Məhkəmə qərarları › İş №e-2-2(113)-1322/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1322/2024

24.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1322/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70.484,58 manat əsas borc, 410 manat mediasiya sessiyası üçün ödənilmiş vəsait, 7.100 manat hüquqi yardım üçün xərclənmiş məbləğ, 344 manat ödənilmiş dövlət rüsumu, cəmi 78.338,58 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı (sədrlik edən hakim X1) qətnaməsi ilə cavabdeh hüquqqi şəxsin iddiası qismən təmin edilərəkümumilikdə 143.079,6 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat ödənilməsi qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İddiaçı hələ məhkəmə baxışı zamanı mübahisəli məbləği ödəməyə başlamış, lakin Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulmuşdur. Cavabdeh təşkilat Cavabdeh MMC-i ödəmənin artıq olması və yuxarıda göstərilən məbləğin onlara qətiyyən aid etmədiyini bilsə də, qaytarmaqdan imtina etmiş, halbuki, dəfələrlə bu barədə müraciətlər olunmuş və danışıqlar aparılmışdır.

3. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə edərək, İddiaçı MMC-dən əldən çıxmış fayda olaraq 40000 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 8390 manat, ümumilikdə 48390 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 236 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavilə əsasında qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən İddiaçı MMC-nin "xxxx" MMC-nə 137.888,99 manat əsas məbləğ üzrə və 23854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Bu səbəbdən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-dən 161743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 172525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, daha dəqiq desək xx.xx.2021-ci il tarixdə İddiaçı MMC tərəfindən 29445,4 manat ödəniş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-317/2022 saylı, 27 yanvar 2022-ci il tarixli Qətnaməsi ilə İddiaçı MMC-dən 132297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsinin aşağıdan 2-ci abzasında da göstərilmişdir ki, “Bundan başqa, məhkəmə qeyd edir ki, göstərilən borc məbləğindən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, borc məbləğindən qalan 132297,6 (161743-29445,4) manat cavabdehdən tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir”. Bütün digər ödənişlər müqavilə və məhkəmə qərarı əsasında həyata keçirilmiş, həyata keçirilmiş ödənişlər məhkəmə tərəfindən nəzərə alınmışdır. İddiaçı MMC tərəfindən hər hansı bir artıq ödəmə həyata keçirilməmişdir. İcra sənədi üzrə İddiaçı MMC tərəfindən ödəniş 01 mart 2023-cü il tarixdə 69913 manat və 07 iyul 2023-cü il tarixdə 73549 manat olmaqla həyata keçirilmişdir. Halbuki, bu ödənişlər hələ 10 iyun 2020-ci il tarixdə həyata keçirilməli idi. Başqa sözlərlə qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və pul məbləğinin ödənilməsini gecikdirmişdir. Məhkəmə Qərarının 27 yanvar 2022-ci il tarixdə qəbul edilməsini, həmin tarixə qədər illik 5% olmaqla 10782 manat məbləğində pul vəsaitinin tutulmasını nəzərə alaraq, hesab edirlər ki, 27 yanvar 2022-ci il tarixdən 01 mart 2023-cü il tarixinə qədər 1 il 1 ay olmaqla 132297 manatın illik 5%-i həcmində, yəni 7165 manat və 01 mart 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixinə qədər 4 ay olmaqla 73549 manatın illik 5%-i həcmində, yəni 1225 manat, ümumilikdə 8390 manat İddiaçı MMC-dən tutularaq, "xxxx" MMC-nə ödənilməlidir.

5. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında imzalanan müqaviləyə əsasən gürülmüş işə görə müəyyən edilmiş tarixdə ödəniş etməli idilər. Ödənişi gecikdirdiyimizə görə Qanunvericiliyin tələblərinə əsasən cərimə də ödəmiş və cavabdehə məsrəflər də köçürmüşlər. Yəni borcdan əlavə vəsait onlardan tutulmuş və həmin məhkəmə qərarı qüvvəyə minərək preyudisial sənədə çevrilmişdir. Artıq ödəmənin günahkarı Bakı şəhəri Suraxan rayon icra şöbəsidir. Cavabdehə artıq ödənilmiş 70.484 manatın onlardan alınması yalnız Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmurunun səhvi nəticəsində baş vermişdir və burada hansısa borc əvəzinin ödənilməsi söhbətindən gedə bilməz. Məhkəmə qərarında da inkasso sərəncamında da göstərilən məbləğ tutulan məbləğdən 70.484 manat azdır.

İİ. Tərəflərin mövqeləri

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Çıraqov ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Suraxanı Rayon İcra Şöbəsində onların borclu olduqları onlarla icra sənədi vardır. Lakin məhz bu icra sənədi üzrə tərəflərindən iddiaçıya 70.484,58 manat pul artıq ödənilmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Əhmədov qarşılıqlı iddia ərizəsini müdafiə edib qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Suraxanı Rayon İcra Şöbəsi tərəfindən onlara daxil olmuş vəsaitlərlə bağlı məhkəməyə hesabdan çıxarış təqdim edilmişdir. İddiaçı tərəfindən cavabdehə artıq ödənişin edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin:

11. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

15. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə iddia qismən təmin edilmiş, İddiaçı MMC-dən 132297,6 manat məbləğində pul, gecikdirilmiş müddət üçün illik 5 faizlə hesablanmış 10782 manat, 383,56 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.

17. Cavabdehə məxsus hesabdan çıxarışa əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)- 317/2022 saylı icra sənədi üzrə cavabdehə xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat məbləğində vəsait ödənilmişdir.

18. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə iddiaçının bank hesablarındakı pul vəsaitləri üzərinə 153505,58 manat inkasso sərəncamı qoyulmuşdur.

19. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması haqqında qərara əsasən borclu iddiaçıdan Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə 10042 manat icra ödənişi tutulmalıdır.

20. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə borclu iddiaçı tərəfindən 79000 manat pul tələbkar cavabdehə ödənilmiş, icra hərəkətləri davam etdirilir.

21. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə icraata xitam verilmişdir.

22. "xxxx" ASC-nin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra şöbəsinin xx.xx.2023-cü il tarixli inkasso sərəncamı qismən icra edilərək icra şöbəsinə geri qaytarılır.

23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilməməlidir.

24. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır.

25. Hazırkı işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur:

26. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə ümumilikdə 143463,16 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməli olması;

27. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə icraata borcun tam şəkildə ödənilməsi səbəbindən xx.xx.2023-cü il tarixdə xitam verilməsi.

28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin icra sənədi üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat, ümumilikdə 143463,16 manat məbləğində vəsait ödənilmişdir.

29. İlk iddia ərizəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qətnaməsində göstərilən məbləğdən 70.484,58 manat artıq vəsait tutulması göstərilsə də, cavabdehə məxsus hesabdan çıxarışa əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi üzrə cavabdehə xx.xx.2023-cü il tarixdə 69913,54 manat və xx.xx.2023-cü il tarixdə 73549,62 manat məbləğində vəsait ödənilmişdir.

30. Cavabdeh tərəfindən məhkəməyə icra sənədi üzrə göstərilən məbləğdən artıq ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir.

31. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məhkəmə icraatı dövründə edilmiş ümumilikdə 29445,40 manat məbləğində ödəniş tələb edilən əsas borcdan çıxılmış, iddia tələbi bu səbəbdən qismən təmin edilmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi əsassızdır və təmin edilməməlidir.

33. Məhkəmə qarşılıqlı iddia tələbinin birinci, 40000 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

36. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

37. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

38. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

39. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

40. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

43. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

44. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

45. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

48. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

49. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əldən çıxamış faydanın tələb edilməsi hisəsində əsassızdır və təmin edilməməlidir.

50. Məhkəmə qarşılıqlı iddia ərizəsini ikinci, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 8390 manat pulun tutulması hissəsində də əsassız hesab edir.

51. Materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı qətnaməsi cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli e-2-2(113)-317/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, icra sənədi iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir.

52. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.

53. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyindən iş üzrə çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar