Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1332/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə Regional vəkil bürosunun vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada dəymiş zərərin əvəzi olaraq 260000 ABŞ dollarının ödəmə gününə məzənnə ilə alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, O, Rusiya Federasiyası vətəndaşıdır. O, cavabdehlərdən Cavabdeh2 ilə 1996-cı ildə tanış olmuş və onunla qeyri rəsmi nikah münasibətləri yaranmışdır. Bu zaman, digər Cavabdeh3 (Cavabdeh2 rəfiqəsi) tərəfindən Avtozavod qəsəbəsində satışda olan torpaq sahəsinin satılması barədə məlumat almış, arada yaranmış səmimi münasibətlər zəminində Cavabdeh2 onu həmin ərazidə torpaq sahəsi alaraq gözəllik salonu, iaşə obyekti və s. tikməyin mümkünlüyünə inandırmışıdır. Bu zaman o, Cavabdeh2 öz vəsaitim hesabına Azərbaycana göndərmiş, o isə Cavabdeh3 təklif etdiyi yerə baxdığını və təklifin sərfəli olduğunu, torpağın yaxşı olduğunu bildirmişdir. Bu zaman Gəncədə yaşayan tanışım vasitəsilə Cavabdeh2 əvvəl 4000 ABŞ dolları, sonra isə 2000 ABŞ dolları “Zolotoy Korona” vasitəsilə göndərmiş, lakin onu Rusiya vətəndaşı olduğu üçün öz adına torpaq ala bilməyəcəyinə görə digər Cavabdeh3 əri Cavabdeh1 adına torpaq sahəsini rəsmişləşdirdikləri barədə ona məlumat vermişlər. Bundan sonra tanışı Ramil adlı ustanın briqadası həmin torpaq sahəsində tikintiyə başlamışdır. Ümumilikdə o, Ramilə 260000 ABŞ dolları göndərmiş, sonuncu da həmin vəsaitlə tikinti tikərək evi təhvil vermişdir. Lakin bundan sonra cavabdehlər torpaq sahəsini onun adına keçirməkdən imtina etmişlər. Bu zaman Cavabdeh3 onun qeyri-rəsmi arvadı Cavabdeh2 80000 manat borcu olduğunu və yalnız sonuncunun borcunu qaytaracağından sonra evi iddiaçının adına rəsmiləşdirəcəklərini bildirmişlər. Lakin cavabdehlərə bunu etməyərək iddiaçıya 260000 ABŞ dolları zərər vurmuşlar. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında eyni predmet və eyni əsas üzrə işə Gəncə Şəhər Məhkəməsində baxılmış və iddia tələbi rədd edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəsini almışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, hazırki iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3980/202023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 230000 ABŞ dolları «pul» tələbinə dair iddiası təmin edilməmişdir. 2(125)-3980/202023 nömrəli mülki iş üzrə məhkəmə iclasında aşağıdakılar müəyyən olunmuşdur: - Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 230.000 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, öz iddia tələbini həmin vəsaitin Gəncə şəhəri, Avtozavod (Cavadxan) qəsəbəsində inşa edilən fərdi yaşayış evinin inşasına sərf etməsi və həmin evə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaması ilə əlaqədar onun adına rəsmiləşdirilə bilinməməsi ilə əsaslandırmışdır. İddiaçı nümayəndəsi (vəkili) F.İ.İskəndərov məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdehlərin öhdəliklərinin tapşırıq müqaviləsindən, məhkəmə hazırlıq iclasında əsassız varlanmadan və məhkəmə baxış iclasında isə deliktdən əmələ gəldiyini göstərmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Habelə həmin mülki iş üzrə məhkəmə qeyd etmişdir ki; - Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində inşa edilən fərdi yaşayış evinin tikintisi başlamamışdan əvvəl həmin torpaq sahəsinə hüquq müəyyənedici sənədlərin olmadığı İddiaçı məlum olmuş və İddiaçı görülmüş işlərə şəxsən özü rəhbərlik etməklə tikintinin aparılmasını X2 tapşırmışdır. Həmin torpaq sahəsində tikinti işlərinə (materialların alınmasına, usta və digər xərclərə) sərf olunan vəsait isə İddiaçı tərəfindən şəxsən X2 ödənilmiş, hətta iddia ərizəsində və İddiaçı nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadədə də R.S.Xasanova verilmiş 260.000 ABŞ dolları məbləğində pul vəsaitinin həqiqətən də tikinti işlərinə sərf edildiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında hər hansı tapşırıq müqaviləsi, eləcə də həmin müqavilədən irəli gələn öhdəlik mövcud olmamışdır. Məhkəmə öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki; - Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün ilk növbədə varlanmış şəxs başqa şəxsin hesabına əmlak əldə etməlidir. Hazırki halda isə iddia tələbində qeyd olunan 260.000 ABŞ dolları məbləğində pul vəsaitini R.Ə.Ramazanov məhz tikinti işlərinin aparılması üçün X1 vasitəsilə sərf etdiyini bildirir. Yəni qeyd olunan 260.000 ABŞ dolları məbləğində pul vəsaiti R.Ə.Ramazanov tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 verilməmişdir. Digər tərəfdən nə R.Ə.Ramazanovun inşasına 260.000 ABŞ dolları sərf etməsini bildiridiyi nə mübahisəli yaşayış sahəsi üzərində, nə də həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də cavabdehlər qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmədiyi kimi həmin yaşayış sahəsinə qanuni gözlənti hüququ da əldə etməmişdir. Qeyd olunan səbəblərdən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı hesabına əsassız varlanma halı baş verməmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulması halları aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə hazırda qanuni qüvvədədir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə bir dəfə işə baxılmış və bununla bağlı artıq məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəyə yenidən baxılması hüquqi müəyyənlik prinsipi baxımından düzgün olmazdı. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirlməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqəsdilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab oluna bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalmaq bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Rrabx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Qeyd olunan Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, həmin Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «pul» tələbinə e- 2(125)-1332/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1332/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1332/2025
01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver