Məhkəmə qərarları › İş №e-2(125)-1198/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1198/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1198/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı (Gəncə şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Maliyyə Nazirliyini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mülkiyyətlərində olan 0,306 ha torpaq sahəsindən cavabdeh tərəfindən çəkilmiş su və kanalizasiya xəttinin cavabdehin hesabına çıxarılıb torpağın əvvəlki vəziyyətə gətirilməsi və təhvil verilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 510000 (beş yüz on min) manat maddi və 20000 (iyirmi min) manat mənəvi zərərin cavabdehdən tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin ərizəsi əsasında cavabdeh əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0,306 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 7 girişli, 630,1 kv. m ümumi, 630,1 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binası (qızıl gül ticarət pasajı) İddiaçı1 mülkiyyətində olmuşdur. Bu daşınmaz əmlakların onun mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli və xx.xx.2009-cu il tarixli, MH seriyalı, 00221054 nömrəli çıxarışlarla təsdiq olunur. Qızıl gül ticarət mərkəzi Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən 05 may 2011-ci il tarixdə qanunsuz olaraq sökülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli 2- 1(104)-18/19 nömrəli qərarı ilə bu söküntü nəticəsində ona vurulmuş 374375 manat məbləğində kompensasiyanın ödənilməsi qət edilmiş, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 898/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Söküntü nəticəsində vurulmuş ziyan ödənildikdən sonra mülkiyyətində olan 0.306 ha torpaq sahəsində "xxxx" MMC şirkəti tərəfindən müqavilə əsasında hazırlanmış və Gəncə şəhəri baş memarı ilə razılaşdırılmış eskiz layihəsi əsasında müasir tipli Yeganə ticarət mərkəzi inşası ilə əlaqədar işçi lahiyəsini həyata keçirmək üçün tədqiqat aparıldıqda torpaq sahəsindən cavabdeh tərəfindən iddiaçı tərəfin məlumatı və icazəsi olmadan su xəttinin çəkildiyi müəyyən edilmişdir. Bu səbəbdən də ticarət mərkəzinin inşası baş tutmamış və nəticədə ona yeni tikilinin inşası üçün lahiyənin hazırlanması, tikinti şirkəti ilə müəyyən işlərin görülməsi üçün çəkdiyi real xərclərdən ibarət maddi ziyan vurulmiş və qeyd edildiyi kimi vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Maddi ziyanın həcmi 510000 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, həmin ərazidə ona vurulmuş maddi ziyanın həcmi kimi 374375 manat kompensasiyanın tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bu səbəbdən də, 21 yanvar 2019-cu il tarixdə ərizə ilə Gəncə Şəhəri Nizami Rayon məhkəməsinə müraciət edərək cavabdehin hesabına mülkiyyətində olan Gəncə şəhəri, Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0,306 ha torpaq sahəsindən cavabdeh tərəfindən məlumatı və icazəsi olmadan çəkilmiş su və kanalizasiya xəttinin cavabdehin hesabına torpaq sahəsindən çıxarılıb torpağın əvvəlki vəziyyətə gətirilib iddiaçıya tərəfə təhvil verilməsi, topraq sahəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ******* manat maddi və ******* manat mənəvi zərərin cavabdehdən iddiaçı tərəfin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Uzun müddət davam edən məhkəmə proseslərindən sonra cavabdehin iddia tələbi ilə bağlı razılığı nəzərə alınıb ərizəsi əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-28/2022 nömrəli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və cavabdehin nümayəndəsi də mülki işə mahiyyəti üzrə baxılmanı tələb etməmişdir. Çünki cavabdeh də işin hallarını və ekspert rəyini nəzərə alaraq iddia tələbinin haqlı olduğunu bilirdi. 10 oktyabr 2022-ci il tarixli 10/3933 nömrəli ekspert rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsinin orta hissəsindən 75,0 m uzunluğunda su və kanalizasiya xətlərinin keçdiyi müəyyən edilmişdir. Kifayət qədər mötəbər sübut sayılan ekspert rəyi iddia tələbinin əsaslı və qanuni olduğunu sübut edir. Sonradan səhhətində yaranmış qəfil problemlər səbəbindən uzun müddət ölkə daxilində və ölkədən kənarda aldığı müalicələrlə bağlı bu günə kimi hazırkı iddianı qaldıra bilməmişlər. Cavabdeh isə torpaq sahəsindən çəkdiyi su xəttini çıxartmamaqla yanaşı qanunsuz əməlləri nəticəsində iddiaçı tərəfə vurduğu maddi və mənəvi ziyanı da ödəməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün qanunvericiliyin tələbinə uyğun olaraq təkrar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılması barədə birgə ərizə verərək Gəncə şəhəri, Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mülkiyyətlərində olan 0,306 ha torpaq sahəsindən məlumatları və icazələri olmadan çəkilmiş su və kanalizasiya xəttinə görə vurulmuş maddi zərərin əvəzi kimi 510000 (beş yüz on min) manatın və mənəvi zərərin əvəzi kimi 20000 (iyirmi min) manatın cavabdehdən tutulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizədə qeyd edilmişdir ki, iş üzrə 06 mart 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi torpaq sahəsindən su və kanalizasiya xəttinin xx.xx.2025-ci il tarixdə çıxartdıqlarını bildirmişdir. Eyni zamanda 06 mart 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçı tərəfdən bir sıra sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh yekun məhkəmə aktı çıxarılana kimi iddianı qismən qəbul edib mübahisəli xətti çıxartmışdır. Bu iddianın qismən etirafıdır. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə mülahizə ünvanlayaraq göstərmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli 2-1(104)-18/19 nömrəli qərarı ilə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0.306 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 7 girişli, ümumi sahəsi 630,1 kv.m əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasının Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi ilə əlaqədar dəymiş maddi zərərə görə İddiaçı1 374.375 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi”nin müddəalarına görə Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır və əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və müvafiq qaydada təsdiq edilmiş dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Araşdırılan mübahisə üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün həmin müddəaların nəzərə alınması vacibdir. Odur ki, mülki iş üzrə iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə mülahizə ünvanlayaraq göstərmişdir ki, cəmiyyət xx.xx.2010-cu ildə vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentinin Kommersiya və X8 qeydiyyatı İdarəsində qeydə alınmış və cəmiyyətin adına ********** saylı VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilmişdir. xx.xx.2010-cu il tarixdən cəmiyyət ƏDV ödəyicisi olmuş, ƏDV sub-uçot hesabına və banklarda hesablaşma hesabına malik olmuşdur. xx.xx.2018-ci ildə cəmiyyətin əvvəlki adı İlqar-MR MMC dəyişilərək "xxxx" MMC olmuş və dövlət reyesterində müvafiq düzəliş aparılmışdır. O da bildirilmişdir ki, cəmiyyətin fəaliyyət növü digər qruplara daxil edilməyən sair xidmətlər olmaqla yanaşı qanunla qadağan edilməyən topdan satış və təmir-tikinti olmuş, fəaliyyət göstərdikləri dövrdə vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etmiş, ödənişləri vaxtlı-vaxtında ödəmiş, 2010-2025-ci illər ərzində dövlət büdcəsinə 16234009,65 manat məbləğində vəsait ödəmişdir. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb olunduqları üçün iddia tələbinə münasibət bildirərək qeyd edirlər ki, iş üzrə İddiaçı1 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 018 nömrəli podrat müqaviləsinə əsasən Gəncə şəhəri, Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0,306 ha torpaq sahəsində 2173,8 kv.m olan ticarət mərkəzinin inşasını üzərlərinə götürsələr də, torpaq sahəsindən su, kanalizasiya və işıq xətləri keçdiyinə görə müqavilə öhdəliklərini icra edə bilməmişlər. Mülkiyyətçinin məlumatına əsasən həmin xətlər onun razılığı və məlumatı olmadan qanunsuz çəkilmişdir. Eyni zamanda mülkiyyətçi podrat müqaviləsinin müddətinin sonuna kimi xətləri torpaq sahəsindən çıxardıb onlara təhvil verəcəyinə vəd versə də, bu günə kimi ərazi cəmiyyətə təhvil verilməyib. Mülkiyyətçinin sözlərinə görə bu məhkəmə mübahisələri ilə bağlıdır. Həmçinin, podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən ticarət mərkəzinin inşası üçün sifarişçi cəmiyyətə ******* manat muzd ödəməklə yanaşı müqavilənin 3.2-ci bəndinə əsasən ümumi muzd məbləğinin 15%-i (960000 (doqquz yüz altmış min manat)) həcmində avans ödəməlidir. Avans ödənilmişdir. Podrat müqaviləsinin 2.1.7-ci bəndinə əsasən tikinti sifarişçinin təqsiri üzündən baş tutmadığı hallarda avans məbləği geri qaytarılmır. Avans geri qaytarılmamışdır. Bundan əlavə, işlərin çoxluğu ilər əlaqədar üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərindən, iştirakları olmadan mülki işə baxıb qeyd olunanları və MPM-nin 57-ci maddəsinin tələbini nəzərə alaraq iddia tələbinə münasibəti məhkəmənin mülahizəsinə buraxaraq iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş edirlər. "xxxx" MMC sonradan məhkəməyə yeni ərizə verərək göstərmişdir ki, İddiaçı1 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 018 nömrəli podrat müqaviləsinə əsasən Gəncə şəhəri Nizami rayonu Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0,306 ha torpaq sahəsində 2173,8 kv.m olan ticarət mərkəzinin inşasını üzərlərinə götürsələr də, torpaqdan plansız çəkilmiş su, kanalizasiya və işıq xətlərinə görə müqavilə öhdəliklərini icra edə bilməmişlər. İddiaçı həmin xətlərin onun razılığı və məlumatı olmadan qanunsuz çəkildiyini, podrat müqaviləsinin müddətinin sonuna kimi həmin xətləri çıxartdırıb ərazini onlara təhvil verəcəyinə vəd versə də, bu günə kimi təhvil verilməmişdir. İddiaçının sözlərinə görə bu məhkəmə mübahisələri ilə bağlıdır. Onu da qeyd etmişdir ki, podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən ticarət mərkəzinin inşası üçün iddiaçı onlara ******* (altı milyon dörd yüz min) manat muzd ödəməyi öhdəsinə götürməklə yanaşı müqavilənin 3.2-ci bəndinə əsasən muzd məbləğinin 15%-i (960000 (doqquz yüz altmış min manat) həcmində avans ödəmişdir. Avans onlara ödənilmişdir. Podrat müqaviləsinin 2.1.7-ci bəndinə əsasən tikinti sifarişçinin təqsiri üzündən baş tutmadığı hallarda avans geri qaytarılmır. Bu günə kimi məhkəmə hazırlıq iclaslarında iştirak edə bilməmələrinin səbəbi icraatlarında olan böyük layihələrin icrası ilə bağlıdır. Lakin bu işdə əyani şəkildə iştirak edib ətraflı izahatlarını təqdim etmək istəyirlər. Bu səbəbdən də ilkin məhkəmə baxış iclasının qısa müddətə təxirə salınmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bildirmişdir ki, əvvəl Əmlak Komitəsinin nəzdində olan “Qızılgül” Ticarət Kompleksi sonradan, yəni 2009-cu ildə özəlləşdirilib. 2009-cu ildən 2011-ci ilə qədər torpaq sahəsində “Qızılgül” Ticarət Kompleksi mövcud olmuşdur. Sonradan Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısının qanunsuz əməlləri nəticəsində ticarət mərkəzi sökülmüş, buna görə də məhkəməyə müraciət etmişlər. 2018-ci ildə Ali Məhkəmənin qərarı əsasında zərərin əvəzi ona ödənilmişdir. Su xətti 2018-2019-cu illərdə salınmışdır. Həmin vaxt sözügedən torpaq sahəsində podrat müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununda göstərilənləri müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, hazırda mübahisə olunan torpaq sahəsinə çəkilən su xəttinə dair iddia 2019-2020-ci illərdə məhkəmənin icraatında olmuşdur. Həmin vaxtlar iş üzrə müvafiq ekspertiza keçirilmiş və həmin ekspert rəyi əsasında mübahisəli torpaq sahəsindən su xəttinin keçdiyi təsdiq olunmuşdur. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin vaxt da məhkəmə iclaslarında iştirak etmişdir. Həqiqətən də su xəttinin Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısının müvafiq müşayiət məktubu və "xxxx" ASC-nin sifarişi əsasında podratçı şirkət tərəfindən çəkildiyi təsdiqini tapmış, lakin bəzi texniki səbəblər, həmçinin İddiaçı1 xəstəliyinə görə ölkə hüdudlarından kənarda olması nəticəsində iddia ərizəsi həmin vaxt, yəni 2022-ci ildə baxılmamış saxlanılmışdır. Ümumiyyətlə həmin torpaq sahəsinin, həmçinin vaxtilə həmin torpaq sahəsində mövcud olmuş “Qızılgül” Ticarət Passajının mövcudluğunu təsdiq edən dövlət reyestrindən çıxarışlar işə əlavə edilmişdir. “Qızılgül” Ticarət Passajı Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı tərəfindən qanunsuz olaraq sökülmüşdür. Söküntü nəticəsində mülkiyyətçiyə ciddi şəkildə ziyan dəymiş, buna görə də xeyli məhkəmə mübahisələri olmuşdur. X4 Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-18/19 nömrəli qərarı ilə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 manatın alınıb İddiaçı1 verilməsi qərara alınmışdır. Bundan sonra həmin ərazi müəyyən müddət boş qaldığı üçün ərazidən cavabdeh tərəfindən müşayiət məktubu əsasında mülkiyyətçinin məlumatı və razılığı olmadan su və elektrik xətləri çəkilmişdir. Çəkilmiş xətlərin ümumi uzunluğu 75 metrdir, bu xx.xx.2022-ci il tarixli rəylə təsdiq olunub. Əvvəlki məhkəmə işinin materiallarına nəzər salınsa, istər protokollardan, istərsə də, müşayiət məktubundan görünəcək ki, cavabdeh tərəfindən həmin xətlərin çəkildiyi etiraf olunmuşdur. Cavabdehin nümayəndəsi ilə məhkəmədənkənar müzakirələrdə o, sözügedən xətləri həmin vaxt çıxartmağa razı olduqlarını bildirmişdir. Hazırda həmin su xətləri cavabdeh tərəfindən çıxarılmışdır. Göründüyü kimi cavabdeh yekun məhkəmə aktının çıxarılana kimi iddianı qismən qəbul edib mübahisəli xətti çıxartmışlar. Bu iddianın cavabdeh tərəfindən qismən etirafıdır. İddia tələbi real zərər hissəsində tam şəkildə sübut olunur. Belə ki, İddiaçı1 ilə podratçı şirkət əvvəlki "xxxx" MMC, indiki "xxxx" MMC arasında müqavilə imzalanmış, podratçı şirkətə ödəniş olunmuşdur. Müəyyən olunmuşdur ki, həmin layihə su xətlərinin üzərinə düşür. Əgər su xətləri 2-3 metr sağdan çəkilsəydi, layihə icra oluna bilərdi. Layihənin dəyəri ******* manatdır. Mülkiyyətçi 2018-ci ildə müqavilə bağlanan vaxt İddiaçı1 olmuşdur. Sonradan əmlak İddiaçı2 adına keçmişdir. İş materiallarından da göründüyü kimi torpaq sahəsi 2009-cu ildən İddiaçı1 mülkiyyətindədir. 2012-ci ildən bəri həmin ərazi hasarlanmış boş torpaq sahəsi olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti həmin ərazidə olan su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün məktub göndərsə də, əvvəlki "xxxx" ASC, yəni hazırkı cavabdeh mülkiyyət hüquqlarını qorumaqla layihəni icra edə bilərdi. Gəncə şəhər İcra Hakimiyyətinin sözügedən məktubu cavabdeh üçün tövsiyə xarakteri daşımaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilməzdi, həmçinin sifariş məktubu birbaşa cavabdeh tərəfindən verilmişdir. Ona görə də hesab edir ki, iddiaçılara vurulmuş real zərər, həmçinin mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəlki məhkəmə işi üzrə iki dəfə ekspertiza keçirilmiş, birinci ekspertiza zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "xxxx" ASC-yə vəsait ayrılmış, tender elan olunmuş, podratçı şirkət tenderi qazanaraq 2013-cü ildən Gəncə şəhərində layihə çəriçəvində sərəncamın icrasına başlamışdır. Gəncə şəhər İcra Hakimiyyətinin müşayiət məktubu və "xxxx" ASC-nin sifariş məktubu əsasında həmin əraziyə layihə əsasında əhalinin kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 2014-cü ildə kanalizasiya xətti salınmışdır. 2018-ci ildə ümumiyyətlə kanalizasiya xəttini salan həmin podratçı şirkət mövcud olmamışdır. Həmin ərazidə hər hansı obyekt olmamış, boş torpaq sahəsi olmuşdur. Həmin ərazidə kanalizasiya xətti ilə yanbayan su xətti salınmışdır. 2019-cu ildə iddiaçı tərəf məhkəməyə müraciət etmiş, əvvəlki məhkəmə işi üzrə tərəflər məhkəməyə gəlmədiyi üçün məhkəmə işi baxılmamış saxlamışdır. Bundan sonra cavabdeh xəttin sökülməsi barədə iddiaçı tərəfə təklif versə də, iddiaçı tərəfindən cavabdehə heç bir müraciət edilməmişdir. Həmin məhkəmə iclasları zamanı da iddiaçı tərəfə maneəçilik yaratdığı təqdirdə kanalizasiya və su xətlərinin çıxarılması təklif edilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığı üçün məsələ nəticəsiz qalmışdır. Hazırda iddia qaldırıldığı üçün xx.xx.2025-ci ildə xətlər çıxarılmışdır, xətlər salınan zaman cavabdeh tərəfindən heç bir tikinti sökülməmiş, maddi ziyan vurulmamış, ümumiyyətlə boş torpaq sahəsi olmuşdur. İş materiallarında olan 07 fevral 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, podrat müqaviləsi üzrə ödəniş İddiaçı1 tərəfindən fevral ayında edilsə də, müqavilə 2018-ci ilin aprel ayında bağlanılıb. Podratçı şirkət isə 2018-ci ilin avqust ayında işə başlamış, sentyabr ayında bitirmişdir. Göründüyü kimi işlər görülməmişdən qabaq podratçı şirkətə ödəniş olunub. İş materiallarında olan xx.xx.2018-ci il tarixli dövlət reyestrdən çıxarışdan görünür ki, torpaq sahəsi həmin tarixdə İddiaçı1 mülkiyyətinə keçmişdir. Əvvəlki "xxxx" ASC-nin sifariş məktubu əsasında podratçı şirkət 2018-ci ilin avqust ayından sentyabr ayına kimi kanalizasiya və su xətlərinin çəkilməsini həyata keçirmişdir. İddia tamamilə əsassızdır. 2009-cu ilin çıxarışı torpaq sahəsinə görə deyil, ticarət passajına görə verilmişdir. İddiaçı2 hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçılara heç bir maddi və mənəvi ziyan vurulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti də məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə işə, İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı2 nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" ASC-nin sədrinə ünvanlanmış 03/238 nömrəli, xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik həyatımızın reallığına uyğun həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artmaqla, regionlar sürətlə inkişaf edir, əhalinin sosial məsələləri, o cümlədən respublikanın bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması mərhələli şəkildə həyata keçirilir. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Gəncəçay çayının sağ sahilində 1,2 km uzunluğunda yerləşən “Gəncəçay" park-bulvar kompleksi salınmış və bu işlərin davamı kimi Gəncəçay çayının sol sahilində də uzunluğu 1,2 km olan X9 salınmasına başlanılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Gəncəçay çayının sol sahilində, X6 salınması ilə əlaqədar həmin ərazidə yerləşən Natiq Hüseynov, Həsən Əliyev, Şeyx Bahəddin, Eltay Hüseynov, Əhməd Hüseynov və Vəli Xuluflu küçələrində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başlanılmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən “X3” şirkətinin layihə rəhbərinə ünvanlanmış 07/07-1/2/10432 nömrəli, xx.xx.2018-ci il tarixli “ərazinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair” məktubda qeyd edilmişdir ki, Almaniya KFW Bankının krediti hesabına “Açıq Kommunal İnfrastruktur Proqramı İİ” layihəsi çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində X11-4 üzrə tikinti-quraşdırma işləri uğurla davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 20 aprel 2018-ci il tarixli, 03/238 nömrəli məktubla Gəncə çayın sol sahilində uzunluğu 1,2 km ola X6 su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı, "xxxx" ASC-yə müraciət ünvanlanmışdır. Qeyd olunan ərazinin su və kanalizasiya cizgilərinə baxılmış və Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulma layihəsinin Baş Planına uyğunlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında mülkiyyətində olan 0.0098 ha torpaq sahəsində 1 girişli, 93.2 kv.m ümumi, 93.2 kv.m əsas sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası ”Şəhriyar” müəssisəsinin 1 saylı Gəncə filialı – dərzi emalatxanası) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, “Qızıl gül” ticarət mərkəzinin yanında mülkiyyətində olan 0.0098 ha torpaq sahəsində 93.2 kv.m əsas sahədən ibarət Qeyri yaşayış binası ”Şəhriyar” müəssisəsinin 1 saylı Gəncə filialı – dərzi emalatxanası) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına İddiaçı1 məxsus **********25-06301 reyestr nömrəli ünvan 4ndə yerləşən 111-saylı emalatxanaya dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportu əlavə edilmişdir. İş materiallarına İddiaçı1 məxsus **********73-06301 reyestr nömrəli Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi “Qızıl gül” ticarət mərkəzinin yanında yerləşən “Şəhriyar” müəssisəsinin 1 saylı Gəncə filialına (dərzi emalatxanası) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportu əlavə edilmişdir. xx.xx.2010-cu il tarixli seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 111 saylı emalatxana – qeyri yaşayış sahəsi - İddiaçı1 adına qeyd edilmişdir. İş materiallarına ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir. ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlak X1 xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlak İddiaçı1 xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlak İddiaçı2 xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlak İddiaçı1 xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 2546/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı1 cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-18/19 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)- 2546/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı1 cavabdehlər Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən 374375 manatın alınıb İddiaçı1 verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-898/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(104)-18/19 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlakın əvvəlki vəziyyətə qaytarılması və vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Hazırkı işin materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 28/2022 nömrəli mülki işi üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 31046 nömrəli, 24 dekabr 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə və rəyə olunmuş sxemə əsasən, İddiaçı1 Şəmiddın oğlunun ekspertiza baxışı zamanı iddiasına əsasən naturada təqdim etdiyi, 0,36 ha torpaq sahəsinin 0,10 ha hissəsi isə, mülkiyyətində olan torpaq sahəsinin A№ 326012 saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlardan kənarda yerləşir. Tədqiqat nəticəsində, İddiaçı1 Şəmiddın oğlu tərəfindən təqdim edilmiş A№ 326012 saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi üzərində su xəttinin mövcud olmadığı müşahidə olunmuşdur. Həmin iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/3193 nömrəli, 09 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021 il tarixli, **********87 saylı mütəxəssis rəyi məlumatlarına əsasən İddiaçı2 xüsusi mülkiyyətində olmasını iddia edərək naturada təqdim etdiyi 0.48 ha torpaq sahəsinin 0.30 ha hissəsi, mülki işə qoşma edilmiş, 485074 saylı Torpaq sahəsinin plan və ölçüsündə göstərilən 0.30 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin 0.48 ha torpaq sahəsinin 0.18 ha hissəsi isə, AN: 485074 saylı Torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsindən kənarda yerləşdiyi göstərilmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/3933 nömrəli, 10 oktyabr 2022-ci il tarixli rəyi ilə Gəncə şəhəri, Nizami rayonu V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində İddiaçı2 məxsus torpaq sahəsinin orta hissəsindən 75,0 m uzunluğunda su və kanalizasiya xətlərinin keçdiyi müəyyən edilmişdir. İddiaçılar öz iddia tələblərinin əsası kimi istinad etdikləri halların təsdiqi üçün hazırkı iş materiallarına sifarişçi İddiaçı1 ilə podratçı "xxxx" MMC (indiki adı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsini, lisenziya və ona əlavə və "xxxx" MMC-yə dair kommersiya qurumunun dövlət reyestrindən çıxarışları, eləcə də Gəncə şəhəri, Nizami və Xuruflu küçələrinin kəsişməsində yerləşən Yeganə ticarət mərkəzinə dair 2011-ci il tarixli binanın yükdaşıyan konstuksiyalarının hesabatını, Gəncə şəhərinin Baş memarı Ə.Rüstəmli ilə xx.xx.2011-ci il tarixdə razılaşdırılmış Gəncə şəhəri, Nizami və Xuluflu küçələrinin kəsişməsində yerləşən “Yeganə” ticarət mərkəzinə dair Eskiz Layihəsini, "xxxx" MMC-də Gəncə şəhəri, Nizami prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində ticarət mərkəzinə dair işlənilmiş 2011-ci il tarixli İşçi Layihəsini (Tikintinin təşkili layihəsi) və 2012-ci il tarixli İşçi Layihəsini (Dəmir-beton konstruksiyalar) əlavə etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir şəxsin məhkəmə müdafiəsi hüququ onun konstitusiyon hüququdur və bu hüququn realizəsi həm milli, həm də beynəlxalq qanunvericiliklərdə təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Habelə Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi, İİ hissəsində hər kəsin onun işinə qərəzsiz yanaşılması və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılması, İİİ hissəsində hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək kimi təməl hüquqlarının olması təsbit edilmişdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Eləcə də, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmçinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi də hər kəsin, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını müəyyən edir. Qeyd edilən müddəalara əsasən məhkəmə hesab edir ki, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan istifadə etməsi onun konstitusiyon (təməl) hüququ kimi qanunla qorunduğu halda, bu hüququn həyata keçirilməsinin hər hansı yolla qarşısının alınması qanunvericiliyə ziddir. Hazırda iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni Gəncə şəhəri, Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mülkiyyətlərində olan 0,306 ha torpaq sahəsindən cavabdeh tərəfindən çəkilmiş su və kanalizasiya xətti nəticəsində onlara 510000 manat maddi və 20000 manat mənəvi zərər vurulduğunu iddia edirlər. İddiaçıların həmin əmlakla bağlı təqdim etdikləri hüquqmüəyyənedici sənədlər əsasında məlum olur ki, ünvan 5 ünvanında yerləşən 0,306 ha torpaq sahəsindən ibarət **********69 reyestr nömrəli daşınmaz əmlak (bundan sonra mübahisəli əmlak və ya torpaq sahəsi) xx.xx.2018-ci il tarixdə X1, xx.xx.2018-ci il tarixdə İddiaçı1, xx.xx.2020-ci il tarixdə İddiaçı2 və nəhayət xx.xx.2023-cü il tarixdə yenidən İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən maddi hüquq normalarının mənasına və işin hallarına əsasən məhkəmə hesab edir ki, maraqlarına toxunduğuna görə, mülkiyyətlərində olduğu dövrdə sözügedən əmlaka vurulmuş zərərin ödənilməsi tələbi barədə hazırkı iddianı irəli sürmək üçün iddiaçılar subyektiv hüquqa malikdirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" ASC-nin sədrinə ünvanlanmış, Gəncəçay çayının sol sahilində, X6 salınması ilə əlaqədar həmin ərazidə yerləşən Natiq Hüseynov, Həsən Əliyev, Şeyx Bahəddin, Eltay Hüseynov, Əhməd Hüseynov və Vəli Xuluflu küçələrində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başlanılmasına göstəriş verilməsi barədə 03/238 nömrəli, xx.xx.2018-ci il tarixli məktub əsasında, "xxxx" ASC-nin (hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) sifarişi (07/07-1/2/10432 nömrəli, xx.xx.2018-ci il tarixli “ərazinin su və kanalizasiya xətləri ilə təmin olunmasına dair” məktubu) ilə “X3” şirkəti tərəfindən Gəncə şəhəri, Nizami rayonu V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən mübahisəli torpaq sahəsinin orta hissəsindən 75,0 m uzunluğunda su və kanalizasiya xətləri çəkilmiş, xətlər çəkilən zaman torpaq sahəsi boş torpaq sahəsi olmuşdur. Hazırkı məhkəmənin gedişi ərəfəsində cavabdeh tərəfindən həmin xətlərin mübahisəli torpaq sahəsindən çıxarıldığı da işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Lakin, iddiaçılar mübahisəli torpaq sahəsindən cavabdeh tərəfindən çəkilmiş su və kanalizasiya xətti nəticəsində onlara nə real, nə də əldən çıxmış fayda formasında zərər dəydiyini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Bundan başqa, qeyd edilməlidir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarı: “...Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır...” Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, hazırkı halda cavabdehin iddiaçılar qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcud deyil. Məhkəmə bir daha vurğulayır ki, qanun real zərər dedikdə məhz zərər çəkmiş şəxsin məruz qaldığı əmlak itkisini və ya bu itkini bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri nəzərdə tutur. İddiaçı1 ona dəymiş 510000 manat real zərərin müəyyən edilməsi üçün digər şəxslə bağladığı, mübahisəli torpaq sahəsində ticarət mərkəzinin inşasına dair podrat müqaviləsi üzrə ödədiyi avans məbləğinə istinad edir. Belə ki, hazırkı iş materiallarına əlavə edilmiş, sifarişçi İddiaçı1 ilə podratçı "xxxx" MMC (indiki adı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsinə görə müqavilənin qüvvədə olduğu müddətdə Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət sifarişçinin mülkiyyətində olan Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki 0,306 ha torpaq sahəsində 2173,8 kv.m olan ticarət mərkəzinin inşasını öhdəsinə götürməyi, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən ticarət mərkəzinin inşası üçün Sifarişçi Podratçıya cəmi ******* (altı milyon dörd yüz min) manat muzd ödəməlidir, Sifarişçi Podraçıya ümumi muzd məbləğinin 15 %-i (960000 (doqquz yüz altmış min) manat) avans ödəyir, avans məbləğinin 450000 (dörd yüz əlli min) manatı müqavilə imzalanan günü, qalan 510000 (beş yüz on min) manatı isə Sifarişçini bu barədə məlumatlandırdığı gündən 3 iş günü ərzində Podratçıya ödənilməlidir. xx.xx.2018-ci il tarixli, APĞ seriyaİı, 077654 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 18 nömrəli podrat müqaviləsinin icra edilməsi üçün avans ödənişi qismində 510000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin (indiki adı "xxxx" MMC) kassasına mədaxil edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 həmin sübuta istinad etmək üçün ilk növbədə mübahisəli əmlaka dair podrat müqaviləsi bağlanarkən və sözügedən 510000 manat avans məbləği podratçıya verilərkən mübahisəli əmlakın mülkiyyətçisi olduğunu sübuta yetirməli idi. Halbuki, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərində mübahisəli əmlakın mülkiyyətçisinin İddiaçı1 olduğu iş materiallarından görünmür. İddiaçı1 tərəfindən belə sübutlar təqdim edilmədiyi halda məhkəmə dəymiş 510000 manat məbləğində maddi zərəri məhz qeyd olunan podrat müqaviləsi əsasında müəyyən edə bilməz. Beləliklə, iddia 510000 manat məbləğində maddi zərər hissəsində əsassızdır. Məhkəmə hesab edir ki, iddia 20000 manat mənəvi zərər tələbi hissədə də təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən və işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçılar onlara dəyən mənəvi ziyanı da sübuta yetirə bilməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1 və 76.2ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7rşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar