Məhkəmə qərarları › İş №e-2(125)-121/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-121/2024

03.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-121/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyana görə 8000 (səkkiz min) manat cavabdehdən alınaraq ona verilməsi, həmçinin, cavabdeh tərəfindən Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 86 saylı binanın damında qanunsuz olaraq quraşdırılmış su çəninin cavabdehin hesabına sökülməsi və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin ev binanın 5-ci mərtəbəsində yerləşir. Cavabehin mənzili isə həmin binada olmaqla, su çəni onun mənzilinin üstündə binanın damında yerləşir. Əvvəllərdə cavabdehin çəni bir neçə dəfə daşmış və onun mənzilinə ciddi zərər yetirmişdir. Lakin, sonuncu dəfə 18 may 2023-cü il tarixdə yenədə cavabdehin çəni daşmış və bu dəfə onun evini su basıb və evin həm təmiri, həm də əşyaları yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı, binanın yerləşdiyi ərazi üzrə MKTİB-nin məsul işçiləri tərəfindən akt tərtib edilmişdir ki, həmin aktda da dediyi məsələ öz əksini tapır. Dəymiş ziyanla bağlı ustalarla söhbət edən zaman ona bildirmişlər ki, mənzilinə və əşyalarına təxminən 8000 manata yaxın ziyan dəymişdir. Cavabdehdən dəymiş ziyanı ödəməsini xahiş etsə də, bunu etməkdən imtina etmişdir. Eyni zamanda, cavabdehin binanın damında quraşdırdığı su çəni texniki-tikinti normalarına zidd olaraq, quraşdırılmış və hər an təhlükə mənbəyidir. Bu səbəbdən də həmin çəndə cavabdehin hesabına sökülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənlərə eyni məzmunli izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvanına, həmin binanın dam örtüyündə yerləşən və Cavabdeh məxsus su çənindən suyun axması nəticəsində iddiaçının mənzili yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6619 nömrəli, 19 dekabr 2023-cü il tarixli rəyində də həmin mənzilə binanın dam örtüyündə quraşdırılmış və 45 saylı mənzilin üzərində yerləşən su çənindən suyun daşması nəticəsində su axdığı, nəticədə 45 saylı mənzilə ziyan vurulduğu qeyd edilmişdir. Həmçinin, sözügedən rəydə cavabdehə məxsus su çəninin quraşdırılmasının şəhərsalma qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya məxsus binanın damında cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmış su çəni cavabdehin hesabına sökülməlidir. O cümlədən, cavabdehə məxsus su çənindən suyun axması nəticəsində nəyinki, iddiaçıya məxsus mənzil, eyni zamanda həmin mənzildə yerləşən əşyalar da yararsız hala düşmüşdür. Bununla da bağlı olaraq, Azərbaycan Respublikası Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 24 yanvar 2024-cü il tarixli, 0321 nömrəli rəy verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 küçəsində yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 23 may 2023-cü il tarixli Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin mühəndisi X10, 1 saylı Xidmət Sahəsinin rəisi X7, 1 saylı Xidmət Sahəsinin yığım nəzarətçisi X8 tərəfindən imzalanaraq tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən X9 tərəfindən birliyə daxil olmuş ərizəyə əsasən tərəflərindən əraziyə vizual baxış keçirilmişdir. Məlum olmuşdur ki, həmin binanın 42 nömrəli mənzilində yaşayan (hal-hazırda soyadı məlum olmayan) vətəndaşın dam örtüyündə quraşdırılmış su çənindən tökülən su, X2 mənzilinə daxil olmuş, tavanlarında və divarlarında suvaq və rəngsaz işlərini yararsız vəziyyətə salmışdır. Eyni zamanda mənzilin yataq otağında olan yataq dəstlərini də yararsız vəziyyətə salmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 31 may 2023-cü il tarixli, 3-21-3-33/2-4886/2023 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, X16 küçəsi, ev 86, 42 saylı mənzil (44 kv.m ümumi sahə, 30.1 kvm iki yaşayış otağından ibarət olub, 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşir) xx.xx.1992-ci il tarixli, 101 nömrəli order, xx.xx.1996-cı il tarixli, 716 nömrəli Forma 2 arayışı (qeydiyyatda olanlar X11 və X12), X3 Gəncə şəhər 2 saylı dövlət notariat kontorunda xx.xx.1996-cı il tarixdə təsdiq edilmiş 4E-6-8795 saylı razılıq ərizəsinə və Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1996-cı il tarixli, 27 nömrəli qərarından çıxarışa əsasən X4 adına qeydiyyata alınmışdır və ona xx.xx.1996-cı il tarixli, 11161 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-36 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 bağışlanmışdır və ona xx.xx.2019-cu il tarixli, **********80-05101- 093007 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-186 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmışdır və ona xx.xx.2023-cü il tarixli, **********80- 05101-093007 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4829/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/6619 nömrəli, 19 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq olunan 45 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan,divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin əməkdaşlarının tətib etdiyi xx.xx.2023-cü il tarixli AKT-nın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın, 45 nömrəli mənzilinə, binanın dam örtüyünə quraşdırılmış və 45 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 45 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın 45 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2723,0 manat məbləğində müəyyən olunmuşdur Azərbaycan Respublikasının Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli, 0321 nömrəli rəydən görünür ki, təqdim olunan siyahı və fotoşəkillər üzrə ev əşyalarına qiyabi baxış keçirərək xx.xx.2024-cü il tarixinə olan bazar qiymətləri aşağıda qeyd olunan siyahıda müəyyən edilmişdir: 1. divan – 100 manat, 2. Kreslo 2 ədəd – 70 manat, 3. Qabağı güzgülü kamod, yataq otağı – 100 manat, 4. Qabağı güzgülü kamod, qonaq otağı – 120 manat, 5. Qabaq stolu - 100 manat,

6. Televizor – 60 manat, 7. Çil-çıraq – 90 manat, 8. Kamod – 100 manat, 9. Şifoner – 200 manat, 10. Yataq dəsti – 200 manat, 11. Xalça – 70 manat, 12. Pərdələr – 150 manat, 13. Şkaf – 80 manat olmaqla, ümumilikdə siyahıda qeyd olunan ev əşyalarının bazar qiyməti 1240 (bir min iki yüz qırx) AZN-dir. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” №510-İQ 25 iyun 1998-ci il qanunu əsasında aparılmış və qiymətləndirməyə aid beynəlxalq təcrübədə istifadə olunan digər elmimetodik vasitələrdən istifadə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 1 ünvanına həmin binanın dam örtüyündə yerləşən və Cavabdeh məxsus olan su çənindən su axıdılmış, nəticədə həmin mənzil və mənzildə yerləşən əşyalara maddi ziyan dəymişdir. Bu barədə Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin əməkdaşları tərəfindən 23 may 2023-cü il tarixli akt tərtib olunmuşdur. Mübahisənin hərtərəfli araşdırılması və həll edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6619 nömrəli, 19 dekabr 2023-cü il tarixli rəyi ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Tədqiq oluna 45 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan,divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli AKT-nın məlumatlarını nəzərə alaraq, Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın, 45 nömrəli mənzilinə, binanın dam örtüyünə quraşdırılmış və 45 saylı mənzilin üzərində yerləşən su çənlərindən suyun daşması nəticəsində su axdığı, nəticədə 45 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın 45 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2723,0 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 yanvar 2024-cü il tarixli, 0321 nömrəli rəyində ümumilikdə siyahıda qeyd olunan ev əşyalarının bazar qiymətinin 1240 (bir min iki yüz qırx) AZN olduğu müəyyən edilmişdir. Cavabdeh ona məxsus su çənini tikinti-şəhərsalma qaydalarına uyğun olaraq quraşdırmamış, su çənindən suyun axmasına əhəmiyyət verməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı iddia tələbinin qanuni əsasını delik təşkil etdiyindən bununla bağlı Mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6619 nömrəli, 19 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən 86 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunduğundan, yəni cavabdehə məxsus su çəni iddiaçıya məxsus mənzilin dam örtüyündə qanunsuz olaraq quraşdırıldığından və iddiaçıya maneə yaratdığından iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsini araşdıraraq qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın məbləğini 8000 (səkkiz min) manat məbləğində göstərməsinə baxmayaraq, göstərilən məbləğdə maddi ziyan dəyməsinə dair iddiaçı məhkəməyə heç bir mötəbər və kifayətedici sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə dəyən maddi ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6619 nömrəli, 19 dekabr 2023-cü il tarixli ekspert rəyində müəyyən olunan 2723,0 manat və əşyalara dəyən ziyanın məbləği isə Azərbaycan Respublikasının Gəncə şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli, 0321 nömrəli rəyində müəyyən olunan 1240 (bir min iki yüz qırx) manat həddində olmaqla, ümumilikdə 3963 (üç min doqquz yüz altmış üç) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mülkiyyətçinin qorunan hüququdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçı öz mənzilindən dinc istifadə edə bilmədiyindən və onu əlverişsiz vəziyyətə saldığı üçün iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin dam örtüyündə cavabdeh tərəfindən qurulmuş su çəni Cavabdeh hesabına sökülməli, Cavabdeh vurulmuş maddi ziyana görə 3963 (üç min doqquz yüz altmış üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 59,63 (əlli doqquz manat altmış üç qəpik) manatı Cavabdeh Fazil qızından tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin dam örtüyündə cavabdeh tərəfindən qurulmuş su çəni Cavabdeh hesabına sökülsün. Cavabdeh vurulmuş maddi ziyana görə 3963 (üç min doqquz yüz altmış üç) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 59,63 (əlli doqquz manat altmış üç qəpik) manatı tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissəsində təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar