi 24 iyun 2023-cü il müəyyən edilmişdir. X6 tərəfindən verilmiş 23 dekabr 2025-ci il tarixli, NQM 031-12/25 nömrəli hesabatdan görünür ki, çəkisi 25.14 qram, əyarı 585 olan 1 ədəd qızıl dəstin (1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzük) qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 3519.60 manat; çəkisi 2 qram, əyarı 585 olan 1 ədəd qızıl üzüyün (sadə tək qaşlı) qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 280 manat, çəkisi 2.3 qram, əyarı 585 olan 1 cüt sırğanın qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 322 manat; çəkisi 2.5 qram, əyarı 585 olan 1 ədəd qızıl boyunbağının (pandora) qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 350 manat; çəkisi 1.3 qram, əyarı 585 olan 1 ədəd qızıl boyunbağının qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 182 manat: çəkisi 3.4 qram, əyarı 585 olan 1 ədəd qızıl qolbağın (pandora) qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 476 manat; çəkisi 3.4 qram, əyarı 585 olan 1 ədəd qızıl boyunbağının qramının qiyməti 140 manat, ümumi bazar dəyəri 476 manat təşkil edir. Naxçıvan Şəhər Polis İdarəsindən verilmiş 26 yanvar 2025-ci il tarixli cavab məktubundan bildirilmişdir ki, X8 barəsində Naxçıvan Şəhər Polis İdarəsində hər hansı bir materialla bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə işdə iştirak edən şəxslərin, şahidin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddianın təmin edilməsi üçün göstərilən hallar sübut olunmalıdır: 1) iddiaçıya mülkiyyət hüququ əsasında belə əşyalar məxsusdur; 2) həmin əşyalar cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 Cavabdeh tərəfindən ona məxsus olan qızıl-zinət əşyalarının bir qisminin (komplekt qızıl dəsti) lombarda qoyulduğunu, bir qisminin isə (tək qaşlı qızıl üzük, qızıl sırğa, qızın boyunbağı (pandora), üzərində qaş klonlu qızıl boyunbağı, qızıl qolbaq (pandora), ürək formalı qızıl boyunbağı) satıldığını bildirirək həmin qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona qaytarılmasını tələb etmişdir. İddiaçı tərəfindən sübut kimi bəzi qızıl-zinət əşyalarının fotoşəkilləri və lombard sənədi təqdim edilmişdir. Cavabdehin nümayəndəsi isə iddianı qismən qəbul etmiş, yalnız komplekt qızıl dəsti və bir ədəd qızıl üzük alındığını, digər qızıllar barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçının ərizədə göstərdiyi qızıl-zinət əşyalarından yalnız komplekt qızıl dəsti (1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzük) və bir ədəd ürək şəkilli qızıl boyunbağının (pandora) şəkli mövcuddur. Həmçinin, komplekt dəst üzrə əlavə olaraq girov sənədi də təqdim edilmişdir ki, bu da komplekt qızıl dəstinin cavabdeh tərəfindən götürülərək lombarda qoyulduğunu təsdiq edir. Əlavə olaraq, fotoşəkillərdə olmasa da, cavabdeh tərəf bir ədəd tək qaşlı qızıl üzüyün də alındığını qəbul edir. Bu halda iddiaçı X4 məxsus olan həmin qızıl-zinət əşyaları (komplekt dəst, üzük, ürək şəkilli boyunbağı) mövcud olmuş və onların alınma faktı tərəflər arasında mübahisə doğurmur. Lakin, digər qızıl-zinət əşyalarına dair fotoşəkil və ya mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən şahid qismində məhkəməyə təqdim olunmuş X1 qızıl-zinət əşyalarının 2 il öncə cavabdeh tərəfindən ona satıldığını bildirsə də, onun izahatı hər hansı digər sübutla təsdiq edilməmişdir. Belə ki, satılma faktı ilə bağlı hər hansı yazılı sübut, qəbz, şəkil və s. məhkəməyə təqdim edilməmişdir. Şahid izahatında satışla bağlı qızıl-zinət əşyalarının fotoşəkillərinin polisdə saxlanıldığını bildirmiş, buna görə də məhkəmə tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edilmiş, Cavabdeh X9 qızıl-zinət əşyaları satmasını təsdiq edən sənədlərin, fotoşəkillərin məhkəməyə göndərilməsi xahiş edilmiş, polis idarəsindən verilmiş cavab məktubunda Naxçıvan Şəhər Polis İdarəsində hər hansı araşdırma aparılmadığı bildirilmişdir. Bu halda, yalnız şahid ifadəsi əsasında iddianın həmin hissədə təmin edilməsi ədalətli deyil. Belə ki, şahid ifadəsi tək sübut kimi qiymətləndirilə bilməz, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, ekspert rəyində iddia ərizəsində göstərilmiş bəzi qızıl-zinət əşyalarının dəyəri daha yüksək qiymətləndirilmişdir (komplekt qızıl dəsti- iddia ərizəsində 3080 manat, rəydə 3519.60 manat, qızıl qolbaq (pandora) iddia ərizəsində 440 manat, rəydə 476 manat). Lakin, buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə verilməmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilməz və tələb olunmayan məbləğin tutulması barədə qərar qəbul edə bilməz. Buna görə də iddia yalnız tələb olunan məbləğ həddində təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, komplekt qızıl dəstinə münasibətdə ekspert rəyi nəzərə alınmamalı, digər qızıl-zinət əşyalarına münasibətdə isə (1 ədəd sadə tək qaşlı qızıl üzük və 1 ədəd pandora qızıl boyunbağı) həmin ekspert rəyi nəzərə alınmaqla, rəydə göstərilmiş qiymətlər əsas götürülməlidir.- Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirirək belə qənaətə gəlir ki, iddiaçıya məxsus komplekt qızıl dəsti (1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzük), bir ədəd ürək şəkilli qızıl boyunbağı (pandora) və bir ədəd tək qaşlı qızıl üzük cavabdehin mülkiyyətində qalmışdır. Lakin, digər qızıl-zinət əşyalarının mövcudluğu təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3080 manat dəyərində bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, 280 manat dəyərində bir ədəd qızıl üzük və 350 manat dəyərində bir ədəd qızıl boyunbağı və ya onların dəyəri 3710 manat məbləğində pul alınıb X4 verilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən X5 tərəfindən ödənilmiş 64.20 manat dövlət rüsumunun 43.94 manat hissəsi Cavabdeh alınıb X4 verilməli, 20.26 manat hissəsi özünə aid edilməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin 102.67 manatı Cavabdeh, 47.33 manatı X2 tutularaq “X6” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3080 manat dəyərində, 585 əyarlı, çəkisi 25.14 qram olan bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, 280 manat dəyərində, 585 əyarlı, çəkisi 2 qram olan bir ədəd qızıl üzük və 350 manat dəyərində, 585 əyarlı, çəkisi 2.5 qram olan bir ədəd qızıl boyunbağı və ya onların dəyəri 3710 manat məbləğində pul alınıb X4 verilsin. Ödənilmiş 64.20 manat məbləğində dövlət rüsumunun 43.94 manat hissəsi Cavabdeh alınıb X4 verilsin, 20.26 manat hissəsi X4 aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin 102.67 manatı Cavabdeh, 47.33 manatı X2 tutularaq “X6” MMCnin hesabına (VÖEN: **********, H.h: AZ16NİCB**********0001A35090, Bank: "xxxx" ASC, Kod: 507064, VÖEN:**********, M.h: AZ98NABZ********************4, SWİFT: NİCBAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar