Məhkəmə qərarları › İş №e-2-2(113)-1052/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1052/2023

02.05.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1052/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, istehlakçının maraqları, uçotun müvəqqəti pozulması, sayğacın daxili qüsuları) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən obyektə (abunə kodu **********7) elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə əsassız olaraq hesablanmış 2207,04 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-XXXX/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən obyektə (abunə kodu **********7) elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə əsassız olaraq hesablanmış 2207,04 manat borcun silinməsi, 60 manat mediasiya xərcinin və 160 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 4.1. Abşeron rayonu, Saray qəsəbəsində iddiaçıya məxsus obyekt vardır. Həmin obyektin cavabdeh tərəfindən təqdim olunan hesab-ödəniş vərəqlərinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə olunan ortalama elektrik enerjisi sərfiyyatı 200 manat civarında olmuşdur. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə olunan elektrik enerjisi sərfiyyatı orta aylıq sərfiyyat normasından 11 dəfə çox, yəni 2207,04 manat olmuşdur. Sözügedən hal sayğacın nasaz işləməsi ilə bağlı əsaslı şübhələr yaratmış və bununla bağlı iddiaçı tərəfindən xx.xx.2022ci il tarixli ərizə ilə cavabdehə müraciət olunmuşdur. 4.2. Həmin ərizənin araşdırılması ilə bağlı cavabdehin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş və baxışın nəticəsinə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, elektrik sayğacının göstəricilərinin irəliyə doğru sıçrayış olmuşdur və sayğac yenisi ilə əvəz edilməli, nasaz sayğacın yaddaşı laboratoriya şəraitində oxunmalı və rəy verilməlidir. Bundan əlavə cavabdehin əməkdaşları tərəfindən 12 aprel 2022-ci il tarixdə obyektə baxış keçirilmiş və baxışın nəticəsinə akt tərtib edilmişdir. Sözgedən aktda isə qeyd olunmuşdur ki, elektrik hesabat sayğacı laboratoriya şəraitində yoxlanılmalı və sayğacın yaddaşı kompüter vasitəsilə oxunaraq rəy verilməlidir. Cavabdehin Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə sayğac sökülmüş, torbaya qoyulmuş, laboratoriya şəraitində yoxlanması üçün göndərilmişdir. Bununla bağlı sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bundan sonra cavabdehin Laboratoriya Mərkəzinin əməkdaşları tərəfindən sayğac yoxlanılmış və xx.xx.2021-ci il saat 17:30-da və xx.xx.2022-ci il saat 16:30-da sayğacın daxili qüsur nəticəsində normadan artıq yük hiss etdiyi və onu sərfiyyat kimi qeyd etdiyi, eləcə də sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Bununla bağlı sayğac və cərəyan transformatorların yoxlanması haqqında protokol tərtib edilmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə olunan elektrik enerjisi sərfiyyatının 2207,04 manat olması sayğacın daxilində olan qüsurla bağlı olmuş və iddiaçıya çox böyük ölçüdə borc hesablanmışdır. 4.3. Mübahisənin mediasiya qaydasında həlli ilə bağlı cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiaysının keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mediasiya baş tutmamış və bununla bağlı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Bundan başqa, borcun silinməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən borc silinməmişdir.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.4, 8.17-ci bəndləri və s. göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçıya məxsus obyektdə cavabdeh tərəfindən təqdim edilmiş hesab-ödəniş vərəqələrinə əsasən aylıq orta sərfiyyat 200 manat civarında olmuşdur. Lakin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövrdə sərfiyyat digər aylara nisbətdə 11 dəfə çox olmuşdur. Bundan sonra cavabdehə müraciət edilmiş, cavabdehin əməkdaşları sayğacı yoxlamış, daxili qüsur nəticəsində sayğacın 21 dekbar 2021-ci il saat 17:30-dan 03 yanvar 2022-ci il saat 16:30dək normadan artıq yük hiss etdiyini qeyd etmişlər. Qeyd olunan məbləğin silinməsi üçün cavabdehə müraciət edilsə də, nəticə olmamışdır.

7. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, xx.xx.2022-ci il tarixli hüquqi yardım haqqında müqavilə müvəqqəti təminat tədbiri üzrə icraat ilə bağlı yardım göstərilməsi üçün bağlanmış müqavilədir.

8. Cavabdehin nümayəndəsi X1 məhkəmənin əvvəlki iclaslarında iştirak edərək, iddianın rədd olunmasını xahiş etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 2207,04 manat pulun tərkibində həmçinin orta aylıq sərfiyyat mövcuddur.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması mübahisələndirilmir, abunə haqqında məlumatda göstərilən şəxs iddiaçıdır, onunla da elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır.

10. Cavabdehin nümayəndəsi məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işa baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1557 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 075740 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 1-ci bəndinə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə Qaydaları”nı rəhbər tuturlar.

15. Məhkəməyə təqdim edilən cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 24 mart 2022-ci il tarixli 042340 nömrəli aktdan görünür ki, abonentin 028 saylı xx.xx.2022-ci il tarixli ərizəsi əsasında obyektə baxış keçirilərkən ******* nömrəli “Viko” tipli elektrik sayğacının göstəricisində irəliyə doğru sıçrayışın olduğu qeyd edilmiş, elektrik sayğacının yenisi ilə əvəz edilməsi, çıxarılan elektrik sayğacının yaddaşının laboratoriya şəraitində oxunaraq rəy verilməsi tələb olunmuşdur.

16. İş materiallarına əlavə edilmiş cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 12 aprel 2022-ci il tarixli 012038 nömrəli aktdan görünür ki, ******* nömrəli “Viko” tipli elektrin hesabat sayğacına baxış keçirilən zaman həmin sayğacın ekranında “MAQA” işarəsinin yazıldığı qeyd edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq elektrik hesabat sayğacının laboratoriya şəraitində yoxlanılması və sayğacın yaddaşının kompüter vasitəsi ilə oxunaraq rəy verilməsi tələb olunmuşdur.

17. İddia ərizəsinə əlavə edilmiş sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə xx.xx.2023-cü il tarixli 245139 nömrəli aktdan görünür ki, 012038 nömrəli və 042340 nömrəli aktlara əsasən ******* nömrəli “Viko” tipli sayğac 25716980 nömrəli “Lun” tipli sayğac ilə əvəz olunmuşdur.

18. Məhkəməyə təqdim edilən sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 002696 nömrəli xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cavabdehin Laboratoriya Mərkəzinin müvafiq komissiyası ******* nömrəli sayğacın möhürünün normal olduğunu, lakin proqram təminatı oxunan zaman xx.xx.2021-ci il saat 17:30-da və xx.xx.2022-ci il saat 16:30-da sayğacın daxil qüsur nəticəsində normadan yüksək yük hiss edib onu sərfiyyat kimi qeyd etdiyini, sayğacın yarasız olduğunu qeyd etmişlər.

19. İddia ərizəsinə əlavə edilmiş hesab-ödəniş vərəqlərindən görünür ki, enerji sərfiyyatı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 124,65 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 77,94 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 124,11 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək 59,29 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 185,68 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2207,04 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 309,10 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 195,58 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 237,71 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 590,26 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.02022-ci il tarixədək 257,29 manat təşkil etmişdir.

20. Məhkəməyə təqdim edilən iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, xx.xx.2017-ci il tarixdə quraşdırılmış ******* nömrəli “Viko” tipli sayğac, xx.xx.2022-ci il tarixdə 25716980 nömrəli “Lun” tipli sayğacla əvəz edilmişdir. Həmçinin görünür ki, elektrik enerjisi sərfiyyatına görə xx.xx.2021- xx.xx.2021-ci il tarixləri əhatə edən 29 günlük hesabat dövrü üçün 184,8 manat, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən 32 günlük hesabat dövrü üçün 2166,12 manat məbləğində ödənilməli borc abunə haqqında məlumatda əks olunmuşdur.

21. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixə təqdim edilmiş abunə haqqında məlumatdan görünür ki, çap tarixinə ödənilməmiş 3524,75 manat borc mövcuddur.

22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında cavabdehin əməkdaşları 24 mart 2022-ci il tarixdə obyektə baxış keçirmiş, ******* nömrəli “Viko” tipli elektrik sayğacının göstəricisində irəliyə doğru sıçrayışın olduğu müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Daha sonra 12 aprel 2022-ci il tarixdə sayğaca yenidən baxış keçirilmiş, sayğacın ekranında “MAQA” işarəsinin yazıldığı qeyd edilmiş və bu barədə akt tərtib edilmişdir. ******* nömrəli “Viko” tipli sayğac nasazlığı ilə bağlı xx.xx.2022-ci il tarixdə qablaşdırılaraq cavabdehin Laboratoriya Mərkəzinə göndərilmiş, həmin mərkəzdə müvafiq komissiyanın yoxlamasından keçmiş və adıçəkilən sayğacın xx.xx.2021-ci il saat 17:30-da və xx.xx.2022-ci il saat 16:30-da daxil qüsur nəticəsində normadan yüksək yük hiss edərək sərfiyyat kimi qeydə aldığı aşkar edilmiş, sayğacın yarasız olduğu qeyd edilmişdir.

23. Eyni zamanda məhkəmə müəyyən edir ki, istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün təqdim olunan hesab-ödəniş vərəqəsi ilə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən 32 günlük hesabat dövrü üçün 2207,04 manat məbləğ borc hesablansa da, həmin məbləğdən elektrik enerjisi itkiləri və s. çıxıldıqdan sonra abunə haqqında məlumata ödənilməli borc məbləği 2166,12 manat kimi daxil edilmişdir.

24. İddiaçı əsassız hesablanmış 2207,04 manat məbləğində borcun silinməsini tələb edir.

25. Cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş edir.

26. Məhkəmə işin müəyyən olunmuş halların uyğun hüquq normalarını seçərək tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. Azərbaycan Respublikasında elektrik və istilik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının, alqı-satqısının və istehlakının hüquqi əsaslarını “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Elektroenergetika haqqında” Qanun) müəyyən edir. Həmçinin həmin Qanunun əsas məqsədi ətraf mühitə qayğı göstərərək sosial iqtisadi cəhətdən enerjinin istehsalını və istehlakçının marağına uyğun olaraq enerji bazarına çıxarılmasını təmin etməklə enerji resurslarından səmərəli istifadə etmək və enerji effektivliyinə nail olmaqdır.

28. “Elektroenergetika haqqında” Qanunun 3-cü maddəsinə görə, elektrik və istilik enerjisi ilə təchizatın subyektləri qismində o cümlədən enerji təchizatı müəssisələri və enerji islehlakçıları çıxış edir.

29. Həmin Qanunun 11-ci maddəsinə əsasən, elektrik və istilik enerjisinin alqısatqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Həmçinin müqavilələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən elektrik enerjisindən istifadə qaydalarına və istilik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

31. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

32. Göründüyü kimi, elektroenergetika qanunvericiliyi müvafiq enerjinin istehlakçının marağına uyğun olaraq bazara çıxarılmasını müəyyən etməklə, həmin məqsədin realizəsi üçün müvafiq mexanizmlər də - elektrik enerjisinə görə hesablaşmaların uçot cihazları vasitəsi ilə aparılması, hesablaşma dövrünün bir ay qəbul olunması, elektrik enerjisinin dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanması və s. nəzərdə tutmuşdur. Eləcə də istehlakçının təqsiri olmadan uçotun müvəqqəti pozulması halında təbii inhisar subyekti olan "xxxx" ASC ilə istehlakçı arasında elektrik enerjisi sərfinin hesabatının aparılmasının müvafiq qaydası da müəyyən edilmişdir.

33. Belə ki, Qaydaların 8.16-cı bəndində göstərilmişdir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

34. Məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış müvafiq məbləğin sayğacdakı qüsur nəticəsində əmələ gəldiyi cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 24 mart 2022-ci il tarixli 042340 nömrəli aktla və 002696 nömrəli xx.xx.2022-ci il tarixli protokolla təsdiq olunsa da, heç bir sənəddə həmin qüsurun istehlakçının təqsiri nəticəsində yarandığı qeyd edilməmiş, əksinə cavabdehin Laboratoriya Mərkəzində müvafiq komissiyanın tərtib etdiyi protokolda sayğacın möhürünün normal olduğu qeyd edilmişdir. Eyni zamanda hazırkı mübahisəyə baxılarkən də cavabdeh etirazında belə bir əsas qeyd etməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu isə onun göstərir ki, sayğacda müvafiq hesablamanın aparılmasında xəta yaranmasına səbəb olan qüsur hər hansı kənar müdaxilə nəticəsində yaranmamış, sayğacda baş verən daxili problemlə əlaqədar olmuşdur. Bu hal müvafiq hesabat dövründə daxili qüsur nəticəsində normadan artıq yük hiss edərək onu sərfiyyat kimi qeydə alan elektrik enerjisi sayğacının göstəriciləri əsasında hesablanmış borcun mötəbər olmadığını, eləcə də həmin qüsurun istehlakçının təqsirindən asılı olmadan əmələ gəldiyini sübut edir. Belə olan halda məhkəmə hesab edir ki, uçot pozuntusu dövrü üçün Qaydaların 8.16-cı bəndinə əsasən elektrik enerjisi sərfiyyatının dəyəri hesablanmalı, enerjitəchizatı müəssisəsi tərəfindən hesablanan və abunə haqqında məlumata ödənilməli borc kimi daxil edilmiş 2166,12 manat məbləğdən həmin məbləğ çıxıldıqdan sonra qalan borc silinməlidir.

35. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən 29 günlük hesabat dövrü üçün elektrik enerjisinin sərfinə görə 184,8 manat borc hesablandığını və elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünun bir aydan artıq olmadığını nəzərə aldıqda məhkəmə qeyd edir ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən uçot pozuntusu dövrü üçün elektrik enerjisi sərfiyyatının dəyəri 191,17 manat (184,8 manat / 29 gün (elektrik enerjisinin orta gündəlik sərfi) x 30 gün (elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü)) təşkil edir.

36. xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən uçot pozuntusu dövrü üçün elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablanan dəyərinin 191,17 manat olduğunu nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, İddiaçı məxsus **********7 nömrəli abonent koduna hesablanmış 1974,95 (2166,12-191,17) manat məbləğində borc "xxxx" ASC tərəfindən silinməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı həmçinin 60 manat mediasiya xərcinin, 160 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/11-01424 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödənmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

41. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

42. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

43. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli və 24 yanvar 2023-cü il tarixli hüquqi yardım haqqında müqavilələrdən görünür ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi və iddia icraatı üçün müvafiq olaraq 60 manat və 100 manat məbəğində hüquqi yardıma görə vəkil haqqı şərtləşdirilmişdir. Məhkəməyə təqdim edilən qəbzlərlə də müvafiq olaraq 60 manat və 100 manat məbləğində pulun iddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Bakı şəhəri 8 saylı vəkil bürosuna küçürüldüyü görünür.

44. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, xx.xx.2022-ci il tarixli hüquqi yardım haqqında müqavilə müvəqqəti təminat tədbiri üzrə icraat ilə bağlı yardım göstərilməsi üçün bağlanmış müqavilə olmuşdur.

45. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

46. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

48. Məhkəmə xx.xx.2022-ci il tarixli hüquqi yardım haqqında müqavilənin müvəqqəti təminat tədbiri üzrə icraat ilə bağlı yardım göstərilməsi üçün bağlanmış müqavilə olduğunu, həmin icraatda vəkil xərci kimi ödənilmiş məbləğin iddia icraatında tutulması üçün qanuni əsasın olmadığını, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 100 manat məbləğində pulun ağlabatan olduğunu və mübahisənin əmələ gəlməsində cavabdehin mediasiya prosesində iştirak etməməsi və pretenziya məktubuna cavab verməməsinin bilavasitə rolu olduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus **********7 nömrəli abonent koduna hesablanmış 1974 (min doqquz yüz yetmiş dörd) manat 95 (doxsan beş) qəpik məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar