Məhkəmə qərarları › İş №e-2(125)-1958/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1958/2022

11.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1958/2022 11.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil X4 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinə əsasən sonuncuya satılmış və Cavabdeh adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. ünvan 2 ünvanında yerləşən 29 saylı mənzil X1 ilə Cavabdeh arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsinə əsasən sonuncuya satılmış və Cavabdeh adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına alınmış ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin və ünvan 3 29 saylı mənzilin üzərində ½ payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi, ev 36, mənzil 29 və Bərdə şəhəri, Nizami küçəsi, ev 7, mənzil 26 iddiaçının şəxsi vəsaiti hesabına satın alınmışdır və cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək hazırkı iş üzrə iddiaya etiraz etdiyini, Ceyhun Şərəfxanov nikahın pozulmasına dair iddia qaldırdığı üçün əmlak üzərində payların müəyyən edilməsinə etiraz etdiyini və bir daha hazırki işə baxılmasını istəmədiyini bildirdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, iddiaçının təmsilçisi məhkəməyə yazılı ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və mübahisəli mənzillər tərəflərin nikahda olduqları dövrdə əldə edilmiş və hazırda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilincəyə qədər ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmamasını sübuta yetirmək vəzifəsi bunu mübahisələndirən tərəfin üzərinə düşür. Cavabdeh mübahisəli əmlakın birgə əmlak olmamasına dair dəlillər irəli sürməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların arasında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli mənzillərdə onların payları müəyyən olunmalı, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak bərabər paylarla bölünməlidir. Bununla yanaşı, məhkəmə cavabdehin iddiaya etirazına münasibətdə bildirir ki, tərəflərin nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakının bölünməsi imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ərarvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən, iddia təmin edilərək birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil və ünvan 3 29 saylı mənzil paylara bölünməklə, ½ hissəsində İddiaçı, ½ hissəsində isə Cavabdeh payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar