Məhkəmə qərarları › İş №e-2(125)-4235/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4235/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4235/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, cavabdeh tərəfindən iddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 2167,20 manatın və mediasiya xərci kimi ödənilmiş 50 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-ci il tarixində Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği cəmi 4359,69 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə qalıq borc 2167,20 manat təşkil edir. Yoxlamadan keçən dövrdə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-4235/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmənin əvvəlki iclasında iştirak edib iddianın əsaslı olduğunu bidlrimiş, sonra məhkəməyə ərizələr ünvanlayaraq, iddianı tam müdafiə etdiyini, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə də təqdim edərək iddia tələbini qəbul etdiyini, tələb edilən pulun ödənilməsinə razı olduğunu, lakin hazırda işləmədiyi üçün ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdehin “Oba Market" MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o Satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. “Oba Market" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh “Oba Market" MMC-də “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan satıcı-kassirin vəzifə təlimatından görünür ki, işçi maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə məsuliyyət daşıyır. Maddi və maliyə vəsaitini, xidmət üçün təyin edilmiş xüsusi vasitələri təyinatından kənar, şəxsi məqsədlər üçün istifadəsinə görə məsuliyyət daşıyır. “Oba Market" MMC-nin xx.xx.2021-ci il tarixli 1 saylı əmrindən çıxarışdan və xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixindən etibarən satıcı-kasir vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan cavabdehin “Oba Market" MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o administrator vəzifəsinə keçməsinə etiraz etmir. “Oba Market" MMC-nin xx.xx.2021-ci il tarixli 626 saylı əmrindən çıxarışdan, xx.xx.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsinə əlavədən görünür ki, cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixindən administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan administratorun vəzifə təlimatından görünür ki, işçi maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə məsuliyyət daşıyır. Daxili intizam, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC-nin Gəncə 33 filialında aparılmış xx.xx.2023-cü il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 4359,67 manat əskikgəlmə məbləği müəyyən edilmişdir. Həmin akt “inventarizasiya nəticələri mənim iştirakım ilə aparıldı. Çıxarılan nəticə ilə razıyam” qeydi ilə cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı MMC-nin Gəncə 33 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 944 nömrəli inventarizasiya siyahısından görünür ki, siyahıda qeyd olunan malların üzləşdirilməsi aparılmış, 4359,7 manat əskikgəlmə aşkar edilmişdir. İddiaçı MMC-nin İnventarizasiya komissiyasının xx.xx.2023-cü il tarixli iltizamnaməsindən görünür ki, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayım qaydalara uyğun keçirilmiş, sonda qarşılaşdırma olmuş, əksik mallarla tanış olmuş, sayım qrupuna heç bir etirazı olmamış, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 198 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış cavabdehə aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədi ilə İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator cavabdehdən tələb olunmuş, “Təbii itki norması” satış dövriyyəsinin 0,66 faizi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, DN4578 nömrəli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla cavabdehə bildirilmişdir ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 2167,20 manat əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməyi xahiş olunmuşdur. Əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. “Oba Market" MMC-nin xx.xx.2023-cü il tarixli, 127x nömrəli əmrindən çıxarışdan və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdehin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı MMC-də çalışmış Cavabdeh Bəybala oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 4359,69 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 2167,20 manat borcu qalmışdır. Beləliklə cavabdehin 16 may 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 2167,20 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2167,20 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçı cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 127x nömrəli əmrlə işdən azad edilmişdir. Cavabdehlə əmək və mülki qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məsələnin mediasiya qaydasında həlli üçün mediasiya orqanına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün prosesi davam etdirmək mümkün olmamışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh iddianı qəbul etmişdir. Cavabdeh bu barədə məhkəməyə ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı MMC-nin iddia tələbində qeyd olunan məbləğdə vurulmuş ziyanı etiraf etməsi öz təsdiqini tapdığına görə iddia təmin edilməli və cavabdehdən 2167,20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda, ödənilməli dövlət rüsumunu da əhatə edən və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2167,20 (iki min bir yüz altmış yeddi manat iyirmi qəpik) manat və məhkəmə xərcinin əvəzinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar