Məhkəmə qərarları › İş №e-2(125)-5472/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5472/2025

03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5472/2025 03.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı «A-X3 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «A-X3 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «A-X3 Təşkilatı» MMC-nin xeyrinə 100 manat məbləğində əsas overdraft borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixdə 100 manat vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. «A-X3 Təşkilatı» MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını «A-X3 Təşkilatı» MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun «A-X3 Təşkilatı» MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini, müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və cavabdeh öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsindən görünür ki, cavabdeh həmin müqaviləni xx.xx.2023-cü il tarixdə elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında virtual kart əldə etmişdir. “A-X3 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən "xxxx" MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını «A-X3 Təşkilatı» MMC-yə güzəşt etmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh məxsus akart hesabından çıxarışdan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində overdraft borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə «A- X3 Təşkilatı» MMC-yə müqaviləyə əsasən əsas məbləğ üzrə 100 manat overdraft borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixinə yaranmış 100 manat overdraft borcunun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sora-MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, tərəflər arasında rəqəmsal kartın əldə edilməsinə və istifadəsinə dair müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozaraq, akart balansında vəsait olmadığı halda ona aid olmayan vəsaiti, yəni 100 manat pulu sərf edərək, həmin pulu hüquqi əsas olmadan özündə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 100 manat pul Cavabdeh alınaraq «A-X3 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «A-X3 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar