Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(125)-6815/2025 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 7200 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla) həmçinin manat hesabı ilə, 1500 manat borcun , hüquqi yardıma görə ödənilən 300 manat və dövlət rüsumuna görə ödənilən 133 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi oğlu Anar Əsgərovun vasitəsi ilə tanıyıb. Belə ki, X1 şəhər Baş Polis idarəsinin DYPB-də işləyirdi, ona görə də münasibəti yaranıb və Anarın vasitəsi ilə də hazırki cavabdehlə dostluq münasibətləri yaranıb. Cavabdehlə bir-birinin xeyir-şərində həmişə iştirak ediblər və etibar yaranıb. Təxminən 4-5 il bundan əvvəl cavabdehin oğlu Anarı işdən azad etmişdilər, cavabdeh ona zəng edərək təcili olaraq 30000 manat pul lazım olduğunu bildirib. Həmin vaxt iddiaçı Rusiya Federasiyasında olub. Cavabdehə bildirib ki, qardaşı Mühitdində 9000 ABŞ dolları və 5000 AZN pul var get götür və qardaşına da zəng edərək həmin pulu cavabdehə verməsini bildirib. Cavabdeh 9000 ABŞ dollarını və 5000 AZN pulu qardaşından alıb və söz verib ki, qısa müddətdə qaytaracaq. Bundan bir müddət sonra cavabdeh aldığı 9000 ABŞ dollarından 1800 dollar, 5000 manatdan isə 3500 manatını qaytarsa da qalan məbləği bəhanələr edərək bugünkü günə qədər ödəməyib. Hər dəfə də söz verir ki, yaxın vaxtlarda ödəyəcək, lakin heç bir ödəniş etmir. Cavabdehin hal-hazırda ona 7200 ABŞ dolları (12240 manat) və 1500 AZN borcu qalıb. İddia tələbinin azaldılması: Mülki iş üzrə iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında məhkəməyə ərizəyə ünvanlayaraq iddia tələbini azaltdıqlarını bildirmiş və cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 5500 ABŞ dollarının (manata məzənnəsi ödəniş gününə nəzərə alınmaqla) tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin iddiaçının iş üzrə ödənilmiş məhkəmə xərclərini cavabdehdən tələb etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh çıxışında bildirdi ki, doğrudanda iddiaçı ona 9000 ABŞ dolları və 5000 manat borc vermişdir. Həmin puldan 3500 ABŞ dolları və 5000 manat borcu qaytarıb. Hazırda iddiaçıya 5500 ABŞ dolları məbləğində borcu var. İş materiallarına əlavə edilmiş: İddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə görə Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə görə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlərin yarandığı vaxt qüvvədə olan redaksiya) 739.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 9000 ABŞ dolları və 5000 manat məbləğində borc pul almışdır. Lakin Cavabdeh həmin öhdəliklərini tam icra etməmiş və 5500 ABŞ dolları məbləğində pul vəsaitini hazırki tarixədək qaytarmamışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Hazırki iş üzrə cavabdeh etirafedici izahatından bəlli olur ki, iddiaçı İddiaçı aldığı 9000 ABŞ dolları və 5000 manat məbləğində borcdan 5500 ABŞ dolları borcu qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları və 5000 manat məbləğində pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları və 5000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə cavabdehin etirafedici izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 9000 ABŞ dolları və 5000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh öz izahatı ilə borc pul aldığını və borcunu tam şəkildə ödəmədiyini etiraf etmişdir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pulun ödənilməmiş hissəsini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 5500 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı iş üzrə ödənilmiş məhkəmə xərclərini cavabdehdən tələb etmədiyindən iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 5500 (beş min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına məzənnəsi ilə iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №e-2(125)-6815/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6815/2025
11.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver