Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-450/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumunun 0.56 manat bank ödənişinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci ildə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 280 minik” markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 103565 nömrəli sığorta aktından göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Mercedes Benz 280 minik” markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İddiaçı Sığorta Şirkəti” X3 vəfatına görə iş materiallarına əlavə edilmiş 803 nömrəli ödəniş tapşırığına əsasən 5000 AZN (beş min manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(100)-287/2018 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh xx.xx.2018-ci il tarixli hadisə üzrə təqsirli olduğu üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır və 5000 manat pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ddiaya etiraz edərək bildirmişdir ki, hadisə 2018-ci ildə baş verib. Həmin vaxtdan 6 il vaxt keçmişdir. İrəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtl və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduöundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə göstərir ki, iş materiallarında olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(100)-287/2018 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə onun tərəfindən sərxoş vəziyyətdə idarə olunan “Mercedes Benz 280 minik” markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X4 adlı şəxs ölmüşdür. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə idarə olunan “Mercedes Benz 280 minik” markalı ** SV *** qeydiyyat nişanlı avtomaşın İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə törədilmiş cinayət əməli nəticəsində ölmüş X4 adlı şəxsin ölümünə görə sonuncunun vərəsəsi X2 İddiaçı Sığorta Şirkəti ASC-tərəfindən 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iddianın maddi hüquqi əsasları ilə bağlı göstərir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinin mətninə əsasən, sığorta hadisəsi nəticəsində zərərçəkənin ölməsi halında sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişi ödənilir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır: Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmədə aparılmış araşdırmalar nəticəsində işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış “Mercedes Benz 280 minik” markalı ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticədə X4 adlı şəxs ölmüşdür. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə törədilmiş həmin cinayət əməli nəticəsində ölmüş X4 adlı şəxsin ölümünə görə sonuncunun vərəsəsi X2 İddiaçı Sığorta Şirkəti ASC-tərəfindən 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bununla belə, Cavabdeh iddiaya etiraz edərək, irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən hazırki tələblə iddia qaldırılarkən qanunla müəyyən edilmiş iddia müddətləri ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən qaldırılan hazırki iddia sığotrta ödənişinin subroqasiya qaydasında geri alınması tələbidir və xüsusiyyətlərinə görə belə tələblərə ümumi, yəni, 10 illik iddia müddəti tətbiq edilə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı tərərfindən verilmiş söğorta ödənişinin verilməsindən 10 illik müddət keçməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətdəsir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən hazırki tələblə iddia qaldırılarkən qanunla müəyyən edilmiş iddia müddətləri ötürülməmişdir. Beləliklə, məhkəmə bu qənaətdədir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən irəli sürülən, cəmi 5000 manat məbləğində sığorta ödənişlərinin cavabdehdən subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni əsaslıdır, ona görə də təmin olunmalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul cavabdeh X1 alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat məbləğində pul alınıb, İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-450/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-450/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver