Məhkəmə qərarları › İş №e-2(094)-151/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(094)-151/2025

29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(094)-151/2025 29.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz C250” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 245 (iki yüz qırx beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “AZSAMAND RX” markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 078747 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “AZSAMAND RX” markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktına əsasən hadisə zamanı “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 245 (iki yüz qırx beş) manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş 72 nömrəli ödəniş tapşırığına əsasən 245(iki yüz qırx beş) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Bakı şəhəri Pirallahı DYPB tərəfindən KYP 130750 saylı inzibati xəta haqqında protokolundan və qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Hesab olunur ki, 245(iki yüz qırx beş) manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 078747 nömrəli sığorta aktından və 72 nömrəli ödəniş tapşırığından görünür ki, “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 245 manat zərər "xxxx" ASC tərəfindən X1 ödənilmişdir. İs materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 245 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Pirallahı rayon DYPİ-nin xx.xx.2019-cu il tarixli, KYP 592914 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh avtomobillə geriyə hərəkət edərkən arxada dayanmış “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək yol nəqliyyat hadisəsi törədib hadisə yerindən yayınmışdır. Nəticədə Cavabdeh barəsəində İXM-nin 327.6-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh “AZSAMAND RX” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 245 manat zərərin subroqasiya qaydasında ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “AZSAMAND RX” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “Mercedes Benz C250” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən cavabdeh yol-nəqliyyat hadisəsi törətməklə sözügedən digər avtomobilə zərər vurması və ən əsası hadisə yerindən yayınması məhkəmə araşdırması zamanı təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 245,0 (iki yüz qırx beş) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 245 (iki yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Mercedes Benz C250” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 245 (iki yüz qırx beş) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirfallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar