Məhkəmə qərarları › İş №e-2(125)-2816/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2816/2022

21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2816/2022 21.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz sahibliyində olan ona məxsus 800 manat dəyərində 1 ədəd 750 əyyar qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzüyün, 490 manat dəyərində 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağının, 360 manat dəyərində 1 ədəd 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyin və ya həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona verilməsinə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 2016-cı ilin avqust ayında faktiki ailə münasibətlərinə daxil olmuşlar. Lakin onlar arasında rəsmi nikah bağlanmamışdır. İddiaçı və cavabdeh yola getmədiklərindən aralarında mütəmadi narazılıqlar olmuş və birgə yaşamaları mümkün olmadığından onlar 2019-cu ilin dekabr ayından ayrı yaşamağa başlamışlar. Cavabdeh iddiaçı ilə birlikdə yaşadığı mənzili tərk edib gedərkən əlavə edilmiş fotoşəkillərdə görünən iddiaçıya məxsus olan mütəxəsis rəyinə əsasən dəyəri 800 manat təşkil edən 1 ədəd 750 əyar qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzüyü, 490 manat təşkil edən 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 7 qram çəkidə olan zəncir (sep) boyunbağını, 360 manat təşkil edən 1 ədəd 583 əyyar qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərziyi özü ilə aparmışdır. Belə ki, üzük tərəflərin toyu ərəfəsində cavabehin valideynləri tərəfindən, boyunbağı və bilərzik isə 1999-cu ildə iddiaçının anası X1 tərəfindən iddiaçıya hədiyyə şəklində verilmişdir. Qeyd olunan qızıl əşyalarının iddiaçıya hədiyyə şəklində verilməsi iddiaçıya məxsus olması faktı müvafiq olaraq iddia ərizəsinə əlavə olunmuş fotoşəkillər, vatsab yazışmaları və telefon danışıqları zamanı cavabdehin etirafı ilə sübut olunur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdehlə ailə quraraq toyları olmuşdur. Lakin yaşı tamam olmadığı üçün nikahlarını qeydə aldıra bilməmişlər. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarından nişan üzüyü onlar tərəfindən nişanda iddiaçıya hədiyyə etdikləri üzükdür. Boyunbağı isə toyda ona iddiaçı tərəfdən hədiyyə olunmuşdur. Belə ki, toyları olarkən iddiaçı tərəf ona bir ədəd üzük və iki ədəd boyunbağı hədiyyə etmişlər. Həmin boyunbağından biri qalın zəncir formalı digəri isə klonu ilə birlikdə nazik formada boyunbağı olmuşdur. Toyda həmin qızılları iddiaçı onun üzərinə taxmışdır. Toydan sonra iddiaçı tərəf iddiaçının kiçik toy kasetinin videosunu ona göstərərkən toy zamanı ona hədiyyə etdikləri nazik formalı klonla olan boyunbağının iddiaçının kiçik toyunda iddiaçıya hədiyyə olunduğunu və çoxdanın qızılı olduğunu demişlər. İddia ərizəsində göstərilən qolbağı isə ümumiyyətlə olmamış belə adda qızıl görməmişdir. İddiaçı ilə mübahisələri olub ayrılan zaman iddiaçıya onlar tərəfindən hədiyyə olunmuş nişan üzüyünü və toyda ona hədiyyə olunmuş qızılları özü ilə aparmışdır. İddiaçıya hədiyyə etdikləri nişan üzüyünü uşağının maddi ehtiyacları üçün 600 manata satmağa məcbur olmuşdur. Hazırda 600 manat pulu iddiaçıya qaytarmağa etiraz etmir və iddiaçının ona borclu olduğu 11000 manat ailment borcundan silinməsinə razıdır. İddianın qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- mütəxəssis rəyindən görünür ki, 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzük - 800 (səkkiz yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış 7 qram çəkidə olan sep - 490 (dörd yüz doxsan) manat və 583 əyyarlı qızıldan hazırlanmış 5 qram çəkidə olan bilərzik - 360 (üç yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, tərəflərin xx.xx.2016-cı il taixdə keçirilmiş toy mərasimində Cavabdeh üzərində bir ədəd qalın zəncir formasında və bir ədəd klonla birlikdə nazik formalı boyunbağı olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş 1999-cu ilə aid fotoşəkillərin kserosurətinə baxış keçirilərkən iddiaçının iddia etdiyi boyunbağının onun üzərində olmasını dəqiq müəyyən etmək mümkün olmamışdır. Tərəflərin toy mərasiminin videoya görüntüsünü əks etdirən DVD diskə baxış keçirilərkən məüyyən olundu ki, tərəflərin toyu zamanı iddiaçı tərəfindən cavabdehə bir ədəd qalın zəncir formasında, bir ədəd klonla birlikdə nazik formalı boyunbuğı və bir ədəd üzük hədiyyə olunur. İddiaçının nümayəndəsi Nümayəndə cavabdehlə danışıqlarını əks etdirən elektron kartda olan səs yazısına qulaq asılarkən müəyyən olmuşdur ki, iddiaçının nümayəndəsi cavabdehdən iddiaçıya məxsus bilərzik, boyunbağı və nişan üzüyünü qaytarılmasını tələb etsə də hansı boyunbağının və bilərziyin adını (toy zamanı hədiyyə olunmuş boyunbağının və yaxud hazırki tələb etdikləri) çəkməmiş, təkidlə yalnız idiaçıya məxsus nişan üzüyünün qaytarmasını tələb etmişdir. Cavabdeh isə həmin səsyazmaya etiraz edərək qızıl zinət əşyalarının ümumi anlamda tələb olunduğunu başa düşərək toy zamanı ona hədiyyə olunduğu qızılları satdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara hüquq normaları bağımından qiymət verərək heab edir ki, iddia qismən təmin olunmalıdır. İddiaçı iddia etmişdir ki, onun tərəfindən cavabdehə hədiyyə olunan qızıl-zinət əşyalarından başqa ona məxsus bir ədəd bilərziyi, bir ədəd boyunbağını və cavabdeh tərəfindən ona hədiyyə olunmuş nişan üzüyünü cavabdeh atası evinə gedərkən özü ilə aparmışdır. Cavabdeh isə tələb olunan boyunbağının ona toyunda hədiyyə olunduğunu, bilərziyin ümumiyyətlə mövcud olmadığını göstərərək, iddia tələbinin iddiaçıya hədiyyə etdikləri nişan üzüyünə qarşı etirazı olmadığını bildirmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddiaçı tərəfindən cavabdehə toyları zamanı iki ədəd qızıldan ibarət boyunbağı və bir ədəd üzük hədiyyə olunmuş, lakin idiaçı tələb etdiyi boyunbağının toy zamanı hədiyyə etdiyi boyunbağı olmamasına habelə bilərziyin mövcud olması barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər rəsmi nikaha daxil olmasalar da ailə qurarkən toyları zamanı biri-birlərinə qızıl zinət əşyaları hədiyyə etmşlər. Belə olan halda məhkəmə hesab edir ki, hədiyyə qaydasında verilmiş qızıl zinət əşyaları onların hər birinin mülkiyyətində olduğu üçün iddiaçı ona hədiyyə olunmuş nişan üzüyünü tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı Cavabdeh 800 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzük və ya olmadığı təqdirdə dəyəri olan 800 (səkkiz yüz) manat pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 800 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış 9 qram çəkidə olan 0,36 karat brilliant qaşlı üzük və ya olmadığı təqdirdə dəyəri olan 800 (səkkiz yüz) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar