Məhkəmə qərarları › İş №e-2-2(086)-567/2019

Şirvan İnzibati-İqtisadi Məhkəməsi Qətnamə — İş №e-2-2(086)-567/2019

09.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(086)-567/2019 09.12.2019 ŞİRVAN İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı qeyri-yaşayış binasından çıxarılma, binanın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iqtisadi işə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış binasından çıxarılma, binanın qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir şəhəri Heydər Əliyev prospekti(keçmiş Azadlıq küçəsi) 14 ünvanında "xxxx" ASC-nin Kürdəmir filialının yerləşdiyi və sahəsi 375,8 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin sərəncamında olmuş və 27.09.2000-ci il tarixli 2416 nömrəli icarə müqaviləsi əsasında xidmət məqsədi ilə “Könül” firmasının istifadəsinə verilmişdir. 2001-ci ilin əvvəllərində həyat yoldaşı "xxxx" ASC-nin Kürdəmir filialının müdiri vəzifəsində işlədiyindən filialı müvəqqəti olaraq orada yerləşdirmək barədə razılaşdıq, lakin icarə haqqını firma ödəmişdir. 23.08.2001-ci il tarixdə isə sözügedən əmlak Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 33.344.000(otuz üç milyon üç yüz qırx dörd min) manata firmaya satılmışdır. 2004-cü ilin iyun ayında həyat yoldaşı işdən çıxdı, lakin müəyyən müddət “Könül” firmasının faktiki fəaliyyəti olmadığından və əsasən həyat yoldaşımın filialdakı yeni rəhbərliklə və kollektivlə isti münasibətdə olması səbəblərdən filialın və Bankın rəhbərliyi ilə qeyri-yaşayış sahəsinə dair danışıqların uzanmasına etiraz etməmişdir. 2006-cı ildən isə Kürdəmir filialının müdiri işləmiş Elşən Sərdarov icarə haqqı ödəməyə faktiki olaraq etiraz etməmişdir. Həyat yoldaşı ilə eyni vaxtda Kürdəmir filialında işləmiş Elşən Sərdarov müdir olduğu illərdə(2006-2015-ci illər) həmişə qeyri-yaşayış sahəsinin “Könül” firmasının mülkiyyəti olduğunu etiraf etmiş və X4 ilə icarə haqqının verilməsini təmin edəcəyinə söz vermiş, lakin icarə haqqı ödənilməmişdir. Ona görə də son vaxtlar cavabdehə qeyri-yaşayış sahəsinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Bu baxımdan, məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 12.02.2004-cü il tarixdə verilmiş 001571 nömrəli şəhadətnamə də bir daha təsdiqləyir ki, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti(keçmiş Azadlıq küçəsi)14 ünvanında "xxxx" ASC-nin Kürdəmir filialının yerləşdiyi və sahəsi 375,8 kv.m olan qeyriyaşayış sahəsi“Könül” firmasının toxunulmaz mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur cavabdeh qeyri-yaşayış sahəsini qanunsuz zəbt etməklə “Könül” firmasının mülkiyyətindəolanəmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Cavabdeh qeyriyaşayış binasından 2004-cü ildən istifadə edib heç bir haqq ödəməməklə ona külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, şəhərin mərkəzində yerləşən təmirli və sahəsi 375,8 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı mütəxəssis rəyinə əsasən (1 kv.m görə icarə haqqı 10 manat olmaqla) 3758 manat təşkil edir. O, qeyri-yaşayış sahəsini başqa hər hansı bir şirkətə icarəyə versəydi, 15 il ərzində 1.000000 (bir milyon) manat gəlir əldə edərdi. Cavabdeh isə onu əmlakından məhrum etməklə nə icarə haqqı ödəmiş, nə də ki qeyri-yaşayış sahəsindən çıxmışdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə "xxxx" Bankı ASC tərəfindən məhkəməyə ünvanlanan 23 oktyabr 2019-cu il tarixli, 16/7464 saylı etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 27 sentyabr 2000-ci il tarixli, 2416 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamenti (icarəyəverən) ilə “Könül” firması (icarəçi) arasında ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 389,61 m2 təşkil edən Azərbaycan Respublikası Dövlət Əmlakının sərəncamında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə (15.09.2000-31.12.2000) verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan 23 avqust 2001-ci il tarixli, 96 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (satıcı) ilə “Könül” firması arasında ünvan 5 ünvanında yerləşən 375,8 m2 qeyri-yaşayış sahəsinin bu müqavilədə göstərilən şərtlərə uyğun 33.344.000 manata (KAZM) satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən, əmlakın satış qiymətinin 100%-i ödənildikdə sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. İş materiallarında olan dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 12.02.2004-cü il tarixli, 001571 saylı şəhadətnamədən görünür ki, “Könül” firması ünvan 5 ünvanındakı iki mərtəbəli binada yerləşən 375,8 m2 qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır və həmin qeyri-yaşayış sahəsinin alınmasından ötrü dövlət büdcəsinə 33.344.000 manata (KAZM) köçürmüşdür. Həmçinin şəhadətnamədə qeyd edilir ki, bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 375,8 kv.m. qeyri-yaşayış sahəsi alıcının toxunulmaz mülkiyyətidir. İş materiallarında olan “Könül” firması tərəfindən Azərbaycan Beynəlxalq Bankına ünvanlanmış mübahisənin məhkəməyə qədər qaydada nizama salınmasına dair pretenziya məktubundan görünür ki, “Könül” firması "xxxx" ASC-nin Kürdəmir rayon filialının “Könül” firmasına məxsus qeyri-yaşayış sahəsində qeyri-qanuni fəaliyyət göstərməsinə və həmin sahədən istifadə etməsinə dair öz narazılığını bildirərək, aralarında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etməyi, əks təqdirdə binadan məcburi çıxarılma tələb ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə "xxxx" ASC-ni xəbərdar etmişdir. İş materiallarında olan 27 iyul 2001-ci il tarixli müqavilədən görünür ki, alqı-satqı zəminində “Könül” firması ilə Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında “Könül” firmasına məxsus binanın 118.000.000 (bir yüz on səkkiz milyon) manata (KAZM) Azərbaycan Respublikası Beynəlxalq Bankına satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, müqavilə tərəflər arasında imzalanaraq möhürlənmiş, lakin notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan 31.07.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Kürdəmir rayon filialı tərəfindən “Könül” firmasının hesabına 27 iyul 2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 (bir yüz on səkkiz milyon) manat (KAZM) ödənilmişdir. İş materiallarında olan 28 iyun 2019-cu il tarixli, L-P-Y-38 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyində qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin müqayisə yanaşması ilə 1 m2 üçün satış dəyəri 1.100 (bir min yüz) manat, 1 m2 üçün icarə haqqı 10 (on) manat, real bazar dəyəri 413.380 (dörd yüz on üç min üç yüz səksən) manat təşkil edir. İş materiallarında olan "xxxx" Bankı ASC tərəfindən məhkəməyə ünvanlanan 23 oktyabr 2019-cu il tarixli, 16/7464 saylı etirazda qeyd olunur ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair 27.07.2001 ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə bağlanarkən, qeyri yaşayış sahəsi İddiaçı firmasının mülkiyyətində olmadığından, iddiaçı əmlakı satmaq üçün müvafiq subyektiv hüquqa malik olmamış, müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Əslində İddiaçı firması 27.07.2001-ci il tarixdə qeyri yaşayış sahəsinin özünün mülkiyyətində olmamasını bilə-bilə əmlakı "xxxx" ASC-yə satmaqla, müqavilə tərəfini aldatmışdır. Tərəflər arasında bağlanmış 27.07.2001-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmasına baxmayaraq, məhkəməyə təqdim etdiyimiz 27.07.2001-ci il tarixli və 31.07.2001-ci il tarixli ödəniş tapşırığı ilə sübuta yetirilir ki, "xxxx" ASC mübahisə predmeti olan əmlaka görə 118.000 000 manat pul vəsaitini iddiaçıya ödəmişdir və faktiki olaraq, həmin əmlaka mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarım əldə etmişdir. Lakin iddiaçının 18 il sonra "xxxx" ASCyə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasını iddia etməsi mülki qanunvericilyin prinsiplərinə və öhdəliklərin icrası zamanı vicdanlılıq tələbinə zidd olduğundan, iddia tələbinin qanuni əsası da yoxdur. Bundan əlavə "xxxx" ASC-nin Kürdəmir filialı qeyd olunan alqı-satqı müqaviləsi əsasında 2001-ci ildən həmin qeyri yaşayış binasında fəaliyyət göstərir və həmin əmlak faktiki"xxxx" ASC-nin istifadəsində və sahibliyindədir. Hazırki dövrə qədər də qeyri-yaşayış sahəsinin saxlanması üçün bütün kommunal xərclər "xxxx" ASC tərəfindən ödənilir. Faktiki olaraq, iddiaçı tərəfin həmin əmlaka hər hansı mülkiyyət hüququ yoxdur. İddiaçının 18 il sonra məhkəməyə müraciət etməsi ilə təsdiq edilir ki, iddiaçı əmlakın "xxxx" ASC-nin mülkiyyətinə keçməsini hələ 18 il bundan əvvəl qəbul etmişdir və hazırki iddia tələbini irəli sürməklə, iddiaçı yalnız "xxxx" ASC-nin qanuni mənafeyinə zidd olaraq, qeyri yaşayış binasını əldə etmək və ya bir əmlakı ikinci dəfə "xxxx" ASC -yə satmaq niyyəti ilə təkrarən varlanmaq istəyir.Tərəflər arasında bağlanmış 27.07.2001-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilməsinə diqqət yetirilməməsi, müqavilə tərtib ediləndən sonra əmlakın daşınmaz əmlakın rəsmi qaydada "xxxx" ASC-nin adına rəsmiləşdirilməməsi, "xxxx" ASC-nin o vaxtkı rəhbərliyinin nəzarətsizliyi və məsuliyyətsizliyi ucbatından baş vermişdir. Məhz bu səbəblərə görə də "xxxx" ASC-nin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanmış, hal-hazırda da uğurla davam etdirilməkdədir. "xxxx" ASC-nin sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşmışdır. Həmin Fərmanın 3.3-cü bəndində "xxxx" ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə "xxxx" ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlərin görülməsi” barədə müddəalar göstərilmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-nin cavabdeh "xxxx" Bankı ASC-yə qarşı qeyri-yaşayış binasından çıxarılma, həmin binanın iddiaçıya qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbinin əsassız olunduğundan rədd olunması xahiş olunmuşdur. Beləliklə, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, 23 avqust 2001-ci il tarixli, 96 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, “Könül” firması ünvan 5 ünvanında yerləşən 375,8 m2 qeyri-yaşayış sahəsini 33.344.000 manata (KAZM) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən almış və həmin əmlak hal-hazırda iddiaçının mülkiyyətindədir. Həmçinin “Könül” firmasına məxsus binanın 118.000.000 (bir yüz on səkkiz milyon) manata (KAZM) satılmasına dair “Könül” firması ilə Azərbaycan Respublikası Beynəlxalq Bankı arasında 27 iyul 2001-ci il tarixli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, 31.07.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığına əsasən “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Kürdəmir rayon filialı tərəfindən “Könül” firmasının hesabına 118.000.000 (bir yüz on səkkiz milyon) manat (KAZM) ödənilmişdir (iddiaçı həmin müqaviləni və ödəniş tapşırığını, o cümlədən bank tərəfindən onlara pulun ödənildiyini qəbul etmir). İddiaçı Kürdəmir rayonu, Heydər Əliyev prospekti (Azadlıq küçəsi) 14 ünvanında yerləşən 375,8 m2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğuna istinad edərək, öz mülkiyyətində olan qeyri-yaşayış binasından cavabdehin çıxarılmasını, binanın qaytarılmasını, o cümlədən cavabdehin həmin əmlakdan uzun müddət istifadə etdiyinə, həmin qeyri-yaşayış binasının icarəyə veriləcəyi təqdirdə gəlir əldə edəcəyinə istinad edərək, cavabdehdən 1.000.000 manat pul tələb edir. Cavabdeh isə öz növbəsində, sözügedən qeyri-yaşayış binasını 27 iyul 2001-ci il tarixli müqaviləyə əsasən, iddiaçıdan aldığına, qeyri-yaşayış binasının onların öz mülkiyyəti olmasına istinad edir, ona görə də, həmin binadan çıxarılması və pulun ödənilməsi tələbinə etiraz edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanunverciliyin yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətində olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" ASC-nin (Kürdəmir filialı) əmlakları ilə birlikdə sözügedən qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin 1.000.000 (bir milyon) manat dəymiş ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı dəymiş ziyanın tutulması ilə bağlı tələbini onunla əsaslandırır ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin qeyri-yaşayış sahəsindən istifadə etməyə başladığı vaxtdan iddia qaldırılanadək olan müddətdə başqa şəxsə icarəyə verilsəydi 1.000.000 (bir milyon) manat gəlir əldə edərdi. Lakin məhkəmə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla iddia ərizəsindən, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, "xxxx" ASC 2001-ci ildən sözügedən qeyri-yaşayış sahəsindən istifadə edir. İddiaçı etiraf edir ki, "xxxx" ASC-nin qeyri-yaşayış sahəsindən istifadə etməsi onların razılığı ilə olmuşdur. Həmçinin iş materialları ilə, tərəflər arasında hər-hansı icarə müqaviləsinin bağlanıılması müəyyən olunmur. Tərəflərin nümayəndələri də məhkəmə iclasında belə bir müqavilənin bağlanmadığını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiaçıya icarə haqqı ödəmək kimi bir öhdəliyi yoxdur. Digər tərəfdən, "xxxx" ASC-nin iddiaçıya zərər vurulması, cavabdehin əsassız varlanması və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslara görə də cavabdehin hər-hansı öhdəliyi iş materialları ilə müəyyən olunmur. İddiaçı könüllü şəkildə cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə şərait yaratmış, buna rəvac vermiş, həmin qeyri-yaşayış sahəsinə görə icarə müqaviləsi bağlanılmamış, iddiaçı cavabdehin həmin qeyri-yaşayış sahəsini tərk etməsinə dair hərhansı tədbir görməmiş (hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək), həmin qeyri-yaşayış sahəsini başqa şəxsə icarəyə verməmiş, məhz cavabdehin hərəkətləri nəticəsində başqa şəxslə icarə müqaviləsinin bağlanmasının mümkün olmaması və ya bağlanmış müqavilənin ləğv edilməsi və bu kimi digər hallara dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1.000.000 (bir milyon) dəymiş ziyanın tutulmasına dair hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh sözügedən qeyri-yaşayış binasını 27 iyul 2001-ci il tarixli müqaviləyə əsasən, iddiaçıdan aldığına, qeyri-yaşayış binasının onların öz mülkiyyəti olmasına istinad edir. Halbuki, iş materiallarından göründüyü kimi, həmin qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Tərəflər arasında bağlanmış 27 iyul 2001-ci il tarixli müqavilədə “Könül” firmasına məxsus binanın "xxxx" ASC-yə satılması qeyd olunmuşdur ki, həmin binanın məhz Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən bina olması müəyyən olunmur. Yəni, müqavilədə qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi və digər zəruri məlumatlar göstərilməmişdir. Digər tərəfdən, həmin müqavilə notarial qaydada təsdiqlənməmiş, qanunvericiliyin tələblərinə zidd olaraq bağlanılmışdır. Bundan başqa, binaya (əgər müqavilədəki binanın məhz Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olsa belə) dair 27 iyul 2001-ci il tarixli müqavilə bağlanarkən həmin qeyri-yaşayış sahəsi ümumiyyətlə “Könül” firmasının mülkiyyətində olmamışdır. Belə ki, həmin daşınmaz əmlaka dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (satıcı) ilə “Könül” firması arasında alqı-satqı müqaviləsi 23 avqust 2001-ci il tarixdə bağlanılmış, “Könül” firmasının mülkiyyət hüquqları isə 12.02.2004-cü il tarixli şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılçalı, həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar