Məhkəmə qərarları › İş №e-2-2(113)-1380/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1380/2022

04.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1380/2022 04.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı nümayəndəsi (direktoru) Sergio Purinin, Cavabdeh nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçıya məxsus və cəmi dəyəri 676956.51 ABŞ dollar olan İtaliya və Avropa istehsalı park salınması üçün mal-materialların cavabdehdən alınaraq iddiaçıya verilməsi, 966 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçıya məxsus və cəmi dəyəri 676956.51 ABŞ dollar olan İtaliya və Avropa istehsalı park salınması üçün mal-materialların cavabdehdən alınaraq iddiaçıya verilməsi, 966 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02.10.2017 - 01.03.2018-ci il tarixlərdə iddiaçı Azərbaycana idxal etdiyi və cəmi dəyəri 676956.51 ABŞ dolları olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif mal-materialları idxal etmişdir. Həmin malmateriallar bu iddianın predmetidir və iddianın qiyməti 676956.51 ABŞ dolları (Mərkəzi bankın rəsmi məzənnəsi ilə 1150826,067 manat) olaraq müəyyən edilir. Həmin malmateriallar İddiaçı tərəfindən Moldova Respublikasının “Landsaftul Verde” SRL şirkəti ilə bağlanmış 20.11.2017-ci il tarixli, “Gran Decor” şirkəti ilə bağlanmış 02.10.2017-ci il tarixli və “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə bağlanmış 01.03.2018-ci il tarixli alqı-satqı müqavilələr üzrə alınıb Azərbaycana idxal olunmuşdur. Sözü gedən malmaterialların İddiaçı tərəfindən idxalı Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən 01.09.2017 - 01.09.2018 dövrü ərzində İdxal əməliyyatları haqqında məlumatla təsdiqlənir. Mal-materialların idxalına görə vergilərin ödənilməsi İddiaçının Vergilər Departamenti sistemindəki şəxsi hesab vərəqəsi ilə təsdiqlənir. Bu mal-materiallar iddiaçının mülkiyyəti olmaqla onun balansındadır. Lakin, sözü gedən mal-materiallar hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehə iddiaçıya məxsus həmin mal-materialların qaytarılmasına dair 12.11.2021-ci il tarixli pretenziya göndərilmişdir. Lakin, cavabdeh qeyd olunan mal-materialları iddiaçıya qaytarmır və bu səbəbdən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması mümkün olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında 26.01.2022-ci il tarixdə mediasiya sessiyası keçirilmişdir. Sessiyada iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinin təmin olunmasından imtina etdi və beləliklə mübahisəni mediasiya yolu ilə həll etmək mümkün olmadı. Bu Bakı 2 saylı Mediasiya Təşkilatının MŞB/2-00097 saylı 26.01.2022-ci il tarixli arayışla təsdiqlənir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (direktoru) Sergio Purin məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, hazırda mübahisə gedən mal və materiallar ona məxsusdur. Həmin mal və materialları müqavilə əsasında xarici şirkətlərdən almış və Azərbaycana gətirmişdir. Mal və materiallar təhvil verilən zaman müqavilənin olmadığını bildirmiş, ona demişlər ki, “malları gördükdən sonra əmin ola bilərsiz ki, pulunuz ödəniləcək”, qarşısında olan şəxsin kifayət qədər nüfuzlu şəxs olduğu üçün onlara inanmışdır. Həmin mal materiallar kifayət qədər böyük lüstur və yerə vurulan mərmər olduğu üçün onları qarşı tərəfin belə yerində baxıb yoxlaması mümkün deyildir. Ona yenidən ödənişlə bağlı problemi olmayacağını bildirmişlər. Sonradan "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti ilə cavabdeh şirkətin arasında mübahisə olmuş, həmin mübahisə ilə iddiaçının heç bir əlaqəsi yox idi. Çünki mal və materialların xidmət hissəsini onlar, təchizat hissəsini isə iddiaçı görürdü. İddiaçının həmin mübahisə ilə bağlı heç bir əlaqəsi olmamasına baxmayaraq qurban iddiaçı olmuşdur. 3 il ərzində bugün sabah deyə-deyə ona bir kagız imzalatmışlar ki, heç olmasa 450.000 pulun geri qaytara bilə, amma ondan da heç bir xəbər çıxmamış və ödənişlə bağlı heç bir yenilik olmamışdır. Danışıqlar üçün əlindən gələni etmiş, lakin heç bir faydası olmamış və sonda mal və materialların geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçının nümayəndəsi (direktoru) iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, həmin mallar hazırda cavabdehdədir. Cavabdehin "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti ilə müqaviləsi olmuş, müqavilə dəyəri 6 milyondan çox pul olmuşdur. Həmin müqavilə özü özlüyündə iki hissədən ibarət olmaqla mal və materialların təchiz olunması və podrat işlərin görülməsi idi. Hazırda mübahisəsi gedən mallar "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti tərəfindən digər mallarla birlikdə cavabdehə gətirib təhvil verilmişdir. Onlar müqaviləyə baxdıqda görmüşlər ki, həmin malları Azərbaycana müqavilə bağladığı şirkət deyil, başqa bir şirkət gətirmişdir. Bu barədə "Paghera Green Service Societa Agricola S.R.L." şirkətindən soruşduqda adı qeyd olunan şirkətin onların broker şirkəti olduğunu bildirmişdir. Hansı ki, malın istehsalçısına baxdıqda görünür ki, istehsalçı şirkət "Paghera Green Service Societa Agricola S.R.L." şirkətidir. Onlar da cavabdehə həmin malları istehsal edən şirkətin özləri olduğunu və iddiaçının həmin malları Azərbaycana idxal edən şirkət olduğunu bildirmişlər. Bu aktda qeyd edilmiş və onlar öhdəliklərinə götürmüşlər ki, malın istehsalçısı özləridir, iddiaçı tərəfindən həmin mallar onlara təqdim olunmuş və həmin mallara onların tam hüququ olduğu üçün həmin malı cavabdehə təhvil vermişlər. Həmin malların bütün gömrük bəyannamələri, sənədləri hamısı yerində olduğu üçün cavabdeh malı təhvil almış, sənədləri imzalamış, pulu da ödəmişdir. Yəni pulun bir hissəsini əvvəlcədən ödəmiş, bir hissəsini də sonradan ödəmişdir. Daha sonra cavabdehlə "Paghera Green Service Societa Agricola S.R.L." şirkəti podrat işlərini vaxtında görüb çatdırmadıqları üçün aralarında mübahisə olmuş və müqaviləni pozmuşlar. Daha sonra iddiaçı cavabdehə müraciət edərək cavabdehin "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə pulu ödəmədiyini və buna görə də "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinin onlara pulu ödəmədiyini bildirmiş, köməklik etməyi xahiş etmişlər. "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinin özünün cavabdehə 600000 manat borcu olduğunu, hələ də ödəmədiklərini bildirmiş, pullarını "Paghera Green Service Societa Agricola S.R.L." şirkətindən tələb etmələrini bildirmişdir. Cavabdeh pretenziya məktublarına da əsaslı cavab verərək bildirmişdir ki, bu malları "Paghera Green Service Societa Agricola S.R.L." şirkətindən almışdır, pretenziya məktublarını onlara ünvanlayın. Onlar yenə də cavabdehi məhkəməyə vermişlər. Hesab edir ki, iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı MMC (alıcı) ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (satıcı) arasında bağlanılmış 01.03.2018-ci il tarixli 01/18-İTA saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərlən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC (alıcı) ilə “Grand Decor" şirkəti (satıcı) arasında bağlanılmış 02.10.2017-ci il tarixli 01/18-İTA saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərlən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür Bakı Apellyasiya Məhkəməsinin 05.11.2021-ci il tarixli 2-2(103)-972/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "Green Yard” MMC cavabdeh "X7 İsteyts Limited” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X7 İsteyts Limited” MMC-dən 1.100.000 avro və 208.953,23 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tarixli e-2-2(113)-1102/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1102/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının qanuni təmsilçisinin, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 05.11.2021-ci il tarixli 2-2(103)-972/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "Green Yard” MMC cavabdeh "X7 İsteyts Limited” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X7 İsteyts Limited” MMC-dən 1.100.000 avro və 208.953,23 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tarixli e-2- 2(113)-1102/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1102/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. İş materiallarında olan sənədlər əsasında yalnız "Green Yard” MMC ilə "Paghera Green Service Societa Agricola S.R.L" şirkəti, eyni zamanda "Green Yard” MMC ilə "Grand Decor" şirkəti arasında, həmçinin "X7 İsteyts Limited" MMC ilə "Paghera Green Service Societa Agricola S.R.L" şirkəti arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. "Green Yard” MMC ilə "X7 İsteyts Limited" MMC arasında isə hər hansı müqavilə münasibətləri mövcud olmayıb və iddiaçı özü də "X7 İsteyts Limited" MMC ilə arasında hər hansı müqavilənin bağlanmadığını bildirir. İddiaçı tərəfindən yazılmış məktubda göstərilmişdir ki, o, cəmi satış dəyəri 1.100.000 Avro olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif malmaterialları idxal etmiş və "X7 İsteyts Limited" MMC-yə deyil, "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə verilmişdir. Beləliklə, iddiaçının özü tərəfindən yazılmış məktubla etiraf olunur ki, onun tərəfindən Azərbaycan Respublikasına idxal edilən və təqdim edilən gömrük bəyannamələrində (i/v 132-186) göstərilən mal-materiallar "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə təhvil verilmişdir. Eyni zamanda, həmin məktubun məzmunundan müəyyən olunur ki, mal-materialların dəyəri "Paghera Green Service Societa Agricola S.R.L." tərəfindən ödənilməli idi, lakin onun tərəfindən ödənilmədiyinə görə və iddiaçıda olan məlumata görə həmin mal-materiallar cavabdehə verildiyinə görə onların dəyərinin ödənilməsi cavabdehə təklif edilmişdir. “X7 İsteyts Limited" MMC (müştəri) ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (icraçı) arasında imzalanmış işlərin və malların təhvil-təslim aktının 17-ci səhifəsinin 3-cü abzasında da göstərilmişdir ki, icraçı tərəfindən müştərinin ərazisinə gətirilmiş bütün materiallar və maddi nemətlər icraçı ilə Azərbaycan şırkəti olan Green Yard arasında bağlanmış mülki müqavilələr əsasında Green Yardın adına import olunmuş (Azərbaycan Respublikasına gətirilmiş) və gömrük rəsmiləşdirilməsindən keçmiş və icraçının həmin maddi nemətlərə hüquqları olmuşdur. Göründüyü kimi cavabdeh həmin mal-materialları iddiaçıdan deyil, “Paghera Green Service Societa Agricola S.R.L" şirkətindən və onlar arasında olan müqavilə əsasında təhvil almışdır. Belə olan halda isə həmin malmaterialların cavabdehin sahibliyinə keçirilməsi üçün müqavilə əsası olmuş və bu da, əsassız varlanmanı istisna edir. Eyni zamanda, yalnız həmin mal-materialların iddiaçının adına idxal edilməsi faktı cavabdehin iddiaçının hesabına əsasız varlanması anlamına gəlmir. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçının özünün etirafına görə o, malmaterialları idxal etdikdən sonra onları "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə təhvil vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnamələri ilə müəyyən olunmuş faktlardan göründüyü kimi iddiaçının tələb etdiyi mal-materialı cavabdeh iddiaçıdan deyil, “Paghera Green Service Societa Agricola S.R.L" şirkətindən və onlar arasında olan müqavilə əsasında təhvil almışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçıya məxsus və cəmi dəyəri 676956.51 ABŞ dollar olan İtaliya və Avropa istehsalı park salınması üçün mal-materialların cavabdehdən alınaraq iddiaçıya verilməsi, 966 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar