Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1266/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.09.2019-cu il tarixli, ******* nömrəli və 11.04.2019-cu il tarixli, MSK-29/1640- 00497-67 nömrəli aktların ləğv edilməsi, yeni sayğacın quraşdırılması üçün ödənilmiş 248 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23 may 2016-cı il tarixli “İstehlahkçının qaz təsərrüfatının inventar Aktı”na əsasən qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmiş, xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr. 69C ünvanına G-4 “İtron” markalı smart tipli, 1002AQ**********9 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı qeyd edilən əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 13 fevral 2019-cu il tarixində cavabdehin əməkdaşları tərəfindən qeyd edilən sayğac ******* nömrəli AKT əsasında sökülərək aparılmışdır. Sayğac sökülən zaman sayğac quraşdırılarkən vurulmuş 00786603 nömrəli plomb sayğacın üzərində olmuşdur. Cavabdeh İB qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi E.Quliyev tərəfindən imzalanmış MSK- 29/1640-00497-67 nömrəli, 11 aprel 2019-cu il tarixili AKT əsasında “guya sayğaca müdaxilə olduğu üçün sayğacın dəyərinin ödənilməsi” müəyyənləşdirilmişdir. 19 sentyabr 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” əsasında 4680 m3 həcmində itirilmiş qaz hesablanmışdır ki, bunun da əsasında 936 manat cərimə tətbiq edilmişdir. Havaların soyuq keçməsi səbəbindən obyektə mavi qaz verilsin deyə sayğac üçün 247.68 manat (iki yüz qırx yeddi manat altmış səkkiz qəpik) pul ödənilmişdir. Sayğac quraşdırıldıqdan sonra smart kart almaq üçün müraciət etdikdə “cərimə ödənilməmiş smart kart verilməyəcəyini bildirdilər”. Bu səbəbdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarımızın bərpa olunması, ödəməli olmadığımız halda ödədiyimiz məbləğin geri qaytarılması və hesablanmış cərimənin ləğv edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 936 manat cərimə məbləğinin silinməsi və yeni sayğacın quraşdırılması üçün iddiaçı tərəfindən ödənilmiş 248 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, 06.05.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 19.09.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı MMC-nin kommersiya fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilmiş və sayğacda Alarm-1 rejimi aşkar edildiyi qeydə alınmışdır. - Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı MMC, ünvan Yasamal rayonu, Tibilisi prospekti 49, fəaliyyət növü kommersiya, abonent kodu **********0000, aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 11.04.2016-cu il tarixli 29/1640- 00497-67 nömrəli aktına əsasən G-4 MARKALİ 1002AQ**********9 nömrəli sayğacda Alarm-1 rejimi aşkar olunmuşdur. İcra olunacaq tədbirlər: Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericliyə uyğun müvafiq tədbirlər icra edilsin. Dəymiş ziyan həcminin hesablanması: Qaz işlədicilərindən Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub metr orta günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin (2.6x20x90=4680 m3) ödənilməsi qeyd olunmuşdur. Əsas: 19.09.2019-cu il tarixli ******* nömrəli akt. - İş materiallarına əlavə edilmiş Abonenetin saldosundan görünür ki, abonent kodu **********00000 olan İddiaçı MMC-yə aktlar üzrə 2019-cu ilin sentyabr ayında 936 manat borc hesablandığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, bu zaman Alarm-1 rejimi müəyyən edilərək eyni tarixli akt tərtib edilmişdir. Akt əsasında abonentə 936 manat borc yazılmışdır. Eyni zamanda qeyd olunan obyektə yeni sayğac quraşdırlmışdır iddiaçıdan həmin sayğaçın dəyəri tutulmuşdur. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçıya obyektə baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, 13.03.2019-cu il tarixdə iddiaçının istifadəsində olan obyektə xidmət edən qaz sayğacında Alarm-1 rejimi aşkar olunması əsas gətirilərək akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyekt qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin akt əsasında abonentə artıq hesablanmış 936 manat cərimə borcu abonent hesabından silinməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin sayğacın quraşdırılması üçün ödənilmiş 248 manat pul vəsaitinin qaytarılmasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş müxtəlif ödəniş qəbzlərinin olmasına baxmayaraq həmin ödənişlərin təyinatını qeyd olunan qəbzlərlə müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsmunu tələb etmədiyindən, ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin abonent hesabına (abonent kodu **********00000) akt əsasında hesablanmış 936 (doqquz yüz otuz altı) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin abonent hesabına (abonent kodu **********00000) akt əsasında hesablanmış 936 (doqquz yüz otuz altı) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1266/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1266/2021
06.05.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver