Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-143/2025 08.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11000 manat pulun və ödənilən 123 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Gürcüstan vətəndaşı olmasına baxmayaraq uzun müdətdir ki, Azərbaycan Respublikasında yaşadıqlarını, uşaqlarının burada təhsil aldığını, iki azyaşlı qız anası olduğunu, yoldaşının cəzaçəkmə müəssisəsində olduğunu, burada yaşamaq üçün buradan torpaq alıb ev tikdirmək fikrində olduqlarını, bu məqsədlə torpaq axtardıqlarını, 2024-cü ilin aprel ayında yoldaşı Elnurun cəzaçəkmə müəssisəsindən zəng edərək ona yanında olan X1 məhkəmə prosesi üçün pul lazım olduğunu, torpaqlarını satmaq istədiklərini bildirdiyini, sonra Cavabdeh-yəni İsmayılın anasının mobil nömrəsini verdiyini, cavabdehlə telefon əlaqəsi saxladığını və torpağa baxdığını, ilkin baxışdan torpağın xoşuna gəldiyini və yoldaşına bildiridiyini, 14000 manat verərək torpağı aldıqlarını, lakin cavabdeh 1 ay içində torpağın sənədini düzəldəcəyini bildirsə də, düzəltdirmədiyini, Bakıda yaşayan tanışları tərəfindən torpağın dövlət təyinatlı olduğunun bildirildiyini, neft ərazisi olduğunu, bu barədə cavabdehlə danışdığını və onları aldatdıqlarını bildirdiyini, ilkin olaraq torpağın sənədini düzəldə bilmədiklərini, neft ərazisi olduğunu bildirmədiklərini, torpağı istəmədiyini, yəni əvvəldən belə demədiklərini bildirərək verdiyi 14000 manatı geri qaytarmasını bildirdiyini, lakin cavabdeh pulu oğlunun işi üçün verdiyini, əlində pulun olmadığını bildirdiyini, cavabdehin hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırdığnı, 2024-cü ilin iyul ayında Xətai Rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə ərizə ilə müraciət etdiyini, polis şöbəsində cavabdeh tərəfindən ona 3000 manat qaytarıldığını, pulun qalan hissəsinin yəni 11000 manatını 2024-cü ilin noyabr ayına kimi qaytaracağını bildirdiyini, lakin hazırda cavabehin pulunun olmadığını, nə vaxt pulu olarsa onda qaytaracağını bildirdiyini, onu aldadaraq sənədi olmayan və dövlət təyinatlı torpağı satmasına baxmayaraq, qalıq qalan 11000 manat pulunu vermədiyini, buna görə də məhkəməyə müraciət etməkdən başqa yolunun qalmadığını bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçının nümayəndə-vəkili iməhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinin və iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin ərizədə cavabdehin torpağı 14000 manata iddiaçıya satdığını bildirdiyini, polisdə 9000 manat yazılmasının səbəbini 3000 manatı polisdə verməsini, 2000 manatını isə hazırda öz mülkiyyətində olan torpaq sahəsinə qum və daşa hesablayaraq pulun üzərindən çıxdığını bildirdiyini, iddiaçının 14000 manatın 10500 manatını ödəniş terminalı vasitəsilə, qalanını isə nəğd şəkildə verdiyini bildirmişdir. Cavabdehə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qismən qəbul etdiyini, borcundan üç min manat ödədiyini, səkkiz min manat borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Cavabdeh Xətai RPİ-nin 36-cı Polis Bölməsinə verdiyi 11 iyul 2024-cü il tarixli izahatından da görünür ki, cavabdeh iddiaçıya 4 sot torpaq sahəsinin ucuz qiymətə 16000 manata satmağa Arzu xanımla razılaşdıqlarını, Arzu xanımdan 10000 manat pul aldığını, 1000 manat səbəd düzətməyə, 3000 manat isə hasar çəkmək üçün verdiyini, sənəd düzəldikdən sonra isə qalan 6000 manat pulu ona verməli olduğunu, sonra Arzu xanımın torpağı almaqdan imtina etdiyini, maddi vəziyyətdən pis vəziyyətə düşdüklərini, sonra Arzu xanımla ümumulikdə 12000 manat pul borcunun olduğunu, borcunu 3000 manatı xx.xx.2024-cü il tarixdı Arzu xanıma ödədiyini, qalan 9000 mnat borcunu isə xx.xx.2024-cü il tarixədək ödəyəcyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh hesabına 1000,1500,1000 və 7000 manat göndərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus torpaq sahəsini iddiaçıya 16000 manata satılması barədə razılaşmışdır. Cavabdeh iddiaçıdan 10000 manat, 1000 manat sənədləşdirmə işləri, 3000 manatı isə hasar çəkilməsi üçün aldığını polis şöbəsində verdiyi izahatında göstərmişdir. Həmin puldan 3000 manatın qaytarılması isə işin mübahisəsiz halıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon, Xətai kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 11000 (on bir min) manat pul və 123 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı Ədalət qızına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-143/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-143/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver