Məhkəmə qərarları › İş №e-2(125)-2258/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2258/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2258/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8205 ABŞ dolları maddi ziyanın, 1000 manat mənəvi ziyanın, 135 manat dövlət rüsumunun və vəkil xərci qismində 300 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehi təxminən 6-7 ilə yaxındır ki, tanıyır. Cavabdehlə yaxşı münasibəti olmuşdur. İddiaçı kamera çəkilişi ilə bağlı işləri görür, cavabdehi də elə bu işlə bağlı tanımışdır. Cavabdeh ona bir neçə dəfə kamera çəkilişi işinə uyğun işlər göndərib və həmin işin müqabilində ödəməli olduğu pulu ona vaxtı-vaxtında ödəmişdir. İddiaçı, cavabdehi briqadir kimi tanımışdır. Cavabdeh iş götürmüş və həmin işlərin icrası ilə məşğul olmuşdur. 2021-ci ildə cavabdeh ona əgər əlavə qazanc əldə etmək istəyirsə, ona qoşulmağı təklif etmişdir. Belə ki, cavabdeh, artıq təchizatla məşğul olduğunu, xarici ölkələrdən mallar gətirib, burada baha qiymətə satdığını, həmin malları almaq üçün də pula ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh əldə olunacaq gəlirdən ona da pul verəcəyinə söz vermişdir. İddiaçı, cavabdehi bir neçə ildir ki, tanıdığı üçün ona etibar etmiş, inanmışdır, təxminən 5-6 ay müddət ərzində cavabdehin istədiyi pulu, yəni ki, cəmi 8500 ABŞ dollarını cavabdehə vermişdir. 8500 ABŞ dollarını verənə qədər isə müxtəlif vaxtlarda verdiyi pullardan cavabdeh pulunu ona geri qaytardığından 100 (yüz) manat artıq məbləğ qaytararaq əlavə gəlirinin 100 (yüz) manat olduğunu bildirmişdir. Hər dəfəsində fərqli əlavə qazanclarla pulları geri qaytarmaqla öz niyyətinə zəmin yaratmışdır. Qazanclar 50, 100, 200 manat olaraq dəyişmişdir. Sonuncu dəfə 8500 ABŞ dolları pulu verdikdən sonra cavabdeh ona bildirmişdir ki, işləri dayanıb və pulunu geri qaytara bilmir. İşlərində çətinliklər var. Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iddiaçıya direktor işlədiyi “Stokaz” şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqlarını alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib, aldadaraq özü istifadə etməklə - əvvəlcə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yerinin qarşısında iddiaçıdan dollar əskinaslarda (Azərbaycan manatına məzənnəsi ilə 3060 manat təşkil edən) 1800 ABŞ dolları, sonra isə həmin ilin fevral ayında ünvan 1 ünvanın həyətində dollar əskinaslarda (Azərbaycan manatına məzənnəsi ilə 3570 manat təşkil edən) 2100 ABŞ dolları, həmin ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində dollar əskinaslarda (Azərbaycan manatına məzənnəsi ilə 7820 manat təşkil edən) 4600 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb, iddiaçının ümumilikdə 8500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. O, puldan cəmi 295 dollarını (500 manatını) geri qaytarmışdır. Bu günə qaytarmadığı məbləğ 8205 (səkkiz min iki yüz beş) ABŞ dollarıdır. Daha sonra cavabdehin bir neçə belə şəxsləri aldatdığı üzə çıxmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 220010420- saylı, 2022-ci il tarixli cinayət işi başlanmış və əməlinə hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdeh barəsində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cavabdehin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökmdə qeyd edilmişdir. Məhkəmə dövründə danışıqlar aparılmış və guya iddiaçının vəsaitinin az olduğu üçün onu birinci qaytaracağı/qaytarmaq istəməsi vədi ilə işi uzatmışdır. Bunun nəticəsində məhkəmə dövründə mülki iddiaçı kimi iddia qaldırılmamışdır. Cavabdehin təqsiri müəyyən edilib və zərərəçəkmiş şəxslərdən biri də iddiaçı olmuşdur. İddiaçı olaraq ona vurulmuş ziyanın ödənilməsini istəyir. Cavabdeh bilərəkdən, planlı olaraq ona maddi və mənəvi ziyan vurub. Mənəvi ziyan olaraq isə ailəsinə və ona stres, ağır iztirab yaşadıb. Daimi borcla alıb verdiyi pulun qaytarılmaması iztirabını çəkmişdir. Bu vəsaitin qaytarılmamasına görə ailəsində dəfələrlə söz-söhbət də yaranmışdır. Övladlarının təhsil xərclərini belə bu hadisəyə görə verə bilməmişdir. Həmçinin bir çox işlərindən də məhrum olmuşdur. Bəzi insanların yanında nüfuzdan düşmüşdür. Aldığı pulu qaytarmamaqla, bir neçə yaxın insanların yanında yalançı olmuşdur. Mənəvi ziyan ən azı 1000 (bir min) manat olmuşdur. Mənəvi ziyanın da ödənilməli olduğunu hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçını iş qurmaq adı ilə aldatmış, onun 8500 ABŞ dolları məbləğində pulunu almışdır. Bu işlə bağlı cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü var, həmin hökmdə cavabdeh iddiaçıya vurduğu zərərin məbləği ilə razılaşaraq ona olan borcunu etiraf etmiş, 14450 manat (8500 ABŞ dolları) puldan 500 manatını qaytardığını, qalan məbləği isə qaytara bilmədiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizələr ünvanlayaraq aidiyyəti sənədlər və sübutların məhkəməyə elektron təqdim edildiyini, tərəflər arasında heç bir barışığın əldə olunmadığını və cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı addım atılmadığını bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, eləcə də iddia ərizəsinin surətinin göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etmək barədə hər hansı müraciət etməmiş, iddia ərizəsinə münasibətini, etiraz və ya mülahizəsini yazılı şəkildə məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-281/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-224/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin 15 iyun 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmçinin, həmin hökmlə iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X2 tərəfindən verilmiş mülki iddia ərizəsinin qismən təmin olunması, 96900 manat məbləğində maddi ziyan və 397 manat dövlət rüsumu olmaqla, ümumilikdə 97297 manat məbləğində pulun Cavabdeh tutularaq X1 ödənilməsi, mülki iddia ərizəsinin qalan hissədə təmin olunmaması, iş üzrə digər zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-850/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi X6 tərəfindən və zərərçəkmiş şəxs X3 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-98/2024 saylı, 06 fevral 2024-cü il tarixli hökmünün məhkum edilmiş şəxsin müdafiəçisi X4 və zərərçəkmiş şəxs X3 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, “FİDES” Vəkil Bürosunun vəkili X9 tərəfindən məhkum edilmiş şəxs Cavabdeh hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manatın dövlət büdcəsindən tutularaq, “FİDES” Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Həmin hökmdən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs İddiaçı vurduğu zərərin məbləği doğrudur, ona olan borcunu etiraf edir, 14.450 (on dörd min dörd yüz əlli) manat puldan 500 (beş yüz) manatını qaytarmış, qalan məbləği isə qaytara bilməmişdir. Məhkəmə iclasında zərər zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, o, təxminən 6-7 ilə yaxındır ki, Cavabdeh tanıyır. Cavabdehla yaxşı münasibəti olmuş, belə ki, o, İTİ kamera işləri görür, Anar Əhmdov ona bir neçə dəfə öz işinə uyğun işlər göndərib və həmin işin müqabilində ödəməli olduğu pulu ona vaxtı-vaxtında ödəmişdir. O, Cavabdeh briqadir kimi tanımış, belə ki, Cavabdeh iş götürmüş və həmin işlərin icrası ilə məşğul olmuşdur. Sonuncu dəfə 2021-ci il tarixdə Cavabdeh ona əgər əlavə qazanc əldə etmək istəyirsə ona qoşulmağı təklif etmişdir. Belə ki, o, təchizatla məşğul olduğunu, xarici ölkələrdən mallar gətirib, burada baha qiymətə satdığını, həmin malları almaq üçün də pula ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh əldə olunacaq gəlirdən ona da pul verəcəyini söz vermişdir. O, Cavabdeh bir neçə ildir ki, tanıdığı üçün ona etibar etmiş, təxminən 5-6 ay müddət ərzində Cavabdeh istədiyi pulu ona vermişdir. Cavabdeh pulunu ona geri qaytardığında 100 (yüz) manat artıq məbləğ qaytararaq əlavə gəlirinin 100 (yüz) manat olduğunu bildirmişdir. Hər dəfəsində fərqli əlavə qazanclarla pulları geri qaytarmış, bu qazanclar 50, 100, 200 manat olaraq dəyişmişdir. Sonuncu dəfə pulu verdikdən sonra Anar ona bildirmişdir ki, işləri dayanıb və pulunu geri qaytara bilmir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs İddiaçı bildirmişdir ki, Anar ev və ya iş yerləri götürərək ona da həmin yerlərə təhlükəsizlik kameralarını quraşdırmaq işini vermiş, o, Cavabdeh tam dəqiq hansı işlə məşğul olduğunu bilməmişdir. Bildiyinə görə Anar xarici ölkələrdən hansısa avadanlıqlar gətirmişdir. O, işin tam dəqiq nə olduğunu bilməmiş, sadəcə ona pul vermişdir. O, Anarı təxminən 6-7 ildir ki tanıdığı üçün, ona inanmış, 14.450 (on dörd min dörd yüz əlli) manat puldan ona 500 (beş yüz) manat qaytarmışdır. Ona dəymiş ziyandan 500 (beş yüz) manat ödənilmişdir. Fariz adlı şəxsi görmüş, lakin tanımır. Farizi Anarın işçisi kimi tanımışdır. Zərərçəkmiş şəxs İddiaçı həmçinin bildirmişdir ki, hal-hazırda ona dəymiş ziyandan qalıq borc 13.950 (on üç min doqquz yüz əlli) manat təşkil edir. O, ona dəymiş ziyanın ödənilməsini tələb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı direktor işlədiyi “Stokaz” şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2021-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yerinin qarşısında İddiaçı Azərbaycan manatına məzənnəsi ilə 3.060 manat təşkil edən 1800 ABŞ dolları, sonra isə həmin ilin fevral ayında ünvan 2 ünvanın həyətində Azərbaycan manatına məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları, həmin ilin iyun ayında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində Azərbaycan manatına məzənnəsi ilə 7.820 manat təşkil edən 4.600 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 14.450 (on dörd min dörd yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Cavabdeh törətdiyi cinayət əməli üzrə təqsiri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları, həmçinin işdə olan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, Cavabdeh təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı direktor işlədiyi “Stokaz” şirkətinin “Bahar Enerji” şirkətinin neft avadanlıqları alıb-satmaq sifarişlərini yerinə yetirdiyini, xeyli sifarişlər alıb biznes fəaliyyətini genişləndirmək üçün əlavə pul vəsaiti lazım olduğunu, bu işləri icra etmək üçün ona pul verdiyi halda, birgə iş qurub əldə olunacaq gəliri onunla yarı böləcəyinə dair yalandan vəd verib aldadaraq öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcə 2021-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Nərimanov metrostansiyası yaxınlığında yerləşən iş yerinin qarşısında İddiaçı Azərbaycan manatına məzənnəsi ilə 3.060 manat təşkil edən 1800 ABŞ dolları, sonra isə həmin ilin fevral ayında ünvan 2 ünvanın həyətində Azərbaycan manatına məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları, həmin ilin iyun ayında Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsində Azərbaycan manatına məzənnəsi ilə 7.820 manat təşkil edən 4.600 ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib İddiaçı qarşı təkrarən dələduzluq etməsi nəticəsində İddiaçı ümumilikdə 8205 ABŞ dolları (14450 manat) məbləğində ziyan vurması qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-850/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 8205 ABŞ dolları (13950 manat) məbləğində zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bunun nəticəsində ona ziyan vurulduğundan, dəymiş maddi ziyana görə 8205 ABŞ dolları (13950 manat) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 1000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 300 manat məbləğində vəkilə çəkilən xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 131,85 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8205 (səkkiz min iki yüz beş) ABŞ dolları (ödəniş anında ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) və məhkəmə xərcinin əvəzi olaraq 431,85 (dörd yüz otuz bir manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar