Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1386/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «hesablanmış borcun silinməsi və s.» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının iştirakı olmadan, Cavabdehin nümayəndəsinin X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2016-cı il tarixdə H.Z.Tağıyev küçəsi 51 ünvanında yerləşən obyektə qanunsuz olaraq yazılan, məlum olmayan 2212 manat məbləğindəki akt əsasında hesablanmış cərimə borcunun silinməsi və onun köçürdüyü vəsaitdən tutulan pulların proses başa çatana qədər dayandırılması və bu günə qədər ödədiyi pullardan tutulan məbləğ hesablanaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən X4 2016-cı ilin iyun, iyul aylarında küçədə iddiaçının nəzarəti olmayan yerdə su idarəsinə məxsus su borusunun üstündə qurulmuş su sayğacı yoxa çıxmışdır. Su idarəsinə məlumat verilsə də, onlar heç bir cavab vermədən obyektə gələn su xəttini kəsib getmiş və iddiaçı suyu avtomobillə gətizdirməli olmuşdur. 2022-ci ilin əvvəllərində rayona yeni duru su xətti çəkilən vaxtlarda iddiaçı rayon su idarəsinə su xətti çəkdirmək üçün müraciət etmişdir. Cavabdeh köhnə su sayğacınin tapılması üçün polis şöbəsindən arayış gətirməyimn tələb etdilər. Salyan Rayon Polis Şöbəsinə müraciət etmiş və su sayğacı axtarışa verilmişdir. Tapılmadığı barədə Salyan Rayon Polis Şöbəsinin tədqiqatçısı T.Fərmanlı tərəfindən verilən rəsmi qərarı və məktubu su idarəsinə təqdim etmişdir. Cavabdeh ASC tərəfindən texniki baxışdan keçmiş sayğacla (dəyərini iddiaçı ödəmək şərti ilə) xx.xx.2022-ci il tarixdə obyektə yeni su sayğacı qurulmuşdur. İddiaçı 2 ilə yaxındır ki, sayğacla sudan istifadə edir. Əvvəllər suyun qiymətini bilmədiyi üçün sonradan ona məlum olmuşdur ki, onun suya köçürdüyü pulun 70 %-ni borca siliblər. Səbəbini soruşanda su idarəsindən bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən onun adına 2212 manat dəyərində akt tərtib edilmişdir. İddiaçı yazılan aktı tələb etdikdə su idarəsindən bildirmişlər ki, akt Cavabdeh ASC-dədir. xx.xx.2023-cü il tarixində Cavabdeh ASC-yə akt üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirmişlər ki, guya 2016-cı ilin iyun ayında obyektdə yoxlama aparılmış və su sayğacı olmadığı üçün 2212 manat cərimə yazılmışdır. İddiaçıya akt əvəzinə sonradan tərtib edilmiş imzası olmadan, standartlara uyğun olmayan, tarixi, nömrəsi olmayan bir cədvəl göndərilmişdir. 8 il bundan əvvəl yazılmış bu “cədvəl” əsassızdır və iddia müddətini bitirmiş bir sənəddir. “Azərsu ASC” 3 nömrəli Regional Sukanal İdarəsinin X3 xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, iddiaçı ilə bağlanan müqavilədə sözü gedən borcdan heç bir məlumat yoxdur. Cavabdehə pretenziya və iddia ərizəsi, əlavə sənədlər ona məxsus VÖENdən göndərilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ASC tərəfindən 07.07.206-cı il tarixdə H.Z.Tağıyev küçəsi 51 ünvanında yerləşən obyektə qanunsuz olaraq yazılan, məlum omayan 2212 manat məbləğindəki akt əsasında hesablanmış cərimə borcunun silinməsi və bugünə qədər ödədiyi vəsaitdən tutuln 942,55 manatın ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, cərimənin yazılmasına əsas olan aktın əslini tapıb məhkəməyə təqdim edə bilmirlər. Abonent haqqında məlumatdan görünür ki, cavabdehə cəmi satış 8336 manat göstərilmişdir. Həmin məbləğə həm akta əsasən hesablanmış cərimə, həm də ödəmədiyi su pulu daxildir. Həmin 8336 manat məbləğdən çıxanda cərimə məbləği olan 2212 manatı qalır 6124 manat. Cəmi ödəniş isə olub 7099,55 manat. Beləliklə, 7099,55 manatdan 6124 manatı çıxanda müəyyən olunur ki, iddiaçının ödənişlərindən 975 manat akta görə hesablanmış cərimə məbləğinə çıxılıb.
5. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı xx.xx.2024-cü il tarixində keçiriləcək məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alıb qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş (tarixi və nömrəsi bilinməyən) aktın surətində baxış zamanı Tağıyev küçəsində yerləşən Sevinc şadlıq sarayının su xəttinə baxış keçirildiyi, su obyektinin su sayğacının olmadığı məlum olduğu və obyektə sərfiyyat borcunun en kəsiyilə aparıldığı qeyd olunmuş və aktın imzalanması iddiaçı tərəfindən imtina edildiyi qeyd edilmişdir.
9. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkin və keyfiyyətinə görə DUİST2874-82 Dövlət Standartlarının tələblərinə uyğun məişət, içməli və istehsalat məqsədli suyun təchizatı tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir.
10. Abonent haqqında məlumatdan göründüyü kimi İddiaçı 2016 iyun ayı üzrə 2212 manat məbləğində su borcu hesablanmışdır.
11. Cavabdeh ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən ünvanda yerləşən obyektin su təchizatı və tullantı sularının qeyd edilən axıdılması xidmətlərindən istifadə görə hesabatının aparılması üçün xx.xx.2001-ci il tarixində 42456804 nömrəli müqavilə bağlanaraq, 700050 saylı abonent kodu açıldığı, müraciətinn araşdırılması zamanı xx.xx.2016-cı il tarixində sözügedən obyektin su təchizatına baxış keçirilən zaman su sayğacının olmadığı və hesabatın aparılmadığı aşkarlandığı və bu səbəbdən akt tərtib edilərək 2212 m3 olmaqla, 2212,00 manat məbləğində sərfiyyat hesablandığı bildirilmişdir. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında yaranmış borc 1354,45 manat təşkil edir. Qeyd edilən borc normativə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir.
12. 700050 saylı xx.xx.2024-cü il tarixli Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış üzləşmə aktından görünür ki, cəmi borc məbləği 1236,45 manat təşkil edir. 2212 manat – 1236 manat=976 manat.
13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda baxış zamanı Tağıyev küçəsində yerləşən Sevinc şadlıq sarayının su xəttinə baxış keçirildiyi, su obyektinin su sayğacını olmadığı məlum olduğu və obyektə sərfiyyat borcunun en kəsiyilə aparıldığı qeyd olunmuş və akt iddiaçı tərəfindən imtina edilmiş. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkin və keyfiyyətinə görə DUİST2874-82 Dövlət Standartlarının tələblərinə uyğun məişət, içməli və istehsalat məqsədli suyun təchizatı tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. Abonent haqqında məlumatdan göründüyü kimi İddiaçı 2016 iyun ayı üzrə 2212 manat məbləğində su borcu hesablanmışdır.
16. Hazırda İddiaçı ona əsassız hesablanmış 2212 manat məbləğində borcun silinməsini və həmin borca görə onun ödənişlərindən tutulmuş 942,55 manat məbləğin ona qaytarılmasını tələb edir.
17. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
18. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
19. İşin hallarından göründüyü kimi Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar (sayğac olmadan) su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) və hətta aktın əslini və ya tarixi, nömrəsi əks olunan aktın surətini belə məhkəməyə təqdim edə bilməmişdir.
20. Belə ki, məhkəməyə təqdim edilmiş akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının imzası olmadan imtina etməsi və cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
21. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
24. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
25. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
26. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
28. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
29. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
30. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
31. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
32. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
33. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
34. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2212 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
35. Bundan əlavə iddiaçıya məxsus abonent haqqında məlumatdan da göründüyü kimi iddiaçı tərəfdən istifadə etdiyi xidmətə görə 8336 manat borc yazılmış (akta görə yazılmış 2212 manat daxil olmaqla), həmin məbləğdən 2212 manat çıxarda müqavilə üzrə yaranan borc 6124 manat təşkil edir. Lakin iddiaçı tərəfindən 7099,55 manat ödəniş edilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçının ödənişlərindən 975 manat akta görə yazılmış borca silinmişdir.
36. Göründüyü kimi cavabdeh orqan ilkin olaraq qanunsuz yoxlama aparmaqla iddiaçıya 2212 manat məbləğində su borcu hesablamış və həmin borc üzrə iddiaçının ödənişlərindən tutulmalar edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 2212 manat məbləğində borc əsassız olduğundan və həmin borc üzrə tutulmuş 975 manatdan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd edilən 942,55 manat pul vəsaiti iddiaçının hesabına qaytarılmalıdır.
37. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixli akta əsasən əsassız olaraq hesablanmış 2212 (iki min iki yüz on iki) manat məbləğində borc 700050 saylı abunə hesabından silinsin və həmin borcun ödənişi qismində tutulmuş 942,55 (doqquz yüz qırx iki manat 55 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova