Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-171/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəyəri 500 manat olan 2 ədəd konfet qabı, dəyəri 600 manat olan 2 ədəd böyük konfet qabı, dəyəri 150 manat olan 1 ədəd qazan dəsti, dəyəri 50 manat olan 1 ədəd padnos, dəyəri 100 manat olan 1 ədəd çəngəl qaşıq dəsti, ümumilikdə 1400 manat oğlan evinin ona verdiyi zinət hədiyyələri dəyəri 2000 manat olan 1 ədəd briliyant komplekti 583 əyarlı, dəyəri 2200 manat olan 1 ədəd qolbağı briliant 583 əyarlı, dəyəri 600 manat olan 1 ədəd qızıl boyunbağı 750 əyarlı, dəyəri 1000 manat olan 1 ədəd briliyant klon, dəyəri 1000 manat olan 1 ədəd qızıl 5 qaş nişan üzüyü, dəyəri 800 manat olan 1 ədəd tək qaş ağ qızıl üzük (ümumilikdə 7600 manat), evlilik müddətində onun özü tərəfindən alınan qızıl-zinət əşyaları dəyəri 500 manat olan briliyant 583 əyarlı, dəyəri 550 manat olan qızıl sırğa 585 əyar 7,8 qram, dəyəri 320 manat olan qızıl boyunbağı 585 əyar, dəyəri 200 manat olan qızıl açar formalı klon, dəyəri 220 manat olan qızıl balıq formalı klon, dəyəri 200 manat olan qızıl nazik boyunbağı, dəyəri 2300 manat olan qızıl komplekt 23 qram 750 əyarlı, dəyəri 150 manat olan qızıl klon balaca, dəyəri 250 manat olan qızıl yantar klon, dəyəri 500 manat olan briliyant sırğa, dəyəri 1500 manat olan qızıl bilərzik 15 qram - 750 əyar, dəyəri 600 manat olan qızıl yantar üzük 550 əyar, dəyəri 200 manat olan qızıl nazik balaca tək qaş üzük, dəyəri 600 manat olan briliyant tək qaş üzük, dəyəri 600 manat olan briliyant gül formalı, dəyəri 500 manat olan tək qaş briliyant üzük, dəyəri 800 manat olan briliyant mirvari, dəyəri 700 manat olan briliyant saat, dəyəri 140 manat olan 2 ədəd qızıl qolbağı (göy-qırmızı), dəyəri 1000 manat olan qızıl onluq, dəyəri 800 manat olan tək qaş iri qaşlı sibir briliyantı, dəyəri 100 manat olan nazik 585 əyar, dəyəri 120 manat olan rus qızılı halqa , dəyəri 1000 manat olan komplekt,dəyəri 200 manat olan nazik üzük (ümumilikdə 14050 manat) şəxsi və zinət əşyalarının cavabdehlərdən alınıb ona verilməsinə, bu mümkün olmadıqda əşyaların dəyərinin əvəzi olaraq 23050 (iyirmi üç min əlli manat), Gəncə şəhəri, H.Əliyev prospekti 586 ünvanında yerləşən evin təmiri üçün onun tərəfindən xərclənmiş 12000 (on iki min) manat məbləğində pulun, ümumilikdə 35050 (otuz beş min əlli) manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehin oğlu Qurbanov Vüsal ilə el adəti ilə toy edərək ailə qurmuş və onların nikahı Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 03.2011-ci il tarixdə 105 nömrə ilə qeyd edilmişdir. Ailə qurduqdan sonra onlar cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev pr. 586 ünvanında yaşamışlar. O, cavabdehə məxsus evdə yaşadığı müddətdə, 2017-ci il ərzində cavabdehin evini əsaslı təmir etdirmişdir. Daha sonra onun ilə cavabdehin oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdehin oğlu Qurbanov Vüsal cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmiş, hal-hazırda da azadlıqdan məhrumetmə cəzasını çəkməkdədir. Bundan sonra cavabdeh daim sonuncunun evdən çıxıb getməyini tələb etmiş və özünə məxsus evdən zorla çıxarmaq istəmişdir. Sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixdə cavabdeh ilə onun arasında kəskin mübahisə olmuş, cavabdeh onu öz evindən qovmuş və hətta onun evdən çıxarılması üçün “102 Qaynar Xətti”nə müraciət etmiş, ərazi üzrə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının təklifi ilə o, cavabdehin evindən çıxmışdır. Onun cavabdehlə kəskin mübahəsinin nəticəsində evdən qovulduğu vaxt ona evlilik zamanı və evlilikdən sonra hədiyyə edilmiş, öz qazancı ilə aldığı qızıl-zinət əşyalarını özü ilə götürə bilməmişdir. Daha sonra o, cavabdehin evində olan cehiz əşyalarının bir çox hissəsini çıxarmışdır. Onun keçmiş əri oğurluğa görə həbs edilmiş və 1-2 dəfə qızıl oğurlamışdı, o, da ehtiyat edərək özünə məxsus qızılları saxlaması üçün cavabdehin arvadına, onun keçmiş qayınanası Gülnarəyə vermiş, sonuncu da onun qızıllarını cavabdehə məxsus seyfə qoymuşdur. O, gündəlik olaraq qızıl əşyaları taxmamış, bijuteriya istifadə etmişdir. O, cavabdehin evini təmir elətdirərəkən Vaqif usta ilə birlikdə materialların alınmasında iştirak etmişdir. Cehiz əşyaları çıxarılarkən o, cavabdehə məxsus evin təmirinə xərclədiyi pulu və özünə məxsus qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, sonuncu imtina etmişdir. O, dəfələrlə özünə məxsus cehiz və zinət əşyalarını cavabdehdən tələb etsə də, cavabdeh tərəf bu tələbə bir mənalı münasibət bildirməmiş, müxtəlif bəhanələrlə ona məxsus cehiz və zinət əşyalarını verməkdən boyun qaçırmışdır. İddiaçı cavabdehə Mediasiya təklifi göndərmiş, lakin cavabdeh iddiaçının mediasiya təklifini qəbul etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təsdiq edib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək bildirmişdir ki, iddiaçı onun keçmiş gəlinidir. O, ümumiyyətlə iddiaçının qızılları ilə maraqlanmamış, hansı qızıllarının olduğunu və harada saxladığını bilməmişdir. Hətta iddiaçı özü də izahatında qızılları onun arvadı Gülnarəyə verdiyini bildirir, halbuki ümumiyyətlə iddiaçı evdən gedərkən qızılları özü ilə aparmışdır. Onun özünə məxsus kiçik seyfi olmuş, həmin seyfdə isə o, sadəcə evin sənədlərini saxlamışdır. O, özünə məxsus evi özü təmir elətdirmiş, təmir zamanı o, Rusiya Federasiyasında olmuş, arvadı evin təmiri ilə məşğul olmuş və o, lazım olduqca evin təmirinə oradan pul göndərmişdir. İddiaçı orta məktəbdə müəllimə işləyir, onun aylıq maaşı evini təmir etdirmək üçün kifayət qədər deyildir. 2017-ci ildə onun evində yüngül kosmetik təmir işləri gedib, həmin işləri onun çoxdan tanıdığı Vaqif usta etmişdir. Bundan başqa iddiaçı onun evində qəsdən səs-küy saldığı üçün onlar “102 xidməti”nə məlumat vermişlər, onlara gələn polis əməkdaşlarının müşayəti ilə iddiaçı və anası evdən çıxmış, evdən gedərkən bir neçə əşyasını və qızılları da özü ilə aparmışdır. Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdir ki, o, tərəfləri əvvəlcədən tanımamış, DİN “102 xidməti”nə müraciət olmuş və onlar mübahisə olunan evə getmişlər. O, evə getdikdə hər iki tərəfin sözlü mübahisə etdiyini görmüş, onları sakitləşdirməyə çalışsa da, əksinə tərəflər daha da qızğın mübahisə etmişlər. O, öz istəkləri ilə iddiaçı və uşaqlarını PPX avtomobilinə əyləşdirib “Xan bağı”nın qarşısında Atatürk prospektində düşürtmüşdür. İddiaçı evdən çıxarkən əlində 1 dənə əl çantası olmuş, başqa heç nə olmamışdır. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirmişdir ki, o, 1983-cü il tarixdən usta işləyir. O, Cavabdeh məxsus Gəncə şəhəri, H.Əliyev prospekti 586 ünvanında yerləşən evin təmirində malyar kimi işləmiş, həmin evin təmirinə onu Akifin kürəkəni dəvət etmişdir. O, özü ilə 2 nəfər götürüb həmin evdə 1 zal, 1 yataq otağı və 1 uşaq otağını təmir etmişlər. Otaqlara divar kağızı, emusiya və zamaska çəkilib, həmçinin otaqların qapıları, elektrik xəttləri dəyişdirilmişdir. Evin təmiri üçün lazım olan materialları o, siyahıya yazmış və Əfsanə xanımla birgə gedib almışlar. Pulu hissə-hissə müəyyən vaxtlarda onlara Əfsanə xanım vermişdir. O, pul lazım olanda Əfsanəyə demiş, sonuncu da gedib evdən pul gətirmişdir. Evdə həmişə Əfsanə və qayınanası Gülnarə olmuş, sonuncular hər şeyi birlikdə məsləhətləşmişlər. Məhkəmə iclasında Şahid3 izahat verərək bildirmişdir ki, o, Cavabdeh çoxdan tanıyır, onunla qonşu olmuş, 2014-cü ildən oradan köçmüşdür. O, Cavabdeh evində 2017- 2018-ci illərdə qapı və pəncərələri hissə-hissə dəyişmişdir. Onu ora Əfsanə xanım çağırmış və ona hissə-hissə pulu da Əfsanə xanım vermişdir. 1170 manatlıq qapı və pəncərələr sifariş edilmiş, həmin puldan həm iddiaçı, həm də iddiaçının qayınanası Gülnarə vermiş, hətta bir dəfə pul çatmadıqda iddiaçının anasıgildən gedib pul götürmüşdür. Məhkəmə iclasında Şahid4 izahat verərək bildirmişdir ki, o, qızıl-alış verişi ilə məşğul olur Əfsanə xanım onun yeznəsinin bibisi qızı olduğu üçün o, Əfsanə xanıma nisyə qızıl satmış, hissə-hissə pulunu almışdır. Belə ki, Əfsanə xanım ondan dəyəri 70-80 manat 2 pandora qolbağı, dəyəri 600-650 manat 1 tək qaş üzük, dəyəri 400-500 manat halqa sırğa, dəyəri 400 manat olan qızıl boyunbağı və açar klon almışdır. Məhkəmə iclasında Şahid5 izahat verərək bildirmişdir ki, Əfsanə onun gəlini olmuş, sonuncu onun oğlu Vüsal ilə evlədnikdən sonra ona məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 586 ünvanında yaşamışlar. Əfsanə ilə onların arasında mübahisə olmuş, həmin vaxt onun əri Cavabdeh DİN “102 xidməti”nə zəng etmiş, PPX-in əməkdaşları gəlib Əfsanəni, anasını və uşaqları aparmışdır. Əfsanə evdən gedəndə özünə məxsus əşyalarından çantasına qoyub aparmışdır. Əfsanə onlarla birgə yaşayarkən qızıl zinyət əşyalarını öz yataq otağında saxlamışdır. Belə ki, onlar toyda Əfsanəyə sırğa, üzük, qolbağı, sep-klon, boyunbağı almış və 8 mart bayramında da tək qaşlı üzük bağışlamışdır. Onlar Əfsanəylə məsləhətləşib evi təmir etmişlər, evin təmirinin pulunu isə o, yığdığı 1500 manat pul və əri Akifin göndərdiyi pul ilə eləmişdir. Evdə iki qapı, üç pəncərə dəyişilmiş, qapının birini 170 manata, pəncərənin birini isə 250 manata almış, pulunu isə hissə-hissə vermişdir. Onların evində seyf olsa da, seyfdə ancaq sənədləri saxlayırlar. Əfsanə ona heç bir qızıl-zinət əşyasını verməmiş, özünə məxsus cehiz əşyalarını isə aparmışdır. Mülki iş materiallarında olan: - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-1316/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Emay qızı ilə X8 arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 15 nömrə ilə qeyd edilmiş nikahı pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 anasının yanında saxlanması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinik yaşına çatanadək saxlanmaları üçün X4 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Emay qızına ödənilməsi qət edilmişdir. - X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - 10 iyun 2017-ci il tarixli qaimədən görünür ki, İddiaçı Dünya Qapıları adlı mağazadan 870 manat dəyərində qapı almışdır. - foto şəkillərdən görünür ki, iddiaçıya toy zamanı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X5 məxsus olan mebel və ev əşyaları sayılıb, sıyahısı tutulmuşdur. Aktın doğruluğunu öz imzaları ilə Zaur Ələkbərov, Günay İbayeva, İlham Tağıyev və Əfsanə Sadıqova imzalamışlar. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 745/2022 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 10/4689 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospekti 586 nömrəli evin mübahisəli 3 otağının təmirinə (həmin otaqların divarlarının, tavanının yenilənməsinə, qapıların və pəncərələrinin dəyişdirilməsinə) çəkilən xərcin dəyəri bazar qiymətlərinə uyğun olaraq 5886 manat məbləğində müəyyən edilmişdir. Şahid2 və Şahid3 ifadələri əsasında aparılan təmir işlərinin nədən ibarət olması rəyin təhqiqat hissəsində tərti edilmiş smetada ətraflı göstərilmiş, həmin işlər yerinə yetirilmiş təmir-tikinti işləri ilə eynilik təşkil etməklə ümumi dəyəri 5886 manat məbləğində müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki iddiaçı qızıl-zinət əşyalarının və bəzi cehiz əşyalarının cavabdehdə olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş polis əməkdaşı Şahid1 şahid kimi dindirilərkən iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu bildirmiş, lakin həmin çantanın içərisində nələrin olması barədə məlumatı olmamışdır. Həmçinin iddiaçı özü də evdən çıxdıqdan sonra cehiz əşyalarının bir hissəsini apardığını etiraf etmişdir. Belə olan halda cehiz əşyalarının əksəriyyətinin iddiaçının özündə olduğu halda, 4-5 adda əşyanın cavabdehin evində qalması inandırıcı deyildir. Bundan başqa iddiaçıya məxsus qızılların və bəzi cehiz əşyalarının cavabdehdə olduğu halda iddiaçının 2020-ci ilin dekabr ayında evdən çıxdıqdan 1 il ərzində həmin əşyaları tələb etməməsi, bununla bağlı məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməməsi iddiaçının dediklərini şübhə altına alır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən qızıl-zinət əşyalarının və cehiz əşyalarının cavabdehdə olduğunu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qızıl-zinət əşyaları və cehiz əmlak tələbinə dair hissədə əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Lakin məhkəmə iddia tələbinin cavabdehə məxsus evə çəkilmiş təmir xərci ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Çünki tərəflərin və evdə usta işləmiş şahidlərin məhkəmə iclasında verdikləri izahatlardan iddiaçının cavabdehə məxsus evin təmirinə xərc çəkdiyi müəyyən olunmuşdur. Bununla da cavabdeh qanuni əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, iddiaçı cavabdehə məxsus evdə cavabdehin oğlu, keçmiş əri Vüsal ilə birlikdə yaşadığı nikah dövründə əldə edilmiş birgə qazanc hesabına evi təmir eləmiş, təmirə çəkilmiş xərci cavabdehə bağışlamamış və ya hər hansı başqa əsasla verməmişdir. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Lakin iddiaçının evin təmirinə çəkdiyi xərc cavabdehin oğlu, keçmiş əri Vüsal Qurbanovla onun nikah dövründə əldə etdiyi birgə qazanc hesabına olduğu üçün çəkilmiş xərcin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinin 1-ci cümləsində qeyd edilmişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İddiaçı evin təmirinə 12000 manat xərc çəkdiyini bildirsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə evin təmirinə 5886 manat xərc çəkildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunaraq evin təmirinə çəkilmiş 5886 manat xərcin yarısı, yəni 2943 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 195.15 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə – tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(125)-171/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-171/2023
08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver