Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-401/2024 10.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdim: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2000 (iki min) manat məbləğində verilmiş sığorta ödənişinin və 40,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin bütün iclaslarının iştirakları olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 30 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Chevrolet Cruze" markalı, 29EL137 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 01 iyun 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan "Opel Astra" markalı 77BN127 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhər Pİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi ilə bağlı 2000 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yolnəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs- faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Chevrolet Cruze" markalı, 29EL137 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Cavabdeh2 qonşuları olmuşdur. Xəstə olduğuna görə onu xəstəxanaya aparmasını xahiş etmişdir. Özü də maşında olmuş, yanında oturmuşdur. Sürücülük hüququ olmamışdır. Qəza baş vermiş, təqsir Xəyalda olmuşdur. Sığorta ödənişini vaxtlıvaxtında mütəmadi olaraq ödəmişdir. Baş vermiş hadisə ilə bağlı ödənişin sığorta tərəfindən ödənilməli olduğunu və qeyd olunan məbləği ödəmək üçün imkanı olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli PGU********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Chevrolet Cruze" minik markalı 29EL137 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixə qədər "xxxx" ASC tərəfindən sığorta edilmişdir. xx.xx.2022-ci il ƏN-Vİİİ 220099 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 “Chevrolet Cruze” minik markalı 29EL137 qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 327.2-ci maddələri ilə inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, PGU-223177 nömrəli sığorta ödənişi ilə bağlı aktın və xx.xx.2022-ci il tarixli, 158924 nömrəli ödəniş tapşırığının surətlərindən görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixli PGU********** nömrəli sığorta müqaviləsinə əsasən dəymiş zərərə görə X1 yolu ilə 2000 manat ödəniş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biridə bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində nəzərdə tutulmuş haldır. Həmin qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh2 və Cavabdeh1n qanuna zidd hərəkətlərinin nəticəsində baş vermişdir. Belə ki, avtomobili idarə etməyə hüququ olmamışdır. Hadisə zamanı zərərçəkən şəxs X5 2000 manat məbləğində zərər dəymiş və dəymiş zərər iddiaçı tərəfindən sonuncuya tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin X4 cavabdehlərə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 40,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2000 (iki min) manat məbləğində pul və 40,40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-401/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-401/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver