Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(103)-6238/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülən Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42, mənzil 519B ünvanında mülkiyyət hüququ ilə ona məxsus olan 12 kv.m-dən ibarət 1 otaqlı mənzilinin əvəzi olaraq 2 otaqlı mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-4300/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən, həmin mülki işlə bağlı məhkəmə iclası keçirilərək, müvafiq araşdırmalar aparıldığından, həmçinin MPM-in 39.1-ci maddəsi nəzərə alınmaqla, hazırki mülki işə hansı məhkəmə tərəfindən baxılmasına dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından, habelə iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən söküldüyünü, cavabdehin ona mənzil verməli olduğunu, lakin mənzili verməməklə, mülkiyyət hüquqlarını pozmaqda davam etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunu mülkiyyətçi olan iddiaçının məhz mülkiyyət hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi mənzil Xətai rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır.
Tətbiq edilən hüquq normaları:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
6. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 44.2-ci maddəsində qeyd edilir ki, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə.
7. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
8. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır.
10. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən prosessual pozuntu hallarına yol verilmişdir.
11. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, Cavabdeh MMC tərəfindən sökülən ünvan 1 ünvanında mülkiyyət hüququ ilə ona məxsus olan 12 kv.m-dən ibarət 1 otaqlı mənzilinin əvəzi olaraq mənzilin verilməsi xahiş edilmişdir.
12. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir....
14. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşdiyi üçün iş materialları baxılması üçün müstəsna aidiyyat qaydalarına riayət edilməklə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh MMC-yə qarşı «yeni mənzilin verilməsi» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev