Məhkəmə qərarları › İş №e-2(125)-5427/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5427/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5427/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3800 manat məbləğində pul vəsaitinin və 58,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı dəymiş zərəri aradan qaldıraraq, “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 3800 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Odur ki, 3800 manat pul cavabdehdən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi elektron qaydada ərizələrlə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə baxışı iclasında iştirak edib iddia tələbini qəbul etmədiyini bildirmiş, lakin sonrakı məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlı olsa da, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 26 oktyabr 2022-ci il tarixinə 3800 manat təşkil edir. 111697 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, iddiaçı ASC tərəfindən 3800 manat məbləğində sığorta ödənişinin X2 hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 7291 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı ASC tərəfindən X2 bank hesabına 3800 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 3800 manat sığorta ödənişinin 10 iş günü ərzində iddiaçı ASCyə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, cavabdeh Gəncə şəhər BPİ DYPŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təqribən 19:29 radələrində sürücülük vəsiqəsi olmadan, yəni hüquqsuz idarə etdiyi “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ş.İ.Xətai prospektində hərəkətdə olub B.İsgəndərov küçəsi ilə kəsişməyə çatdıqda qarşısında, yəni yol ayrıcında sola dönmə siqnalını yandırıb həmin küçəyə dönmək istəyən “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçmədiyi üçün toqquşma baş vermiş, hadisə yerinə DYP əməkdaşı gəlmiş, hadisə sxemini tərtib etmişdir. İş materiallarına əlavə edilmiş, X1 şəhər BPİ DYPŞ-nə verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təqribən 19:29 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ş.İ.Xətai prospektində hərəkətdə olub B.İsgəndərov küçəsi ilə kəsişmədə, yəni yol ayrıcında sola dönmə siqnalını yandırıb həmin küçəyə dönmək istəyərkən bu zaman arxası ilə hərəkətdə olan “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ara məsafəsini düzgün seçmədiyi üçün toqquşma baş vermiş, hadisə yerinə DYP əməkdaşı gəlmiş, hadisə sxemini tərtib etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər DYPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2022-ci il tarixində, saat 19:29 dəqiqədə Gəncə şəhərində baş vermişdir. Həmin arayışa görə “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, X5, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs isə X6 olmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçıya müvafiq sorğu göndərilsə də iddiaçı, “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sığorta müqaviləsini təsdiq edən hər hansı sübutunu, o cümlədən həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Bununla belə təqdim edilmiş iş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2022-ci il) sığorta hadisəsi baş vermiş və cavabdehin idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi sığortalanmış “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X4 etibarnamə ilə idarə etdiyi “Toyota RAV4” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilə görə avtomobilin mülkiyyətçisi X2 bank hesabına 3800 manat köçürülmüşdür. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin 3(125)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ...25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında tələb irəli sürərək ödənilmiş sığorta ödənişi həcmində pulun cavabdehdən tutulmasını tələb etmişdir. Lakin işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh nə sığorta olunan, nə də sığortalı deyildir. Bununla belə, iddiaçı, Cavabdeh qarşı iddia tələbi irəli sürmüş, subroqasiya tələbinin əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən subroqasiya hüququnun sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə yönəlməsi üçün aşağıdakı halların məcmusu olmalıdır: - icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməli; - müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməlidir. Qeyd edilən halların məcmusu mövcud olmadıqda ümumi qayda olaraq subroqasiya hüququ sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana yönəlməlidir. Hazırkı iddia tələbi üzrə birinci halın, yəni cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə hüququnun olmaması müəyyən edilsə də, ikinci hal, yəni əmlakın sığortalının və ya sığorta olunanın xəbəri olmadan istismar edilməsi halını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. İddiaçı cavabdehin avtomobili sığortalı və ya sığorta olunanın xəbəri olmadan idarə etdiyini sübut etməli olduğu halda bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işə onun iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında verilmiş sığorta ödənişi həcmində pulun Cavabdeh tutulmalı olması barədə mötəbər sübutlar təqdim etmədiyindən iddia rədd edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçıya məhkəmə tərəfindən müvafiq məlumat göndərilərək hadisə törədilən vaxt “Mercedes Benz A160” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin qanuni sahibliyində olması barədə sənədi və həmin avtomobilin iddiaçı tərəfindən sığortalanması barədə sığorta şəhadətnaməsini məhkəməyə təqdim etmək təklif olunmuş, lakin iddiaçı bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmçinin, iddiaçı sığorta müqaviləsini bağlamış və ya sığortalı olaraq qeyd olunmuş şəxsi, nəqliyyat vasitəsinin qanuni sahibini hazırki iş üzrə cavabdeh qisində cəlb etməmiş, ona qarşı iddia tələbi irəli sürməmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində eletron kabinetə malik olan, eləcə də peşəkar hüquqşünaslarla təmsil olunan hüquqi şəxs olan iddiaçıya dəfələrlə şərait yaradılsa da iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (MPM-nin 4.1-ci maddəsi). Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (MPM-nin 5.1-ci maddəsi). Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (MPM-nin 50.1-ci maddəsi). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (MPM-ni 50.3-cü maddəsi). Qeyd edilən müddəalardan da göründüyü kimi, iddia tələbi ona cavab verməli olan, cavabdehlik daşıyan şəxsə yönəlməlidir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Həmçinin, MPM-ə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (77.1, 217.3 və 217.4-cü maddələr). Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar