Məhkəmə qərarları › İş №e-2-2(113)-1112/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1112/2025

01.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1112/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinin bərpa edilərək iddiaçıya geri qaytarılması, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və hasarların sökülərək qeyri-yaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, qeyriyaşayış sahəsinin istifadəsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması, qeyriyaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinin bərpa edilərək iddiaçıya geri qaytarılması, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və hasarların sökülərək qeyri-yaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv/m olan qeyri-yaşayış sahəsinin “Gold Residence" Məhdud Məsuliyyətli tərəfindən əvvəlki vəziyyətinin bərpa edilərək iddiaçıya geri qaytarılması, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması, hasarların sökülərərək, qeyri-yaşayış sahəsinə girişçıxışın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə İddiaçı verilmiş **********49-05101- 083007 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv/m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bir neçə ay öncə Nərimanov rayonu, X6 128/130 ünvanında ərazidə qanunsuz söküntü işlərinin Cavabdeh MMC adlı tikinti şirkəti tərəfindən aparıldığı ona məlum olmuşdur. Ərazi tamamilə hasarlandığı üçün Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv/m olan qeyri-yaşayış sahəsi hasarın içində qalmışdır. Cavabdeh MMC-nin nümayəndələri binanın söküləcəyini və bu səbəbdən binanın tamamilə hasara alındığını bildirmiş, hazırda isə sökülmüşdür. Bununla bağlı mülkiyyətçi ilə razılığa gəlinməmiş, məhkəmə qaydasında mülkiyyət hüquqlarına xitam verilməmişdir. Mülkiyyətçinin qeyri-yaşayış sahəsinə tam mülkiyyət hüququ olduğu halda MMC tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestrinə baxan zaman məlum olmuşdur ki, MMC-nin həmin ərazidə tikinti və söküntü üçün icazəsi mövcud deyildir. Qeyd edilmişdir ki, bu əmlak xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı tərəfindən (tam hissə, 64 kv/m) icarəçi X2 icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair müqavilə hazırda qüvvədədir. Qeyd olunmalıdır ki, sözügedən daşınmaz əmlak - qeyri-yaşayış sahəsi hasara alınmış binanın zirzəmisində yerləşir. Binanın mülkiyyətçi ilə razılıq əldə edilmədən sökülməsi, əmlaka ediləcək müdaxilələr mülkiyyətçinin pozulan hüquqlarının bərpası imkanlarını aradan qaldıracaqdır. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyini itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Vindikasiya iddiasının qaldırılması üçün aşağıda qeyd olunan şərtlər birlikdə mövcud olmalıdır:

1. İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;

2. İddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır;

3. İddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır;

4. Başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır. Bununla da vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan əşyaya öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddianın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır. Cavabdeh şirkət AR Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəslində göstərilən tələblərə riayət etməmiş, tikintiyə başlanılması üçün hazırlıq işlərinin aparılması, tikinti meydançasının qanunsuz yaradılması, texniki şərtlər, tikinti layihəsi barədə mülkiyyətçiyə məlumat vermədən hasara alaraq söküntü işlərini aparmağa başlamışdır. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin inzibati icraat təcrübəsi göstərir ki, binaların sökülməsi ilə bağlı qərar qəbul edilməmişdən, ərazi hasarlanmamışdan əvvəl razılığa gəlmək tələb olunur, lakin cavabdeh mülkiyyətçi ilə razılıq əldə etmədən və qanunvericiliyin tələblərinə riayət etmədən söküntü işləri aparır. Həmçinin tikintiyə icazə alınması barədə reyestrdə məlumat da mövcud deyil.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 26 yanvar 2024-cü il tarixli 11 saylı sərəncamı əsasında ünvan 3 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası bir ilə yaxın davam etmiş və qəzalı olan binanın söküntüsü başa çatmışdır. Bundan başqa, sərəncamda müəyyən edilmiş ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balans saxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq”lar əldə edilmiş, ərazidə faktiki mövcud olmuş tikililərdən sakinlərin, yeni mənzil verilənə kimi başqa ünvanlara köçürülməsi Cavabdeh tərəfindən onun xərci hesabına təmin edilmişdir. Həmin ərazidə 2 yaşayış binası və digər xırda yardımçı tikililər mövcud olmuşdur. Köçürülmə və söküntü işləri mərhələli aparılmış və hər iki bina sökülmüşdür. Qeyd edilmişdir ki, iddiaçı ona məxsus əmlakı qeyri-yaşayış sahəsi kimi qeyd etmişdir. Lakin iddiaçıya məxsus əmlak qeyri-yaşayış yox, zirzəmi sahəsi olmuşdur. İddiaçıdan əmlakın texniki pasportu tələb olunsa, qeyd edilənlər öz təsdiqini tapacaqdır. Ən əsası bina qəzalı vəziyyətdə olmuş və MMC məcburiyyət vəziyyətində qalmış, ətrafdakılara təhlükə olmasın deyə, sakinləri köçürüb binanı sökmüşdür. Buna baxmayaraq, iddiaçı şəxsi maraqlarına söykənərək, zirzəmi sahəsinin yerinə əsassız olaraq, qeyri-yaşayış sahəsi tələb etmişdir. Ona görə də iddiaçının əsassız tələbləri qəbul edilməmişdir. Bu da İddiaçı ilə MMC arasında mübahisələrə yol açmışdır. Bundan sonra da İddiaçı məqsədli şəkildə MMC-nin fəaliyyətinə maneələr yaratmaqla, dolayısı ilə qazanc əldə etmək istiqamətində şikayətlərə başlamışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin ərazini zirzəmi olaraq qəbul etmirlər. Həmin əmlak ümumi bir əmlakdır və onun altı birinci mərtəbədir. Əmlakın bərpasını, bu mümkün olmadıqda isə ona bərabər şəkildə əmlak tələb edirlər. Həmin əmlak icarədə olub və yeməkxana kimi istifadə olunubdur. Çıxarışda əmlak qeyriyaşayış sahəsi kimi qeyd olunubdur.

6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək, qeyd etdi ki, qarşı tərəflə dəfələrlə danışıqlar olubdur. Texniki sənəddə həmin əmlak zirzəmi kimi qeyd olunubdur. Artıq əmlak da verilə bilər. Bina qəzalı vəziyyətdə olduğuna görə, məcburiyyətdən sökülmüşdür. Həmin əmlak da zirzəmi sahəsidir, qarşı tərəf isə qeyri-yaşayış sahəsi tələb edir. Buna görə də razılıq əldə olunmayıbdır. Həmin sahə ölçüsündə yer verilə bilər. Çıxarış veriləndə də həmin çıxarışda qeyri-yaşayış sahəsi qeyd olunacaqdır, lakin zirzəmi sahəsindən başqa əmlakın verilməsi mümkün deyildir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamın məzmunundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 4 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəfi yaşayış binalarının tikintisi üçün “Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sifarişçiyə aşağıdakılar tapşırılmışdır:

1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin;

2. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin;

3. Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin;

4. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin;

5. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin;

6. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin.

8. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X4 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 128 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında aktın məzmunundan müəyyən olunur ki, binanın texniki zirzəmisi, uzun müddət qrunt suları, içməli su və sıradan çıxmış kanalizasiya xətlərindən tökülən çirkab suları ilə dolduğundan, zirzəmiyə girişlər bağlanmış və kommunikasiya xətləri binanın xaricinə keçirilmişdir. Baxımsızlıqdan artıq yeni çəkilmiş xətlər də çürümək üzrədir. Bütün mərtəbələrdə, sanitar qovşaqlarında mərtəbəarası örtük panelləri uzun müddət içməli su və kanalizasiya sularının təsirinə məruz qaldığından qəzalı vəziyyətə düşmüşdür. Yataqxanada eyvanların əksəriyyəti bağlanaraq, otaqlara birləşdirilmişdir. Yataqxananın bütün mərtəbələrində sanitar qovşaqlarından daimi sızan kanalizasiya sularının təsiri nəticəsində binanın sağ və sol künclərində nəmişlik müşahidə olunmuşdur. Sakinlər antisanitariya vəziyyətində yaşayırlar. Bakı şəhəri, N. Nərimanov rayonu F.X.Xoyski 128 ünvanında yerləşən yataqxana binasının pilləkən qəfəsələrində, dəhlizlərdə və otaqlarda süvaqlar qopub tökülmüş və 2-3 mm enində müxtəlif istiqamətlərdə birtərəfli çatlar əmələ gəlmişdir. Bütün mərtəbələrdə dəhlizlərdə linoleum sərilmiş taxta döşəmələr, uzun müddət təmirsiz və baxımsız istismar edilmiş, damdan axan yağış suları içəri sızmış, otaqlarda suvaq qatı tökülmüş və əksər mərtəbələrdə döşəmələrdə çürüyüb çökmə vəziyyəti yaranmışdır. Mərtəbəarası və örtük panellərinin alt hissəsindəki işçi armaturlar nəmlikdən korroziyaya uğrayıb çürüyür, beton qatı eroziya uğraması nəticəsində tökülür və uçma təhlükəsi yaradır. Mərtəbələrdəki otaqlarda divarın suvağı qismən eroziyaya uğrayaraq tökülmüş, ümumi istifadədə olan qapı və pəncərələr qismən çürüyərək yararsız hala düşmüşdür. Tavanların eroziyası nəticəsində polietilenlərdən çürümüş armaturun pası və betonun hissələri su ilə birlikdə axıb töküldüyündən sakinlər mətbəxdə xörək hazırlamaq üçün polietilen pərdələrdən istifadə edirlər. Bütün sanitar qovşaqlarında, hamam və mətbəxlərdə metal borular çürümüş, suvaq qatı və üzlük plitələr yararsız vəziyyətə düşmüş, hər an bəzi konstruksiyaların deformasiyası nəticəsində sakinlərin xəsarət alma təhlükəsi yarana bilər. Binanın sanitar qovşaqlarında örtük konstruksiyalarının əksəriyyəti qəzalı vəziyyətdədir. Elektrik sistemi təhlükəli vəziyyətə düşmüş, naqillər nəm və su içərisində, üstü açıq vəziyyətdədir. Yuxarda göstərilən çatışmazlıqları nəzərə alaraq binanın texniki vəziyyəti qəzalı kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: - Sakinlər dərhal binadan köçürülməli; - Binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; - Binaya giriş qadağan edilməli və dişər lazımi tədbirlər görülməlidir.

9. Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X4 şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pospekti, 128 ünvanında yataqxana binasında baş vermiş qəza ilə əlaqədar binanın texniki vəziyyəti haqqında aktın məzmunundan müəyyən olunur ki, binanın dördüncü mərtəbəsində ümumi istifadədə olan sanitar qovşağında örtük yığma dəmir-beton panelin bir ədədi dağılaraq döşəməyə düşmüşdür. Həmin mərtəbədə və diqər mərtəbələrdə sanitar qovşaqları olan örtük panelləri təhlükəli vəziyətdədir. Həyət tərəfindən binanın sağ girişindən yuxarıda ikinci mərtəbənin pəncərəsinin boşluğunun üzərində olan dəmir-beton atmanın alt armaturlarının beton mühafizə qatı tamamilə dağılmış, işçi armaturlar korroziyaya uğramışdır. Atmanın üzərindəki xarici divarın 1,2 metr hündürlüyündə olan hissəsinin iki yerində açılış eni 15 mm olan birtərəfli pilləvari çatlar əniələ gəlmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın fasad hissəsinin suvaq qatı yararsız hala düşərək qabarmış, bəzi yerlərdə böyük sahələrlə qopub tökülmüşdür. Divarların kürsü hissəsində və yuxarı hissələrdə atmosfer sularının təsirindən nəmlənmiş divar hörgüsünün tikişlərində sementgum məhlulu keyfiyyətini itirmiş və hətta tikişlərdə bitkilərin göyərməsi müşahidə olunur. Eyvanların Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pospekti, 128 ünvanında yataqxana binasında baş vermiş qəza ilə əlaqədar binanın texniki vəziyyəti haqqında ətraflarının bağlanması binanın yükdaşıyan xarici divarlarının əlavə yüklənməsinə səbəb olmuş və bəzi yerlərində çatlar əmələ gəlmişdir. Bütün mərtəbələrin dəhliz hissəsində taxta döşəmələr dağılmış və istismar üçün yararsız hala düşmüşdür. Bütün mərtəbələrdə binanın ümumi istifadədə olan sanitar qovşaqlarında, əl-üz yuyulan otaqlarda dam örtüyündən sızan atmosfer sularının və həmçinin şəbəkə sularının təsirindən boşluqlu yığma dəmir-beton örtük panellərinin boşluqlarının bir hissəsi dağılmış, digər panellərin işçi armaturlarının beton mühafizə qatı uzunluğu boyu böyük sahələrdə qopub tökülmüş və armaturları korroziyaya uğrayaraq qəzalı vəziyyətə düşmüşdür. Binanın xarici divarlarında kommunikasiya xətlərinin (elektrik.su, kanalizasiya) tikinti norma və qaydalarına əməl olunmadan xaotik şəkildə çəkilməsi sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Qeyd etmək lazımdır ki, həmin binanın texniki vəziyyəti barədə xx.xx.2020-ci il tarixdə institutun mütəxəssisləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Həmin aktda bina texniki cəhətdən qəzalı qiymətləndirilmişdir. Bina qəza vəziyyətindədir və istismar üçün təhlükəlidir. Bununla əlagədar olaraq aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: - Binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə onlar köçürülməli; - Binaya daxil olan kommunikasiya xətlərinin (işıq, su və qaz) fəaliyyəti dayandırılmalı; - Binanın ətrafı çəpərlənməli; - Binaya giriş məhdudlaşdırılmalı və digər lazımi tədbirlər görülməlidir.

10. İş materiallarına fotoşəkillər əlavə edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 130 ünvanında yerləşən, ümumi sahəsi 64 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu ildir.

12. İş materiallarına "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş qəbz əlavə edilmişdir. Qəbzlərin məzmunundan müəyyən olunur ki, Əbdürrəhmanlı Rəşad tərəfindən İddiaçı bank hesabına xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində 500 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4.-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı; 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindəndir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 4 ünvanlarında, yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəfi yaşayış binalarının tikintisi üçün “Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Həmin sərəncamın icrası çərçivəsində qəzalı olan binanların söküntüsü başa çatmış və sakinlər köçürülmüşdür. Müvafiq olaraq iddiaçının əmlakı da sökülmüşdür. Binalar qəzalı və istismar üçün təhlükəli olmuşdur. Belə ki, həmin halın mövcudluğu Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və X4 şöbəsi tərəfindən tərtib edilmiş aktlardan müəyyən olunur. Aktlarda binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə onların köçürülməli, binanın ətrafının çəpərlənməli, binaya girişin məhdudlaşdırılmalı və digər təxirəsalınmaz lazımi tədbirlərin həyata keçirilməli olduğu qeyd olunmuşdur.

16. İddia tələbi iddiaçının mülkiyyətində olan qeyd olunan ünvanda yerləşən 64 kv/m sahəsi olan qeyri-yaşayış sahəsinin “Gold Residence" Məhdud Məsuliyyətli tərəfindən əvvəlki vəziyyətinin bərpa edilərək iddiaçıya geri qaytarılması, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması, hasarların sökülərərək, qeyriyaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsindən ibarətdir.

17. Beləliklə, iddiaçı iddia tələbində məhz sökülmüş əmlakın əvvəlki vəziyyətinin bərpa olunaraq, iddiaçıya geri qaytarılması, hasarların sökülərərək, qeyri-yaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsi və s. tələblər irəli sürür. İddiaçının nümayəndəsi və vəkili hazırlıq iclaslarının gedişində məhkəmə ünvanladığı ərizəsində bildirmişdir ki, iddia tələbi artırılmayacaq, azaldılmayacaq, əsası, predmeti dəyişdirilməyəcək və bunun nəzərə alınması xahiş olunmuşdur. Məhkəmənin qənaətinə əsasən isə hazırkı iddia təmin oluna bilməz. Belə ki, sökülmüş əmlakın əvvəlki vəziyyətinin bərpa olunaraq, iddiaçıya geri qaytarılması, hasarların sökülərərək, qeyri-yaşayış sahəsinə giriş-çıxışın bərpa edilməsi yuxarıda qeyd olunan səbəblərə görə mümkün deyil. Hesab olunur ki, nümayəndəyə oxşar iddiaların hansı məzmunda irəli sürülməsi bəlli olmuşdür (özünün təqdim etdiyi qətnamələrə əsasən).

18. Eyni zamanda məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının müdafiəsi qanunvericilin əsas prinsiplərindən biridir və İddiaçı əmlakının əvəzində başqa əmlakla təmin olunmaq yaxud kompensasiya almaq hüququnu özündə saxlayır və mübahisə yaranarsa, müvafiq tələblərlə məhkəməyə müraciət etmək hüququna malikdir.

19. Eləcə də, iddiaçı ərizəsində Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmiş və vindikasiya iddiasının qaldırılması üçün şərtlərə istinad etmiş və həmin şərtlərdən biri kimi iddiaçının sahibliyindən çıxmış əmlakın başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olması şərtini göstərmişdir. Halbuki, həmin şərt mövcud olmamışdır.

20. Yuxarıda qeyd olunanlara əsasən, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar