Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2101/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehdən “QAZ 3110-121” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “QAZ 3110-121” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş 065540 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İİSB) çıxarışdan görünür ki, hadisə zamanı “VAZ 2106” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari qaydada sığortalı olmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “QAZ 3110-121” markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1000 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 4398 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı “QAZ 3110-121” markalı ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərərlə bağlı 1000 manat sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-368/2019 nömrəli inzibati xəta haqqında qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materialları arasında cavabdehin sürücülük vəsiqəsi olsa da həmin sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixində alınmış, hadisə isə xx.xx.2019-cu il tarixində baş vermişdir. Cavabdeh yuxarıda qeyd olunan hallar əsasında təqsirlidir. Bu səbəbdən də 1000 manat zərərvuran cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-2101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ASC-in ona qarşı qaldırdığı iddia tələbi ilə razı deyil. İddia ərizəsində də göründüyü kimi, hadisə xx.xx.2019-cu il tarixdə baş vermişdir. Belə olduğu halda iddiaçı iddia qaldırmaq üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qanunvericilikdən göründüyü kimi, sığorta müqaviləsi konkret əmlakın yox, “sığorta obyektinin” yəni, əmlak mənafeyinin məruz qala biləcəyi risklərlə bağlı öhdəlikdir və belə olduqda iddia müddəti məsələsinə müqavilə tələbləri baxımından yanaşılmalıdır. Bundan başqa bu halda mübahisə daşınar əmlak (avtomobilin) ilə bağlı müqavilədən irəli gələn tələb olduğu üçün birmənalı şəkildə 3 (üç) illik iddia müddəti tətbiq olunmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ASC iddianın qaldırılması üçün Azərbaycan Rüspublikası Mülki Məcəlləsiin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 375.2-ci maddələrinə əsasən iddiaçı ASC tərəfindən ona qarşı məhkəmədə qaldırılmış iddia tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq olunmasını və qanunla müəyyən edilmiş iddia müddəti keçdiyindən həmin iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, işlə əlaqədar cavabdeh tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır. Aşağıda göstərilənlərə əsasən iddiaya etiraz əsassızdır və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə törətmişdir. Cavabdeh etirazında bildirib ki, iddia müddəti ötürülüb, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Həmçinin, mübahisənin sığorta müqaviləsindən gəldiyini bildirərək 3 illik iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 883.1-ci maddəsi və “Sığorta fəaliyyəti haqqında” qanunun 1.1.13-cü maddəsi barədə cavabdehin mülahizəsi sığorta müqaviləsinə aid ola bilər, lakin iddia tələbi müqavilədən gəlmir. Belə ki, cavabdeh müqavilənin hansı tələbinin pozulması ile bağlı konkret məsələlər göstərməlidir. Əks təqdirdə mübahisənin müqavilədən əmələ gəldiyini sübut edilməsi mümkün deyil. Cavabdeh belə bir iddianı irəli sürdüyünə görə isbatla mükəlləfdir. Mövcud iddia tələbi isə deliktdən əmələ gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi elektron qaydada ərizələrlə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında uzaq məsafə və işlərin çoxluğu ilə əlaqədar üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, heç bir yerdə işləmir, iddia təmin olunacağı təqdirdə tələb olunan məbləği ödəyə bilməyəcək. Məhkəmə cavabdehi dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “QAZ 3110-121” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 17 aprel 2019-cu il tarixinə 1000 manat təşkil edir. 065540 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, iddiaçı ASC tərəfindən 1000 manat məbləğində sığorta ödənişinin X2 hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli 4398 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ASC tərəfindən X2 bank hesabına 1000 manat köçürülmüşdür. xx.xx.2019-cu il tarixli, P1810/19 nömrəli pretenziya məktubundan (məktubun cavabdehə xx.xx.2019-cu il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 1000 manat sığorta ödənişinin 7 iş günü ərzində iddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-368/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib onun 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, cavabdeh Gəncə şəhər BPİ DYPŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, özünəməxsus BC kateqoriyalı sürücülük vəsiqəsi var, lakin həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Sürücülük vəsiqəsinin müddətinin bitməsindən isə xəbəri olmuyub. “VAZ 2106” minik markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur və öz mülkiyyətindədir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul ailəsini dolandırır. xx.xx.2019-cu il tarixdə saat 22:45 radələrində idarə etdiyi “VAZ 2106” minik markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Atatürk prospekti ilə aşağı mərkəzi univermaq istiqamətdə hərəkət etmişdir. Avtomobildə ondan başqa heç kim yox idi. Hərəkət sürəti təxminən 50-60 km/saat olardı. Gəncə şəhəri, Atatürk prospektində "BTB" bankının qarşısına çatan zaman havanın yağışlı olması və özünün də yorğun və fikirli olmağı səbəbindən qarşı tərəfi ilə hərəkətdə olan “QAZ 3110- 121” minik markalı ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gec görmüşdür. O, həmin avtomobilin qarşısında olmasını görən vaxt tormoz vermişdir. Lakin havanın yağışlı olması və yol örtüyünün də yaş olması səbəbindən idarə etdiyi avtomobil sürüşərək qarşı tərəfində hərəkətdə olan “QAZ 3110-121” minik markalı ** LO *** dövlət nömrə nişanlı avtomobilə arxa tərəfindən dəymişdir. Toqquşmadan sonra avtomobildən düşmüş, biraz sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və digər sürücünün də iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra isə sərxoşluq müayinəsindən keçmişdir. Öz səhvini başa düşür. O, idarə etdiyi avtomobili təxminən 50-60 km/saat sürəti ilə idarə etmişdir, avtomobildə ondan başqa heç kim olmayıb, hadisə zamanı heç bir xəsarət almamışdır. O, “QAZ 3110-121 minik" markalı ** LO *** dövlət nömrə nişanlı avtomobilin qarşısında düzünə hərəkət etməsini həmin avtomobilə çatmağına təxminən 5-10 metr qalmış görmüş, onun üçün təhlükə həmin anda yaranmışdır, bu səbəbdən hadisənin qarşısını almaq üçün tormoz vermiş, lakin hadisənin qarşısını ala bilməmişdir. O, həmin vaxt spirtli içki qəbul etməmişdir.. İş materiallarına əlavə edilmiş, X1 şəhər BPİ DYPŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, özünəməxsus BC kateqoriyalı sürücülük vəsiqəsi var. “QAZ 3110-121” minik markalı ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil oğlu Əliyev Eltuna məxsusdur. Bəzi vaxtlarda o, idarə etmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 22:40 radələrində idarə etdiyi “QAZ 3110-121” minik markalı ** LO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, H.Cavid küçəsi ilə Atatürk prospekti istiqamətdə hərəkət edib yaşadığı evə getmişdir. Avtomobildə qabaqda oğlu Əliyev Elvin əyləşmişdir. Gəncə şəhəri, H.Cavid küçəsi ilə hərəkət edib Atatürk prospektinin kəsişməsində dayanıb sağ tərəfindən avtomobillərin gəlib-gəlməməsinə baxmışdır. Həmin vaxt heç sağ tərəfi ilə avtomobil gəlməsini görməmiş və sola Atatürk prospektinə dönmüşdür, yeni hərəkətə başladığı üçün hərəkət surəti təxminən 10-20 km/saat olardı. Təxminən 15-20 metr irəli getdikdən sonra arxa tərəfi ilə hərəkətdə olan“VAZ 2106” minik markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurmuşdur. Toqquşma nəticəsində idarə etdiyi avtomobil biraz gedib dayanmış, hadisə zamanı sinəsi avtomobilin sükanına dəymiş və arxaya gedən zaman oturacaq sındığı üçün arxaya getmiş və boynu gərilmişdir. Toqquşmadan sonra avtomobildən düşmüşdür. Biraz sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və digər sürücünün də iştirakı ilə hadisə yerinə baxış keçirildi. Daha sonra isə digər sürücü ilə birlikdə sərxoşluq müayinəsindən keçmiş, biraz sonra isə özünü pis hiss etdiyi üçün Gəncə şəhər 3 saylı TTY xəstəxanasına müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb onun arxa tərəfi ilə hərəkət edən “VAZ 2106” minik markalı ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin diqqətsizlik edərək onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurması olmuşdur. O, həmin vaxt spirtli içki qəbul etməmişdir, hadisə zamanı o sinəsindən və boyun nahiyəsindən yüngül xəsarət almışdır. Lakin baş vermiş hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2019-cu il tarixində, saat 22:48 dəqiqədə Gəncə şəhəri, Atatürk prospektində baş vermişdir. Həmin arayışa görə “VAZ 2106” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü onu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “QAZ 3110-121” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs isə X3 olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Eyni zamanda, Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Atatürk prospektində cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə olunan “VAZ 2106” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “QAZ 3110-121” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə həmin avtomobillərə zərər dəymişdir. hadisə zamanı “VAZ 2106” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari qaydada sığortalı olmuşdur. Baş vermiş hadisə zamanı cavabdeh, mülkiyyətində olan və sığorta olunan avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə, eləcə də avtomobili idarə edərkən ara məsafəsi saxlamadığına görə inzibati qaydada tənbeh edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “QAZ 3110-121” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ümumilikdə 1000 manat zərər, sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, cavabdehdən ümumilikdə 1000 manat sığorta ödənişi məbləği tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə zərər vurduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, sığorta ödənişinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, məhkəmə gedişi ərəfəsində cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hadisə xx.xx.2019-cu il tarixdə baş vermişdir. Belə olduğu halda iddiaçı iddia qaldırmaq üçün mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qanunvericilikdən göründüyü kimi, sığorta müqaviləsi konkret əmlakın yox, “sığorta obyektinin” yəni, əmlak mənafeyinin məruz qala biləcəyi risklərlə bağlı öhdəlikdir və belə olduqda iddia müddəti məsələsinə müqavilə tələbləri baxımından yanaşılmalıdır. Bu halda mübahisə daşınar əmlak (avtomobil) ilə bağlı müqavilədən irəli gələn tələb olduğu üçün birmənalı şəkildə 3 (üç) illik iddia müddəti tətbiq olunmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ASC iddianın qaldırılması üçün Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək aşağıdakıları qeyd edir: “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddiaya Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti (10 il) tətbiq edilməlidir. Hazırki halda isə xx.xx.2019-cu il tarixində baş vermiş sığorta hadisəsi üzrə qanunla nəzərdə tutulmuş ümumi iddia müddəti ötürülməmişdir. Ona görə də, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2101/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2101/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver