Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-449/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı «VAZ 2103» markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X1 dəymiş ziyana görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 Faiq oğlunun etibarnamə ilə sahibliyində olan və Cavabdeh2 oğlu tərəfindən idarə olunan «Daimler Chrysler» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, «VAZ 2103» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 az ağır ziyan dəymişdir. Belə ki, Cavabdeh2 oğlunun idarə etdiyi «Daimler Chrysler» markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Hadisə nəticəsində «VAZ 2103» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.500 manat məbləğində və X1 1.500 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq cəmi 3.000 manat məbləğində sığorta ödənişini həyata keçirmiş. Belə ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 oğlu və Cavabdeh1 Faiq oğluna qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. X10 Hüseyn oğlunun mülkiyyətində olan «Daimler Chrysler» markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı etibarnamə ilə Cavabdeh1 Faiq oğlunun sahibliyində olmuş, sonunc hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan Cavabdeh2 oğlu idarə etmişdir. Qeyd olunan hadisə ilə bağlı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-109/2019 nömrəli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İddiaçı Sığorta Şirkəti ASC hesab edir ki, «Daimler Chrysler» markalı markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə sahibi Cavabdeh1 Faiq oğlu və nəqliyyat vasitəsini idarə edən, hökm üzrə təqsirli Cavabdeh2 oğlu mülki cavabdehlər hesab edilməlidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X2 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-11924-1220 nömrəli məktubun surətindən görünür ki, DİN-in Baş X11i İdarəsinin Qeydiyyat-İmtahan idarəsinin kompyuter uçot bazasına görə «Daimler Chrysler» markalı markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən X6 adına qeydiyyatdadır. İşdə olan «İcbari sığorta müqavilələrinin yoxlanılması» barədə məlumatın surətindən görünür ki, hadisənin baş vermə tarixində yəni xx.xx.2019-cu il tarixdə «Daimler Chrysler» markalı markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta təminatında olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 120-27524-1219 nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yolnəqliyyat hadisəsi baş vermiş, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə Cavabdeh2 idarə etmiş, nəticədə «VAZ 2103» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X1 zərər dəymişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-109/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 079394 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitələrinin yol nəliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesabata uyğun olaraq «VAZ 2103» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə sığorta ödənişinin məbləği 1.500 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli, 079398 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəliyyat hadisəsi nəticəsində X1 az ağır dərəcəli xəsarət dəymişdir və sonuncunun sağlamlığına vurulan zərərə görə sığorta ödənişinin məbləği 1.500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 129 nömrəli və xx.xx.2020-ci il tarixli, 130 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixli, 079394 nömrəli və xx.xx.2020-ci il tarixli, 079398 nömrəli sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1.500 manat məbləğində pul vəsaiti X3 hesabına və 1.500 manat məbləğində pul vəsaiti X5 hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli və xx.xx.2024-cü il tarixli pretenziyaların surətlərindən görünür ki, borcu könüllü ödəməsi barədə Cavabdeh2 və Cavabdeh1 xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi barədə Cavabdeh2 və Cavabdeh1 qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «VAZ 2103» markalı ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.500 manat məbləğində və X1 1.500 manat məbləğində zərər dəymiş, vurulmuş zərər «Daimler Chrysler» markalı markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Buna görə də İddiaçı Sığorta Şirkəti ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Cavabdeh2 və Cavabdeh1 qarşı 3.000 manat məbləğində pul tələbi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 3.000 (üç) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat 40 (qırx) qəpik, cəmi 3.050 (üç min əlli) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-449/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-449/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver