Məhkəmə qərarları › İş №e-2(110)-62/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-62/2022

01.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-62/2022 01.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan qızı X2 Naxçıvan MR Şərur rayonu Siyaqut kəndində 0,5325 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,7 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan qızı X2 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi "xxxx" ASC-nin 18.05.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Naxçıvan MR Şərur rayonu Siyaqut kəndində mülkiyyətində olan 0,5325 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,7 kv.m olan fərdi yaşayış evini alaraq, tam mülkiyyət əldə etdiyini, hal-hazırda cavabdehlərin "xxxx" ASC-yə məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda qalmasının bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyini, bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərəncam vermək hüquqularını pozduğunu bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiq etmiş və əlavə olaraq cavabdehlərin bank qarşısında öhdəliyin yerinə yetirilməyəcəyi təqdirdə ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxmağı öhdələrinə götürdüklərini, cavabdehlərlə razılığa gəlmək üçün dəfələrlə onlara müraciət edildiyini, lakin onların öhdəliklərinin icrasından yayındıqlarını, ona görə də məcbur qalıb məhkəməyə müraciət edildiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 18.01.2022-ci il tarixdə telefonoqram göndərilmiş, cavabdehlər məhkəmə iclası barədə məlumatlı olduqlarını, Bakı şəhərində yaşadıqlarını, iddianı qəbul etmədiklərini bildirmişdirlər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Siyaqut kənd İƏDN tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 76/07 nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X1 rayonu Siyaqut kəndində yerləşən "xxxx" ASC-yə məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadır. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 13.02.2014-cü il tarixli 2-2(087)-03/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə cəmi 223866,72 manat (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) kredit borcu olması, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş Şərur rayonu Siyaqut kəndində yerləşən 5325 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 67,66 kv.m yaşayış, 16,81 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi və əmlakın açıq hərracda satılaraq kredit borcunun ödənilməsini, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 30.03.2011-ci il tarixli ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 məxsus Siyaqut kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulmasına razılıq vermiş və tutmanın ipoteka predmetinə yönəldildiyi zaman həmin yaşayış sahəsindən çıxacaqlarına dair öhdəlik götürmüşlər. İş materiallarında olan hərracın yekunları barədə 18.05.2018-ci il tarixli protokolun surətindən görünür ki, Şərur rayonu Siyaqut kəndində yerləşən 5325 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin son qiyməti 12240 (on iki min iki yüz qırx) manat müəyyən olunmuşdur. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.05.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Şərur rayonu Siyaqut kəndində yerləşən 5325 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi 12240 (on iki min iki yüz qırx) manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ******* nömrəli çıxarışın surətindən görünür ki, Şərur rayonu Siyaqut kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur rayon filialının adına 07.09.2018-ci il tarixdə **********26-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 "xxxx" ASCyə olan kredit borcunu ödəmədiyindən, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 13.02.2014-cü il tarixli 2-2(087)-03/2014 saylı qətnaməsi ilə Şərur rayonu Siyaqut kəndində yerləşən 5325 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət olunmuş, 18.05.2018-ci il tarixli müqavilə əsasında həmin əmlak hərraca çıxarılaraq "xxxx" ASC-yə satılmışdır. Həmin yaşayış evi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına 07.09.2018-ci il tarixdə **********26-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı cavabdehlərdən fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdehlər bundan imtina etmişdir. İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu bildirərək cavabdehlərin fərdi yaşayış evindən məcburi çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.3, 42.6 və 42.8ci maddələrinin tələbinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsi ilə müəyyən edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmçinin həmin Qanunun 59.4-cü maddəsi ilə müəyyən edilir ki, bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə 28.12.2018-ci il tarixdə dəyişiklik edildiyindən, iş üzrə tərəflər arasında yaranan mübahisə ilə bağlı qətnamə 13.02.2014-cü il tarixdə qəbul olunduğundan və icra olunduğundan həmin Qanunun 59.4-cü maddəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, məhkəmə işin hallarına yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edib iddiaçının məhkəmə xərclərinin ödənilməsi ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Mülki-Prosessual Məcəllənin 119.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan qızı X1 rayonu Siyaqut kəndində 0,5325 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,7 kv.m olan **********26-10301 reyestr nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Cavabdehlər Şərur rayonu Siyaqut kəndində 0,5325 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,7 kv.m olan fərdi yaşayış evini tamamilə boşaldaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil versin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan qızı X2 qeyd edilən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar