Məhkəmə qərarları › İş №e-2(125)-4280/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4280/2024

12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4280/2024 12.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Oba Market MMC Cavabdeh qarşı əmək münasibətlərindən əmələ gələn pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3959,09 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunverciliklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı tələb olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı Oba Market MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirak etməli və həmin prosesdə iştirak etməsi ilə bağlı müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etdikdən sonra məhkəməyə müraciət etməli olduğu halda, həmin tələblərə riayət etmədən məhkəməyə müraciət etmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi və ya kollektiv əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərin sırasında mediasiya arayışı və ödəniş qəbzinə rast gəlinmir. Həmçinin iddia ərizəsinə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilməmişdir. İddiaçı iddia ərizəsində dövlət rüsumunun ödənilməməsini mediasiyaya xərci ödəməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə mediasiya prosesində iştirakına dair tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyə qədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar