Məhkəmə qərarları › İş №e-2-2(102)-832/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-832/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-832/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Maraqlı şəxs MMC maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə tutmanın ipoteka predmetlərinə yön əldilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9104/2025 nömrəli 2025-ci il 7 noyabr tarixli qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9104/2025 nömrəli 2025-ci il 7 noyabr tarixli qərardadı ilə ASC “Xalq” Bankının (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı kredit müqavilələri üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi barəsində iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim: N.Əhmədova).

2. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 24.2, 24.3, 25.1, 26.1 və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11, 12 və 13-cü bəndlərinə istinadla belə əsaslandırmışdır ki, Cavabdeh1 2004-cü il 13 oktyabr tarixindən vergi uçotuna alınmaqla VÖEN-ə (**********) malikdir, Cavabdeh2 isə vergi ödəyicisi deyildir. Cavabdehlərə məxsus əmlakların – mənzillərin iki kommersiya hüquqi şəxsi arasında bağlanmış kredit müqaviləsinin təminatı olması mübahisənin aidiyyətinə təsir etmir. Belə ki, baxılan iş üzrə kredit müqaviləsindən irəli gələn hər hansı mübahisədən söhbət getmir. Hazırkı iş üzrə iddia tələbi i poteka predmetlərinə tutma yönəldilməsi olub iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlsə də, cavabdehlərdən birinin ümumiyyətlə fərdi sahibkar statusu yoxdur, digərinə münasibətdə isə ipoteka predmətlərinin mənzil olması səbəbilə mübahisənin fərdi sahibkar statusu olan cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlılığı öz təsdiqini tapmır. Göründüyü kimi, hazırda hüquq münasibətinin xarakteri, mübahisənin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna edir.

3. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

4. İddiaçı həmin qərardaddan şikay ət verərək onun ləğv olunması və iddia ərizəsinin icraata götürülüb baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 21 noyabr tarixli e-2-2(113)-9104/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

6. Qərardad 2025-ci il 7 noyabr tarixli qərardadla eyni məzmunda əsaslandırılmışdır. Şikayət a) Şikayətin dəlilləri

7. Şikayətdə göstərilmişdir ki, məhkəmə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla kobud prosessual pozuntuya yol vermişdir. Məhkəmənin hazırkı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin (ASC ”Xalq” Bankının iddia tələbi üzrə digər mülki işlərə dair qəbul edilmiş) 2024-cü il 20 fevral, 2024-cü il 22 avqust və 2024-cü il 3 oktyabr tarixli qərarlarında göstərilən hüquqi mövqe ilə ziddiyət təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarlarından da görünür ki, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi ilə bağlı iddia tələbləri üzrə məhkəmə aidiyyəti ilə bağlı vahid hüquqi mövqe ondan ibarət ibarətdir ki, işin aiddiyəti üzrə kommersiya məhkəməsində baxılması üçün iddia tələbi üzrə cavabdehin VÖEN-ə malik olması əsas götürülməlidir. Hazırkı halda isə iddianın yönəldiyi cavabdehlərdən biri fərdi sahibkar statusuna malik olmuşdur. Belə olan halda bank Ali Məhkəmənin qərarlarından irəli gələn hüquqi mövqeyi nəzərə almaqla hazıkı iddianı baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsində göndərmişdir. Hazırkı şikayətə əlavə edilmiş qərarlardan da görünür ki, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi ilə bağlı iddia tələblərinə baxılarkən məhkəmə aidiyyətinin ipoteka predmetinin növünə (mənzil və ya qeyri-yaşayış sahəsi) görə müəyyən edilməli olması ilə bağlı Ali Məhkəmənin qərarlarında hər hansı hüquqi mövqeyə rast gəlinməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi ilə bağlı işlər üzrə məhkəmə aidiyyətinə dair qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsinə zidd olan mövqe sərgiləmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıda kılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

10. Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi nə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nə zərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” Ali Məhkəmənin mövqeyi

11. Şikayətin dəlillərin i iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçının şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir.

12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

13. İddiaçı şikayətində göstərmişdir ki, məhkəmənin hazırkı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin (ASC ”Xalq” Bankının iddia tələbi üzrə digər mülki işlərə dair qəbul edilmiş) 2024-cü il 20 fevral, 2024-cü il 22 avqust və 2024-cü il 3 oktyabr tarixli qərarlarında göstərilən hüquqi mövqe ilə ziddiyət təşkil etmişdir.

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və əlavə olaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının şikayətdə göstərilən qərarlara istinadı əsassızdır.

15. Belə ki, istinad edilən 2024-cü il 20 fevral tarixli Qərarda göstərilmişdir ki, cavabdehə məxsus ipoteka predmeti olan yaşayış evinin iki kommersiya hüquqi şəxsi arasında bağlanmış kredit müqaviləsinin təminatı olması hazırkı mübahisənin aidiyyətini dəyişmir. Çünki baxılan iş üzrə kredit müqaviləsindən irəli gələn hər hansı mübahisəyə baxılmır. Əgər baxılan iş üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi kredit müqaviləsi üzrə borcalan a qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxılması barədə məsələ müzakirə predmeti ola bilərdi.

16. Beləliklə bu qərarın məzmunundan müəyyən olunur ki, cavabdeh olan fiziki şəxsin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması səbəbindən tərəflərin subyektiv tərkibinə görə işin kommersiya məhkəməsinə aid olması istisna edilmiş, həmçinin mübahisələndirilən ipoteka predmeti fərdi yaşayış evi olmaqla, sahibkarlıq fəaliyyəti üçün istifadə olunmamışdır. Ona görə də qarışıq məhkəmə tərkibinin qərarı ilə cavabdehin şikayəti təmin edilməmiş və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi işin ümumi məhkəməyə aid olması barədə düzgün qənaətə gəlmişdir.

17. Daha sonra istinad edilən 2024-cü il 3 oktyabr tarixli qərarda d a Qarışıq məhkəmə tərkibi eyni mövqeyə əsaslanaraq göstərmişdir ki, cavabdehə məxsus ipoteka predmetinin iki kommersiya hüquqi şəxsin arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da mübahisənin məhkəmə aidiyyətini dəyişmir. Belə ki, hazırkı işdə kredit müqaviləsindən irəli gələn mübahisəyə baxılmır. Hazırki işdə ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi tələbi kredit müqaviləsi üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsa idi, bu halda, həmin işə kommersiya məhkəməsində baxılması məsələsi MPM-in 30-cu maddəsinə əsasən müzakirə predmeti ola bilərdi. Qeyd olunanlara əsasən Qarışıq məhkəmə tərkibi tərəfindən iddiaçı ASC “Xalq” Bankın şikayəti təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardadı ləğv edilməklə, işin aidiyyat qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

18. Göründüyü kimi iddiaçının istinad etdiyi bu iki qərarda əks olunan mövqe hazırkı işə kommersiya məhkəməsində baxılmalı olmasını ehtiva etmir, iddiaçının qeyd etdiyi kimi hazırkı iş üzrə gəlinən nəticə bu qərarlarda göstərilən mövqe ilə ziddiyyət təşkil etmir.

19. Digər istinad olunan 2024-cü il 22 avqust tarixli qərarda isə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti (qeyri-yaşayış sahəsi) və tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olması qənaətinə gəlməyə əsas vermişdir. Belə olan halda birinci instansiya məhkəməsi nin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə qanuni olduğu üçün iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir.

20. Beləliklə həmin qərarda müəyyən olunmuş hallarla hazırki iş üzrə müəyyən olunmuş hallar eynilik təşkil etmir.

21. Qeyd olunanlara əsasən Qarışıq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının istinad etdiyi qərarlarda əks olunan mövqelər hazırkı işə kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlməyə əsas vermir, buna baxmayaraq iddiaçı həmin qərarlardakı mövqeləri nəzərə almadan birdaha hazırkı iddia ilə kommersiya məhkəməsinə müraciət etmişdir.

22. Hazırki iş üzrə cavabdehlərdən birinin fərdi sahibkar statusu yoxdur, digərinə münasibətdə isə ipoteka predmətlərinin mənzil olması səbəbilə mübahisənin fərdi s ahibkar statusu olan cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlılığı öz təsdiqini tapmır. Cavabdehlərə məxsus ipoteka predmetlərinin iki kommersiya hüquqi şəxsin arasında bağlanmış kredit müqaviləsinin təminatı olması da mübahisənin məhkəmə aidiyyətini dəyişmir. Belə ki, hazırkı işdə kredit müqaviləsindən irəli gələn mübahisəyə baxılmır. Hazırki işdə ipoteka predmeti olan mənzillərə tutma yönəldilməsi tələbi kredit müqaviləsi üzrə borcalana qarşı pul tələbi ilə birləşdirilmiş olsa idi, bu halda, həmin işə kommersiya məhkəməsində baxılması məsələsi MPM-in 30-cu maddəsinə əsasən müzakirə predmeti ola bilərdi.

23. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə aid olan normalar hazırkı mübahisəyə tətbiq olunmaqla doğ ru nəticəyə gəlinmişdir. İddiaçının şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil.

24. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9104/2025 nömrəli 2025-ci il 7 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar